Səudiyyə rejimi Şeyx Baqir əl-Nəmrin edam cəzasını təxirə salıb

Səudiyyə Ərəbistan krallığı kütləvi iğtişaşlara səbəb olmamaq üçün ölkə şiələrinin tanınmış din alimi Ayətullah şeyx Nəmr Baqir əl-Nəmrin edam cəzasını qeyri-müəyyən müddətək təxirə salıb.
 
Maide.az xəbər verir ki, bu barədə məlumatlı mənbə "Fars" agentliyinə açıqlamasında bildirib.
 
Məlumatda deyilir ki, Səudiyyə rəsmiləri din aliminin ailəsinə zəng vuraraq Şeyx Nəmrin edam hökmünün təxirə salındığını bildiriblər. Telefon danışığında nüfuzlu ruhaninin ailəsinə may ayının 28-də ona baş çəkə biləcəkləri də bildirilib. Məlumata görə, Səudiyyə rəsmiləri edamın təxirə salınmasına baxmayaraq, hələ də, qüvvədə qaldığını vurğulayıblar.
 
Mənbənin sözlərinə görə, ölkədəki siyasi həbslər və Şeyx Baqir Nəmrin edam qərarına etiraz məqsədilə kütləvi nümayişlərin keçiriləcəyi barədə xəbərdarlıqdan sonra rəsmi Riyad edam fikrindən vaz keçib. Belə ki, ötən gecə əl-Əvamiyyə rayonunda siyasi məhbuslara, xüsusilə Şeyx Baqir əl-Nəmrə azadlıq tələbilə kütləvi etiraz aksiyaları planlaşdırılıbmış.
 
Qeyd edək ki, dünən kütləvi nümayişlər öncəsi Səudiyyə qüvvələri əl-Əvamiyyə şəhərində evlərə soxularaq 80 nəfəri həbs ediblər. Bəzi məlumatlara görə, təhlükəsizlik qüvvələri dinc sakinlərə atəş açıblar, bir neçə nəfər yaralanıb.
 
Ötən şənbə günü Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bir neçə insan haqları təşkilatı Şeyx Baqir Nəmrin edamının bütün Səudiyyəni etiraz alovuna bürüyücəyi barədə xəbərdarlıq səsləndiriblər./

Google+ WhatsApp ok.ru