İsrail Azad Suriya Ordusuna hərbi və maddi-texniki dəstək verir

İsrail rejimi yalnız ölkəyə sığınan yaralı hakimiyyət əleyhdarlarını müalicə etmir, Əsədə qarşı döyüşən Azad Suriya Ordusuna da (ASO) hərbi və maddi-texniki dəstək verir.
 
Maide.az xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının bitərəf əraziləri müşahidə edən UNDOF (United Nations Disengagement Observer Fors) təşkilatının hesabatında yer alıb. 
 
İsrail-Suriya sərhədində yerləşən neytral ərazini müşahidə edən UNDOF-un hesabatlarına görə, son 18 ayda İsrail rejiminin rəsmiləri ilə Suriyalı müxaliflər arasındakı münasibətlər artıb. Hesabat sənədlərlə birlikdə dekabr ayında BMT Təhlükəsizlik Şurasına təqdim olunub.
 
İsrailin "Şalom" qəzetinin verdiyi xəbərə görə, hesabatda İsrailin yalnız yaralıları xəstəxanalarında müalicə etmədiyi, İsraildən Suriya ərazisinə tərkibi məlum olmayan materiallar göndərildiyi də bildirilir.
 
UNDOF hesabatında həmçinin İsrail sərhədinin 300 metrliyində bir çadır şəhərciyi qurulduğu, 70 ailənin burada yaşadığı, İsrail əsgərlərinin tez-tez sərhədi açaraq, yaralı olmadığı halda bəzi suriyalıları içəri buraxdığı bildirilir.
 
İsrail Səhiyyə Nazirliyinin rəsmi açıqlamalarına görə, indiyə qədər İsrail xəstəxanalarında 1000 suriyalı yaralı müalicə edilib.

Google+ WhatsApp ok.ru