Tayvanda əyləncə parkındakı partlayışda 500 nəfər xəsarət alıb

Tayvanda əyləncə parklarının birində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 509-a çatıb.  Yanğın, ardınca isə baş vermiş güclü partlayış Sinbey şəhərinin “Basyan” su atraksionları əyləncə parkında qeydə alınıb.
 
Xəsarət alanlardan azı 180 nəfər xəstəxanaların intensiv terapiya şöbələrinə yerləşdirilib, onlardan bir neçəsinə dəri transplantasiyasının keçirilməsi tələb olunur. Yaralılar arasında iki əcnəbinin olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.
 
Yanğının “Color Play Asia” boya festivalı çərçivəsində  “Formosa Water Park” su atraksionunda təşkil olunan diskoteka zamanı baş verdiyi bildirilir. Ənənəyə əsasən, şou zamanı təşkilatçılar qonaqlara rəngbərəng boyalar atır. Məlumata görə, partlayış  havada tozlandırılmış boya tozunun naməlum səbəbdən alışması nəticəsində baş verib.    
 
Tədbirin təşkilatçıları polis tərəfindən saxlanılıb və dindirilir.   APA /

Google+ WhatsApp ok.ru