İranın sabiq Prezidenti Əhmədinejadın birinci müavini həbs olunub

M.Rəhimi Evin həbsxanasına göndərilib

 
İranın sabiq Prezidenti Mahmud Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhiminin haqqında çıxardılan  5 il həbs cəzası  hökmünün icrasına başlanılıb. Belə ki, M.Rəhimi Evin həbsxanasına göndərilib. 
 
Maide.az xəbər verir ki, İSNA agentliyinin məlumatına görə, Polis bu gün M.Rəhimi haqqında çıxarılan hökmün icrası üçün onun yaşadığı ünvana müraciəet edib və M.Rəhimini Evin həbsxanasına göndərib. 
 
Qeyd edək ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhimi "sui-istifadə" günahı ilə ittiham olunurdu. Məhkəməyə çıxarılan Rəhimiyə 5 il 91 gün həbs cəzası verilib. 
 
Tehran Cəza Məhkəməsi daha əvvəl Rəhimiyə 15 il həbs cəzası və 2 milyard 850 milyon İran tüməni (təxminən 826 min dollar) cəza kəsmişdi. 
Rəhimi qərara etiraz etdikdən sonra iddiaya yenidən baxılıb. Məhkəmə Rəhimi haqqındakı həbs cəzasını 15 ildən 5 il 91 günə qədər endirib.
 
Qeyd edək ki, Əhmədinejadın prezidentliyi dövründə birinci müavin işləyən Məhəmmədrza Rəhiminin adı "İran Sığorta" şirkətinin 3 milyard dollarlıq maliyyə fırıldağında hallanırdı. Hələ Rəhimi birinci müavin işlədiyi dövrdə bu məsələ ilə bağlı iş baxılmaq üçün məhkəməyə verilmişdi və məhkəmənin gedişində Prezident Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhimi, onun müşaviri İsfəndiyar Rəhimi Məşayi, Tehran valisi Murtaza Təməddün, təhsil naziri Kamran Daneşcunun adları rüşvət almaqda hallanmışdı.
 
Məhkəmənin iclasında əsas müttəhimlərdən biri bildirmişdi ki, Məhəmmədrza Rəhiminin şəxsi bank hesabına 1,5 milyard tümən (təqribən 600 min dollar) nağd pul köçürüb. 2013-cü ilin dekabr ayında Tehran Prokurorluğu bəyanat yayaraq ilk dəfə rəsmi şəkildə sabiq birinci müavin Məhəmmədrza Rəhiminin barəsində cinayət işinin açıldığını və onun girov müqabilində azadlıqda olmasını təsdiqləmişdi./

Google+ WhatsApp ok.ru