Saytı dağıdılan baş redaktor MTN-ə müraciət etdi

"İyulun 10-dan etibarən AzNews.az saytına edilən total hücumların qarşısını almaq hələ də mümkün olmayıb. Saytın fəaliyyətini bərpa etməyə çalışsaq da, cəhdlərimiz boşa çıxır. Müxtəlif yerlərdən edilən kiberhücumlarla saytı dağıtmağa cəhd edirlər. Bu, açıq şəkildə, cəmiyyətin gözü önündə törədilən cinayətdir". Bu sözləri Modern.az-a AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlu deyib.
 
O bildirib ki, hələlik kiber hücumların haradan gəldiyini müəyyən etmək çətindir: "Müəyyən nüfuzları var, amma dəqiq bir söz demək olmaz. Yəqin ki, yazılarla bağlıddır, amma hansı yazı, onu dəqiq demək düz olmaz. Mütəxəsislər araşdırır, gözləyirik görək işin nəticəsi necə olur. Bununla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. Bunu araşdırıb tapmaq da, cəzalandırmaq da onların işidir.
 
Saytın arxivində görünən materiallar var, ola bilər müəyyən materiallar da itəcək. Söz yox ki, bizim əməkdaşlar əsas ona çalışır ki, saytdakı materiallar yerində qalsın. Buna görə də müəyyən müddətə sayta girişi məhdudlaşdırmışıq. Hücumun qarşısı alındığı təqdirdə, başqa İP-lərdən hücumlar olunur. Buna görə də saytın tam bərpası haqqında öncədən nəsə demək çətindir".
 
Elçin Zahiroğlunun sözlərinə görə, müəyyən müddətə sayt açılsa da, xəbər yerləşdirmək mümkün olmur: "Yəqin ki, hüquq-mühafizə orqanları, aidiyyatı qurumlar məsələ ilə bağlı ölçü götürər, məsələ həll olunar. Ümumi fikir son günlər saytda getmiş general övladı ilə bağlı yazılarda köklənir. Amma bu, aldadıcı da ola bilər. Yəni ola bilər ki, bu məqamı əsas götürüb kimsə povakativ səbəblərlə istifadə edilə bilər. Bizim fikrimiz belə deyil ki, bu hücumları məhz onlar təşkil etdir. Araşdırma aparılır yəqin ki, hücumların hardan gəldiyi müəyyənləşəcək".

Google+ WhatsApp ok.ru