Xədicə İsmayılovaya hökm oxunması sabaha qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova son söz deyib.
 
X.İsmayılova ona elan olunmuş ittihamla özünü təqsirkar bilməyib. O, jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib. Məhkəmə heyəti isə onun ittihamdan kənara çıxdığını bildirərək iradını bildirib.
 
Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti prosesin sabaha qədər təxirə salındığını elan edib. Sabah ona hökm oxunacaq.
AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs edilib.
X.İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.  Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.
X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib. / 
 
 

Google+ WhatsApp ok.ru