Səud rejimini tənqid edən bloqqerə 10 il həbs və 1000 şallaq zərbəsi

Səudiyyə Ərəbistanında bloqqerə qarşı qəbul edilmiş məhkəmə qərarının icraatına başlanılıb. Məhkəmə tərəfindən ona cəza olaraq 10 il həbs və 1000 şallaq təyin edilib.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, 1000 şallaq qismində olan cəza mütəmadi olaraq həyata keçiriləcək, həftədə 50 zərbə.
 
Bu cəza Raif Bədəviyə 2014-cü ilin may ayında kəsilib. Bədəvi hal-hazırda qadağan edilən “Liberal Səudiyyə Şəbəkəsi” (Liberal Saudi Network) veb-saytının təsisçisidir.
 
Şallaq və həbs cəzasından başqa, Raif Bədəvi bir milyon Səudiyyə rialı (təxminən 266 min dollar) məbləğində cərimə də ödəməli olacaq.
 
2012-ci ildə həbs edilən Bədəvi, dindən dönmədə də ittiham edilib, bu isə Səudiyyə Ərəbistanında edam ilə cəzalandırılır, sonradan isə bu ittiham onun üzərindən götürülüb.
 
Öz bloqunda Bədəvi dini məsələlərlə çıxış edərək, Ali Səud rejiminə qarşı tənqidlə çıxış edirdi. Bununla yanaşı, onun saytında siyasi məhbusların azad edilməsinə çağırışlar da səslənib.
 
Bədəvinin həbsindən sonra onun saytı bağlanılıb, texniki avadanlıq isə müsadirə edilib. 2013-cü ildə həbsdən bir il sonra, məhkəmə ona yeddi illik həbs cəzası və 600 şallaq cəza təyin edib. Amma ittiham tərəfi bunu çox yumşaq qərar hesab edərək, ona yenidən baxılmasına nail olub.

Google+ WhatsApp ok.ru