Suriyadakı xarici döyüşçülər

Suriyada dördüncü ilindəki müharibədə hakimiyyətə qarşı müxaliflərin yanında vuruşmaq üçün qarşıdurmaların başlamasından bu yana dünyanın 74 ölkəsindən minlərlə terrorçu bu ölkəyə gedib. Həmin şəxslərin 60-70 faizi Orta Şərqdən, 20-25 faizi isə Qərb ölkələrindən olduğu bildirilir.
 
Maide.az-ın məlumatına görə, Londondakı "King's College"in tərkibindəki Radikalizm İşləri Mərkəzindən professor Peter Neumann Suriyadakı müharibənin 1980-ci ildə Əfqanıstandakı Sovet işğalına qarşı 10 ildə təxminən 20 min döyüşçünün iştirakıyla verilən mübarizədən bu yana yaxın tarixdəki ən əhəmiyyətli hadisələrdən biri olduğunu söyləyib.
 
ABŞ prezidenti Barak Obamanın rəhbərliyi altında bu ay keçiriləcək BMT Təhlükəsizlik Şurasının sammitinin əvvəlində şuraya xarici döyüşçülər mövzusunda məsləhətçilik edən Neumann Əfqanıstandakı döyüşdən sonra Əl-Qaidənin ortaya çıxdığını xatırladaraq, Suriyanın bu səbəbdən çox əhəmiyyətli olduğunu söyləyib. 
 
Suriyadakı müharibənin yeni terror təşkilatlarının ortaya çıxmasına fürsət verdiyini deyən Neumann bu xarici döyüşçü aktivliyindən gələcəkdə "terror hücumları çıxacağından əmin olduğunu" vurğulayıb.
 
İraq Şam İslam Dövləti terrorçularının neçə nəfər olduğuna dair rəqəm verməyən Neumann ötən ilin dekabr ayı ilə cari ilin iyunu arasında xarici döyüşçü sayındakı artımın dayandığını, hətta bu ədədin azaldığını, İŞİD-in Mosulu ələ keçirib xilafət elanından sonra isə xarici döyüşçülərin sayının yenidən artmağa başladığını söyləyib.
 
Neumann Suriyadakı xarici döyüşçülər arasında Tunisdən 3 min, Səudiyyə Ərəbistanından hökumətin məlumatlarına görə 1200 və ya 2 min 500, Mərakeşdən 1500 nəfərin olduğu məlumatını verib. Neumann İordaniyadan da 1500 nəfərin getdiyini, ancaq iordaniyalıların Suriyada tayfa əlaqələri olduğu üçün bu sayın daha fərqli də ola biləcəyinə işarə edib. Terror mütəxəssisi Neumann Fransadan 700, İngiltərədən 500, Almaniyadan 400, Belçikadan 300, ABŞ-dan isə 100 nəfərin döyüşmək üçün Suriyaya getdiyini bildirib.

Google+ WhatsApp ok.ru