Sığorta şirkəti iki qonşunun arasında qalıb – «ZƏRƏRİ ÖDƏMƏYƏCƏKSƏN»

Bakıda iki qonşu arasında münasibətlərin pisləşməsi sığorta şirkətini çətin duruma salıb. Maide.az-ın "fins.az"a istinadən verdiyi məlumata görə, söhbət Əhmədli qəsəbəsində baş verən maraqlı hadisədən gedir. Burada biri üst mərtəbədə, digəri isə onun altındakı mənzildə yaşayan və indiyə qədər də münasibəti pis olan iki qonşu arasında yeni mübahisə düşüb. Belə ki, iyun ayının 27-də yuxarıdakı mənzildə ev sahibinin evdə olmayanda hamamda su borusunun partlayıb və aşağıdakı qonşunun evini su basıb. Nəticədə, evin parket, laminat hissələri, divarları və elektrik sistemi yararsız hala düşüb. Amma aşağıdakı mənzil ipoteka krediti ilə alındığına görə könüllü qaydada «Atasığorta» şirkətində sığortalanmış olub. Hadisə zamanı dərhal şirkətə məlumat verilib və sığorta əməkdaşları evə dəyən zərəri hesablayıblar. Məlum olub ki, subasma nəticəsində evə 1791 manat ziyan dəyib. Azadolma məbləğini çıxdıqdan sonra ziyan dəymiş evin sahibinə 1233 manat ödəniş edilib.
 
«Xahiş edirəm ödəniş etməyin»
 
Amma ən maraqlısı bundan sonra başlayıb. Sığorta şirkətindən bildirilib ki, evə ödənilən məbləğ yuxarıdakı qonşudan tutulacaq – çünki evə zərəri o vurub. Zərər vuran qonşu özünün mülki məsuliyyətini sığortalamadığı üçün ödənilən məbləğ ondan məhkəmə yolu ilə tutulacaq. İndiyədək baş verənləri sakitcə izləyən qonşu ödənişin ondan alınacağını bilən kimi əl-ayağa düşüb. Ziyankar qonşu çıxış yolunu sığorta şirkətinə müraciətdə görüb və şirkətə gələrək …qonşusuna ödənişin verilməməsini tələb edib. Tələbini də onunla əsaslandırıb ki, hadisə baş verəndə evdə olmayıb. Bunu əsas tutan qonşu sığorta şirkətindən ödəniş etməməyi tələb edir. Amma qonşunun tələblərinə baxmayaraq sığorta şirkəti öz öhdəliklərini yerinə yetirib və aşağıdakı qonşuya 1233 manat ödəyib. İndi isə yuxarıdakı qonşunun məhkəməyə verilməsi üçün sənədlər hazırlanır. Necə deyərlər, qonşunu düşünmürsənsə, heç olmasa özünü düşün…

Google+ WhatsApp ok.ru