SOCAR yenidən borclanmaya gedir

Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından kredit cəlb edilə bilər.
 
Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr Idarəsinin rəis müavini Zaur Qəhrəmanov belə deyib. Z.Qəhrəmanov bildirib ki, Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payı 14 mlrd. dollar təşkil edir. O, təkliflər sərfəli olarsa, layihə üçün 7 mlrd. dollar həcmində kredit götürülə biləcəyini də istisna etməyib.
 
SOCAR rəsmisi layihənin icrası çərçivəsində Cənub Qaz Dəhlizi şirkətinin yaradıldığını xatırladıb: “Bu şirkətdə Iqtisadiyyat və Sənaye Nazirliyi 51 faiz, SOCAR isə 49 faiz paya malikdir. Bu şirkət Maliyyə Nazirliyi ilə birgə beynəlxalq maliyyə qurumları olan EBRD, IFC , ADB və s. ilə kreditin cəlb edilməsi üçün danışıqlar aparır. Əgər şərtlər sərfəli olarsa, kredit cəlb edilə bilər, yəni, ən aşağı faizlər olsa, kredit cəlb olunacaq”.
 
Xatırladaq ki, Neft Şirkətinin indiyədək olan 7 milyarddan başqa, dövlətin özünün də 7 milyard xarici borcu var. Ölkənin müxtəlif qurumlarının dövlət zəmanətiylə borcu  da kifayət qədərdir. Üstəlik, Neft Şirkəti əlavə 7 milyard da borc almaq niyyətindədirsə, bütövlükdə bu borclanmaların 8,5 milyarda çatdığı şəksizdir.
 
Iqtisadçı-ekspertlərin fikrincə, SOCAR-ın bu qədər maliyyə vəsaitini borc almaq istəməsi bir sıra suallar  doğurur. Belə ki, Neft Şirkətinə 2008-ci ildən 2014-cü ilədək olan 6 il müddətində 50 milyardlarla maliyyə vəsaitləri daxil olub. Həmin vəsailərin hansı istiqamətlərə sərf olunduğu da böyük sual altındadır:
 
“Çox ciddi iqtisadi projelər, vacib bir problemlər vardısa, həmin dövrdə bunların hamısını həll etmək mümkün idi. Görünür, Dövlət Neft Şirkətinin özü də maliyyə vəsaitlərindən yarıtmaz şəkildə istifadə edib. 7 milyard maliyyə vəsaiti heç də kiçik rəqəm deyil. Görünür, bu qədər vəsait də Neft Şirkətinə elə-belə verilməyəcək. Hansı xarici ölkədən cəlb ediləcəksə, orda bir dövlət zəmanəti tələb olunacaq. Deməli, istər-istəməz, Dövlət Neft Şirkətinin bugünə qədər olan xarici borcları əhəmiyyətli dərəcədə artacaq. Dövlətin üzərindəki maliyyə yükü artacaq və həmin vəsait bugünə qədərki xərcləmələrin aqibətini yaşayacaqsa, bu, ölkədə son dövrlərdə əmələ gələn pul-kredit siyasətində çox ciddi çətinliklər yaradacaq. Manatın taleyilə, milli valyutanın məzənnəsiylə bağlı da ciddi narahatlıqlar yarana bilər. Ona görə də  Dövlət Neft Şirkətinin dövlət zəmanətini  elə bir şərtlərlə vermək lazımdır ki, qurum ağlabatan bir  iqtisadi əsaslandırma ortaya qoysun.  Hərtərəfli götür-qoy edərək bu məsələlər araşdırılandan sonra Neft Şirkətinin qarşısında yaşıl işıq yandırmaq olar”. azadliq/

Google+ WhatsApp ok.ru