Su-24 təyyarəsinin `qara qutu`sunun bəzi mikrosxemləri ziyan görüb

Türkiyə tərəfindən vurulan Rusiyanın Su-24 təyyarəsinin "qara qutu"sunun mikrosxemləri ziyan görüb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Moskvada Dövlətlərarası Aviasiya Komitəsində keçirilən brifinqdə bildirilib.
 
Rusiya Silahlı Qüvvələri Uçuş Təhlükəsizliyi xidmətinin informasiya-analitik şöbəsinin rəisi polkovnik Andrey Semyonov Türkiyəyə məxsus F-16-dan atılan raketin Su-24-ün "qara qutu"sunun yerləşdiyi hissəyə dəydiyini bildirib: "Qara qutu" Su-24-ün quyruq hissəsində yerləşir. Ona görə də raket zərbəsi nəticəsində "qara qutu"nun mikrosxemləri zədələnib".   
 
Mütəxəssislər müəyyən ediblər ki, 8 mixrosxemdən üçü tamamilə sıradan çıxıb. Bu səbəbdən də "qara qutu"nun oxunması baş tutmaya bilər. "Qara qutu"nun rentgenoskopiyası bundan sonra laboratoriyada aparılacaq. 
 
Qeyd edək ki, bu gün jurnalistlər qarşısında Su-24 təyyarəsinin "qara qutu"sunun tədqiqatı prosesinə başlanılıb. Rusiya xarici ölkələrdən müşahidəçi göndərməyi xahiş etsə də, 14 ölkədən yalnız Çinlə Böyük Britaniya razılıq verib. 

Google+ WhatsApp ok.ru