Tehran ABŞ Ali Məhkəməsinin İran əleyhinə çıxardığı qərarı pisləyib

“ABŞ Ali Məhkəməsinin İran əleyhinə çıxardığı sonuncu qərarı pisləyirik və bu qərar beynəlxalq hüququn əsaslarına ziddir”.  APA-nın İranın Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, bu sözləri XİN-nin  sözçüsü Hüseyn Cabiri Ənsari deyib.
 
H.Cabiri Ənsari deyib ki, ABŞ Ali Məhkəməsinin  qərarı ədaləti və qanunu lağa qoyub və ABŞ  vətəndaşları üçün heç bir hüquqi əsası yoxdur: “Bu qərar  İran İslam Respublikasının malını qarət etmək anlamındadır və bu qərar vasitəsi ilə İrana dəymiş ziyanın ödənilməsi təbii olaraq Amerika hökumətinin üzərindədir.  Bu qərar göstərir ki, Amerika hökuməti hələ də  sionistlərin təsiri altındadır və İrana qarşı düşmənçiliyini davam etdirir. Bu addımla İran xalqının və hökumətinin  Amerika hakimiyyətinə etimadsızlığı daha da artır.”
 
ABŞ Ali Məhkəməsinin aprelin 21-də çıxardığı qərara əsasən, İranın aktivlərindən 2 milyard dollar 1983-cü ildə Beyrutda terror aktları nəticəsində ölən 241 amerikalı hərbçinin ailəsinə veriləcək. Qeyd edək ki, ABŞ terror aktlarının törədilməsində İranı günahlandırır.
 

Google+ WhatsApp ok.ru