Rayon avtomobilləri Bakıya buraxılmadı, amma tıxaclar da azalmadı

15 sentyabrdan etibarən rayon avtomobillərinin Bakıya buraxılmaması paytaxtda avtomobil sıxlığını qarşısını almayıb.
 
Gün.Az xəbər verir ki, 2015-ci ilin 15 sentyabrından etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmaması qərarı qüvvəyə mindikdə bəzi insanları paytaxt yollarında tıxacların qarşısının alınacağına ümid bəsləyirdi.
 
Amma geridə qalan 2 ay ərzində ümidlər özünü doğrultmadı. Çünki rayondan gələn avtomobillər çox vaxt şəhərin girəcəklərində olduğu üçün şəhərdaxili yollara çox da təsiri olmurdu. Yollarda müşahidə edilən vəziyyətə əsasən demək mümkündür ki, tıxac yenə də əvvəlki vəziyyətdədir və insanlar eyni problemləri yaşamağa davam edirlər.
 
Yol polisi rəsmiləri şəhərə giriş nöqtələrində əvvəlki aylara nisbətən tıxacların yüngülləşdiyini bildirsələr də, həmin yollardan hər gün istifadə edən sürücülər və sərnişinlər bunu qətiyyətlə inkar edir.
 
Uzun illərdir taksi sürücüsü işləyən Pərviz Mahmudov bizimlə söhbətində dedi ki, hər gün rayondan Bakıya sərnişin gətirirmiş. 15 sentyabrdan etibarən qərar qüvvəyə mindikdən sonra onun işi bir müddət dayanıb:
 
“Evimə 3-5 manat çörək pulunu bu işdən qazanırdım. O qərar çıxandan sonra işsiz qaldım. Məcbur oldum maşınımı Bakı qeydiyyatında olan qohumun adına keçirtdim. Tək mən yox, tanıdığım çox taksi sürücüsü bu yola əl atdı. Yazıqlar nə etsinlər? Evlərinə, uşaqlarına çörək aparmalıdırlar, ya yox? Qeydiyyatını dəyişə bilməyənlər indi işsiz qalıb, evində ac oturub”.
 
Taksi sürücüsü deyir ki, şəhərə giriş yollarında nisbətən maşın azalsa da tıxac yenə eyni səviyyədədir:
 
“Tıxaclar təkcə maşınların sayına görə deyildi. Yollar da dardır. Sürücülərin çoxu da savadsızdır. Kim harda necə gəldi sürür. Ona görə tıxaclar yenə də var, həmişə də olacaq”.
 
Sərnişinlərin də şikayəti yenə eynidir. 15 dəqiqəlik yolu səhər və axşam saatlarında insanların işə, dərsə gedib-gəldiyi vaxtlarda yenə də 1 saata gedirlər. Bu isə deməkdir ki, qərar tıxacın azalmasına təsir göstərməyib.
 
Bəs problemin həlli nədir? Həə, bax bu çətin sualdı. Bunu illərdir hamı fikirləşir, amma hələ də problemdən çıxış yolu tapan yoxdur. Gözləyək!!! /

Google+ WhatsApp ok.ru