TƏQVA – ƏN YAXŞI AZUQƏ

İmam Əli (ə) buyurmuşdur:

لا خَيْرَ فى شَىْ‏ءٍ مِنْ ازْوادِها الَّا التَّقْوى؛

Təqvadan başqa dünya azuqələrinin heç birində xeyir yoxdur.

(“Nəhcül-bəlağə”, xütbə 111.)

 

ŞƏRH VƏ TƏFSİR

İmam Əli (ə) “Siffeyn” döyüşündən qayıdarkən Kufə darvazasına çatdıqda, müsəlman qəbiristanlığının kənarında dayanıb buyurdu:

“Ey qorxulu diyarların, kimsəsiz və otsuz-susuz yerlərin və qaranlıq qəbirlərin sakinləri! Ey torpaq sakinləri, ey vətəndən uzaq qalanlar, ey kimsəsizlər, ey qorxulular! Siz bizim irəli getmiş qabaqcıllarımızsınız və biz sizin arxanızca gələnlərik və sizə çatacağıq. Evlərə (evlərinizə) gəldikdə, (bilin ki,) onlarda sakin oldular, arvadları (arvadlarınızı) aldılar, var-dövlətləri (sərvətlərinizi) bölüşdürdülər. Bu bizim yanımızda olan xəbərlərdir. Bəs sizin yanınızda olanlardan nə xəbər?”

Sonra səhabələrinə xitabən buyurdu:

اما لَوْ اذِنَ لَهُمْ فِى الْكَلامِ لَاخْبَرُوكُمْ انّ خَيْرَ الزَّادِ التَّقْوى‏؛

Bilin! Əgər onlara danışmaq icazəsi verilsəydi sizə xəbər verərdilər ki, ən yaxşı azuqə təqvadır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 130.)

Həqiqətdə bu iki hədis və ona bənzər hədislər aşağıdakı ayədən götürülmüşdür:

تَزَوَّدُوا فَانَّ خَيْرَ الزّادِ التَّقْوى‏؛

“Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır.” (“Bəqərə” surəsi, ayə 197.)

Bugünkü günümüzün əksinə olaraq, qədim səfərlərdə azuqə və yol ehtiyatı böyük əhəmiyyət daşıyırdı. Azuqə üç xüsusiyyətə malik olmalıdır: 1. həcmi az olsun; 2. qüvvətli olsun; 3. xarab olmasın.

Göstərilən ayə və hədislərdə təqva verilən üç xüsusiyyətə malik olan ən yaxşı azuqə kimi tanıtdırılır. Doğrudan da, təqvanın hakim olduğu yer abadlaşar. Şübhəsiz, cəmiyyətin təhlükəsizliyini qorumaq və insanları çirkin işlərdən saxlamaq üçün zahiri polis məmuru zəruri olsa da, kifayət etmir. Burada batini polis məmuruna, başqa sözlə, ilahi təqvaya da böyük ehtiyac duyulur ki, bu böyük nemət və sərmayədən qafil olmamalıyıq.

İmam Sadiqdən (ə) يَوْمَ لا يَنْفَعُ مالٌ وَ لا بَنُونَ الّا مَنْ اتَى اللَّهَ بِقَلْبٍ سَليمٍ (O gün ki, malın və oğulların bir faydası olmayacaq. Yalnız sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!) – ayəsinin (“Şüəra” surəsi, ayə 88-89.) təfsiri haqda soruşulduqda, o həzrət buyurdu: “Sağlam qəlb elə bir qəlbdir ki, Allahın hüzuruna gedərkən onda Allahdan qeyrisi olmasın.” (“Təfsiri-nümunə”, 15-ci cild, səh. 274.) Allahla olmağın səmərəsi təqvalı olmaqdır. Bəli, təqva sağlam qəlbin meyvəsidir!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru