Rusiya polisi müxalifətə qarşı reyd keçirir

Rusiya polisi müxalifətə qarşı reyd keçirir

Rusiyada polis Açıq Rusiya müxalifət qrupunun koordinatorlarının, müstəqil MBX Media onlayn nəşrinin baş redaktorunun və müstəqil bələdiyyə üzvlərinin evlərində axtarış aparır.
 
Açıq Rusiya-nın koordinatoru Tatyana Usmanova iyulun 9-da Twitter-də yazıb ki, Moskva polisi onun, bələdiyyə üzvü Yulia Galyamina və digər müstəqil bələdiyyə üzvü Konstantin Yanauskas-ın həyat yoldaşı Olga Gorelik-in mənzillərində axtarış aparır.
 
Galyamina Twitter-də yazıb ki, o evdə olmayıb, vəkili Mikhail Biryukov isə onların blokuna girə bilməyib. O, oğlunun xəstə halda evdə tək olduğunu qeyd edib.
 
MBX Media-nın məlumatına görə, Moskva polisi nəşrin baş redaktoru Sergei Prostakov-un evinə də girib. Vəkili Gennady Fyodorov-a isə axtarış zamanı müvəkkilinin evində olmağa icazə verilməyib.
 
Sibirin Tomsk şəhərində isə polis Açıq Rusiya-nın regiondakı vəkili Aleksei Pryanishnikov-un evində axtarış aparıb. Məlumatı MBX Media-ya onun həyat yoldaşı Nadezhda məlumat verib.
 
Açıq Rusiya-nın təmsilçiləri Mediazona onlayn xəbər portalına deyiblər ki, həmkarları Andrei Pivovarov və Alina Danilina-dan xəbər tuta bilmirlər.
 
Rəsmilər axtarışın səbəbi haqda şərh verməyiblər.
 
Açıq Rusiya-nın vəkili Sergei Badamshin deyib ki, Olga Gorelik-in evindəki axtarış 2003-cü ildə Yukos neft şirkətinə qarşı cinayət işilə bağlıdır. Qrupun mətbuat katibi Konstantin Fomin-in sözlərinə görə, Yukos axtarışların aparılması üçün sadəcə bəhanədir.
 
Fomin deyib ki, axtarışların əsl səbəbi müxalifət fəallarının iyulun 15-də Moskvadakı Puşkin meydanında yürüş keçirmək müraciətilə bağlı ola bilər. Müxalifət konstitusiyaya yenicə təqdim olunan dəyişikliklərə etiraz planlaşdırır. Həmin dəyişikliklər Prezident Vladimir Putinin 2036-cı ilədək hakimiyyətdə qalmasına yol aça bilər.
 
Ziddiyyətli dəyişikliklər iyulun 4-dən qüvvəyə minib. Tənqidçilər ümumxalq səsverməsində görünməmiş saxtakarlıq baş verdiyini deyirlər.

 

 

Google+ WhatsApp ok.ru