İranda Xubrəqan Məclisinin yeni sədri seçilib

İranda Ayətullah Məhəmməd-Rza Məhdəvi-Kəninin vəfatından sonra ayətullah Məhəmməd Yəzdi "Xubrəqan Məclisinin" sədri vəzifəsinə seçilib.
 
Maide.az xəbər verir ki,  Məclisə bu gün keçirilən seçkilərdə ayətullah Məhəmməd Yəzdi 73 səsdən 47-ni əldə edib.
 
Bildirək ki, ayətullah Yəzdi həm də İranda siyasi dairələrə təsir göstərə bilən Dini Elmi Ocaqların Müəllimləri təşkilatının sədridir.
 
Qeyd edək ki, bu mühüm səsvermədə İranın sabiq prezidenti Əli Əkbər Haşemi Rəfsəncani, Mahmud Haşemi Şahrudi və Məhəmməd Mömin də namizəd idilər. Seçkilər başladıqdan sonra M.H.Şahrudi və M.Mömin namizədliklərini geri götürüb. Ə.Haşemi Rəfsəncani isə mübarizəsini davam etdirib və 73 səsdən 24-ni toplaya bilib. 
 
İran İslam Respublikası Konstitusiyasının 107-ci maddəsinə əsasən, ölkədə ali liderin kimliyini müəyyənləşdirən, onun işinə nəzarət edən Xubrəqan Məclisi yalnız müctəhidlərdən təşkil edilib.
 
86 din alimindən ibarət olan bu quruma seçkilər səkkiz ildən bir keçirilir. Qurumun üzvləri xalq tərəfindən seçilir./
 

Google+ WhatsApp ok.ru