UZUN ARZULARIN ACINACAQLI SONU

İmam Əli (ə) buyurmuşdur:

اطْوَلُ النَّاسِ امَلًا اسْوَئُهُمْ عَمَلًا؛

Arzusu uzun olan camaatın əməli də pis olar.

(“Mizanul-hikmət”, 1-ci cild, səh. 144, fəsil 117, hədis 720.)

 

ŞƏRH VƏ TƏFSiR

“Uzun arzular”la bağlı müxtəlif bəhslər irəli sürülmüşdür ki, biz burada iki sualın cavabı ilə kifayətlənəcəyik:

Birinci sual: “Arzulardan söz açan hədislərdə ziddiyyət görünür; bir tərəfdən, verilən hədis kimi, bəzi hədislərdə “arzu” mənfi və dəyərsiz bir iş sayılır və insanların ondan çəkinməsi tövsiyə edilir, digər tərəfdən də, bilirik ki, ümid və arzusuz həyatın sonu yoxdur. Çünki insan ümid və arzu ilə yaşayır. Elə buna görə də, İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

الْامَلُ رَحْمَةٌ لِامَّتى؛

“Arzu, ümmətim üçün rəhmətdir.” Həmin hədisin davamında buyurulur: “Əgər arzu olmasaydı, heç bir ana öz övladına süd verməz və heç bir bağban ağac əkməzdi.” (“Mizanul-hikmət”, 1-ci cild, səh. 140, fəsil 113, hədis 673.)

Deyilənlərə əsasən, arzu yaxşıdır, yoxsa, pis?

Cavab: Arzu normal və ağıllı olduqda, yaxşı və rəhmətdir. Amma insanın rahatlığını əlindən alan, özü ilə səadəti arasında fasilə salan uzun-uzadı və ağılsız arzular isə, şübhəsiz, bəyənilmir. Uyğun hədisdə də, elə bu növ arzulardan söz açılır.

İkinci sual: Nə üçün uzun arzular insanın əməllərində mənfi təsirlər qoyur?

Cavab: Çünki uzun arzular insanı ölüm və qiyamətdən, hesab günü və ilahi ədalət məhkəməsindən qafil edir. Sözsüz, axirət aləmindən qafil olan insan sağlam olmaz. Bununla yanaşı, öz məhdud qüvvəsi və istedadını uzun arzuların gerçəkləşməsi yolunda sərf edən insanın yaxşı işlər görməyə gücü çatmayacaq. İslam Peyğəmbəri (s) təkanverici bir hədisdə buyurur: “And olsun Mühəmmədin canı əlində olan Allaha! Hər dəfə gözlərimin kirpiklərini vururamsa, onları açmamışdan qabaq Allah tərəfindən ruhumun alınacağını ehtimal verirəm.” (“Mizanul-hikmət”, 1-ci cild, səh. 145, fəsil 118, hədis 729.)

Ədəbiyyatımızda ən qısa zaman vahidi “bir göz qırpımı”dır. Bizim həyatımızın davamı üçün, hətta bir göz qırpımı qədər də, zəmanət yoxdur. Buna görə də, arzuları qısaltmalı və son məqsəd olan axirət aləmi üçün azuqə fikrində olmalıyıq.

İmam Əli (ə) necə də gözəl buyurmuşdur: “Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına,... özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olacağına yəqin edən kəs arzunu qısaltmağa və yaxşı əməllərini çoxaltmağa daha layiqdir.” (“Mizanul-hikmət”, 1-ci cild, səh. 145, fəsil 118, hədis 724.)

Rza Şükürlü

Google+ WhatsApp ok.ru