İran XİN nümayəndəsi: “Azərbaycanla İran ikitərəfli əlaqələrin inkişafında maraqlıdır”

“Azərbaycan-İran münasibətləri müxtəlif zamanlarda enişli-yoxuşlu olsa da, iki ölkə əlaqələrin inkişafında maraqlıdır və əlaqələr inkişaf etdirilir”.
 
Maide.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadıq Hüseyn Cabiri Ənsari bu gün keçirdiyi həftəlik mətbuat konfransında APA-nın iki ölkə arasındakı əlaqələrin inkişafına dair sualını cavablandırarkən deyib.
 
H. Cabiri Ənsari qeyd edib ki, iki ölkə arasında qarşılıqlı səfərlər həyata keçirilir: “Hazırda Azərbaycandan böyük nümayəndə heyəti İranda səfərdədir. Bu səfər zamanı iki ölkə arasında bəzi sənədlər imzalanacaq”.
 
Onun sözlərinə görə, Azərbaycan və İran biznesmenlərinin iştirakı ilə Tehranda və Təbrizdə müştərək seminar, konfranslar keçirəcək. H. Cabiri Ənsari qeyd edib ki, bu səfər iki ölkə arasında əlaqələrin inkişafının göstəricisidir: “Ümid edirəm ki, Azərbaycan və İran rəsmilərinin verəcəyi qərarlar nəticəsində iki ölkə arasında əlaqələr xüsusi ilə iqtisadi sahədə daha da inkişaf edəcək”. 

Google+ WhatsApp ok.ru