Günə 12 min nəfər aclıqdan ölə bilər

Günə 12 min nəfər aclıqdan ölə bilər

Bu ərazilərdə dünyada aclıqdan əziyyət çəkənlərin 65 faizi yaşayır.

Yoxsulluğa qarşı qlobal təşkilat olan Oxfam beynəlxalq ictimaiyyəti koronavirus pandemiyasından dolayı aclıq böhranına son qoymaq üçün təcili hərəkətə keçməyə çağırıb. Qurum pandemiya nəticəsində günə 12 min nəfərin aclıqdan ölə biləcəyi xəbərdarlığını edib.
 
Oxfam iyulun 9-da yaydığı hesabatda bu il əlavə 121 milyon nəfərin aclığa sürüklənə biləcəyini vurğulayır ki, bu da ötən ildəkindən 82 faiz çoxdur. Səbəblər isə pandemiyanın kütləvi işsizlik yaratması, ərzaq istehsalı və təchizatının pozulması, yardımın azalmasıdır.
 
“Münaqişə, iqlim dəyişikliyi, bərabərsizlik, pozulmuş ərzaq sisteminin fəsadları ilə mübarizə aparan milyonlarla insan üçün COVID-19 sonuncu saman çöpüdür. Pandemiya milyonlarla ərzaq istehsalçısı və işçini yoxsullaşdırıb”, – Oxfam-ın aralıq icraçı katibi Chema Vera bəyanatında deyib.
 
Pandemiya yer üzündə yayıldıqca “yuxarıdakılar qazanc götürürlər”, – deyən Vera əlavə edib ki, “səkkiz böyük ərzaq və içki şirkəti yanvardan bəri payçılara 18 milyard dollardan artıq vəsait ödəyib... adamları aclıqdan qurtarmaq üçün BMT-nin açıqladığı məbləğdən 10 dəfə çox”.
 
10 qaynar aclıq nöqtəsi
 
Hesabatda hazırda ərzaq böhranın ən kəskin və ən pis olduğu 10 “qaynar aclıq nöqtəsi” müəyyənləşdirilir: Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Venesuela, Qərbi Afrika Saheli, Efiopiya, Cənubi Sudan, Suriya, Sudan və Haiti.
 
Ümumilikdə bu ərazilərdə dünyada aclıqdan əziyyət çəkənlərin 65 faizi yaşayır.
 
“Hələ pandemiyadan qabaq aclıq dərinləşirdi”, – hesabatda deyilir.
 
“İndi isə koronavirus münaqişələrin, artan bərabərsizliyin, dərinləşən iqlim böhranının təsirləri ilə birləşərək onsuz da pozulmuş qlobal ərzaq sistemini dibinədək sarsıdıb, milyonlarla insan aclığa sürüklənib”, – qurum vurğulayır.
 
Hökumətlər koronavirusu cilovlamaqla yanaşı, aclıq böhranına son qoymağa, “indi və gələcəkdə həyatları xilas etməyə” də çalışmalıdırlar.
 
Bu addımlar sırasına BMT-nin humanitar müraciətini tam maliyyələşdirmə, “daha ədalətli, daha möhkəm və daha davamlı ərzaq sistemlərinin” qurulması daxildir, hesabatda bildirilir. /azadliq.org  /
 

Google+ WhatsApp ok.ru