Rusiya Azərbaycandan gedən soğanı geri qaytarıb

Rusiya Azərbaycandan gedən soğanı geri qaytarıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycandan Dağıstana 20 320 kq soğanın keçməsinə qadağa qoyub.
 
Qurumun mətbuat xidməti xəbər verir ki, yük "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində saxlanılıb.
 
Məlumata görə, yük karantin yoxlamasından keçə bilməyib. Belə ki, soğanın tərkibində "Ambrosia artemisiifolia" adlanan təhlükəli bitki (alaq) aşkarlanıb.
 
Alağın mövcudluğunu Ümumrusiya Bitkilərin Karantini Mərkəzinin Dağıstan filialı da təsdiqləyib.
 
Rusiya tərəfinin münasibətini Meydan TV-yə şərh edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib ki, bu, birinci hal deyil və yerli mətbuat, parlamentarilər, sahibkarlar dəfələrlə narazılıqlarını ifadə ediblər:
 
"Azərbaycan-Rusiya strateji əməkdaşlığı yüksək səviyyədə olsa da, şimal ölkənin bəzi məmurları arada belə maneələr yaradırlar. Bir müddət əvvəl pomidor və meyvəylə bağlı oxşar maneə yaranmışdı. Bütün bunlara baxmayaraq Azərbaycan Rusiya bazarlarına mal çıxarda bilir".
 
Vahid Əhmədov deyir ki, bu maneçilik davamlı olacaq, çünki Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi problem yarananda müdaxilə imkanlarından istifadə edirlər: "Sadəcə, Azərbaycan-Rusiya münasibətlərinin normal olmasını istəməyən müəyyən qüvvələr təsir edə bilirlər". (meydantv)

Google+ WhatsApp ok.ru