XANKƏNDİ

Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir
 
İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır. Hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.
 
Şəhərin adının tarixçəsi
 
Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunurdu. Az sonra şəhər Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.
1991-ci ildə Azərbaycan SSR Ali Sovetiinin qərarı ilə şəhərin əvvəlki "Xankəndi" adı bərpa edilmişdir.
 
Tarixi
 
Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alır.
 
Rusiya işğalı dövrü
 
Qarabağ xanlığını zorən Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndində etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Məqsədli yeridilən etnik siyasət nəticəsində ötən əsrin əvvəllərində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.
 
Cümhuriyyət dönəmi
 
1917-ci ildə Rusiya imperiyasında baş verən Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndindən də yan ötmədi . XIX əsrdə tarixi Azərbaycan dövləti olan İrəvan xanlığı torpaqlarına yerləşdirilmiş İran erməniləri orada Ermənistan dövləti elan etdilər. Bununla kifayətlənməyən erməni millətçiləri Azərbaycanın Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, ümumilikdə bütün Azərbaycan torpaqlarına iddia etməyə başladılar. Bunun üçün erməni hərbi birləşmələri həmin bölgələrdəki azərbaycanlılar yaşayan şəhər və kəndlərə hücum edir, dinc insanları qətliam edirdilər. Bakı, Şamaxı, Quba, Göyçay, Göyçə, Zəngəzur qırğınlarına aid arxiv sənədləri indi də durur. Həmin dövrdə qanlı qarşıdurmalar eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, o cümlədən Xankəndində də baş verirdi. Erməni millətçiləri vaxtilə qulluq etdikləri Xankəndində yerləşən çar ordusu hərbi hissəsinin imkanlarından da geniş istifadə edirdilər. Sonradan 1992-ci il fevralın 26-da onlar bu metodu təkrarlayaraq Stepanakertdə yerləşən dağılan Sovet Ordusunun 366-cı polkundan istifadə edərək Xocalı soyqırımını törətdilər. 1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.
 
SSRİ dövrü
 
Azərbaycanın Sovet İmperiyası tərəfindən işğalından sonra təşkil olunan əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı. Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqları iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyi ilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın büronun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə tamamilə yad olan bolqar, ancaq biri - Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütn qanunları və reallıqlar kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronun əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyat verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin Azərbaycan rəhbərlərinin kənardan gəlmə 1921-ci ildə A.Mikoyan, 1921-25-ci illərdə isə S.Kirov olmasını respublikanı ikinci Ermənistan kimi qəbul etməsinə şərait yaradırdı. Beləliklə, RKP MK Zaqafqaziya bürosu Dağlıq Qarabağa mərkəzi Şuşa şəhəri olmaqla Azərbaycan daxilində muxtariyyat verilməsi qərarı verir. Ancaq o dövr Azərbaycan rəhbəri olan ermənipərəst Sergey Kirov və onun ətrafı sırf azərbaycanlı şəhəri olan Şuşada erməni muxtariyyatını qurmağın çətin olacağını dərk edirdilər. Nəzərə almaq lazımdır ki, Zaqafqaziya bürosunun adıçəkilən hər iki iclasında Azərbaycan rəhbəri S.Kirov Dağlıq Qarabağın Ermənistana verilməsi variantını müdafiə edirdi. 7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar vilayətinin təşkil edilməsi barədə qərar qəbul edir. Vilayətin erməniləşdirilməsi məqsədi ilə vilayət mərkəzi büronun qərarının əleyhinə olaraq Şuşa deyil, əhalisinin yarıya qədəri erməni sakini olan Xankəndi götürülür.
 
Ermənipərəst Kirovun dəstəyi ilə qısa bir zamandan sonra Xankəndinin adı da dəyişdirilir. 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin "müraciəti" nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur. Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir. Ancaq bütün sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər. Regionun və şəhərin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ancaq erməni xətti qabardılmağa çalışılırdı. Məsələn, 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyan (o, 1926-1929-cu illərdə respublikaya rəhbərlik edib) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Azərbaycana Aleksandr Tamanyan adlı arxitektor dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildi və bununla da Naxçıvan anklava çevrildi. A.Tamanyan region üçün yad adam idi. O ancaq 1923-cü ildə 46 yaşında doğulduğu və həmişə yaşadığı Rusiyadan İrəvana köçərək Ermənistan Xalq Komissarları Sovetinin baş mühəndisi təyin edilir. Həm İrəvanda, həm Bakıda Avropa səviyyəsində tanınan xeyli sayda yerli azərbaycanlı arxitektorların olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması məhz ona tapşırılır. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan ermənilər oranı Leninakan adlandırdılar) 1927-28-ci ildə Üçmüəzzənin (sonradan ermənilər oranı Eçmiadzin adlandırdılar) baş planını hazırlayır. Bununla da Ermənistana verilmiş bu Azərbaycan şəhərlərinin şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması itirilir. A.Tamanyanın təklifi və Azərbaycanın rəhbəri L.Mirzoyanın razılığı ilə 1926-cı ildə Xankəndinin baş planı qəbul edilir. Onun planı isə Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edirdi. Maraqlıdır ki, A.Tamanyanın nəvəsi və adaşı Aleksandr Tamanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatında fəal etmişdir.
 
Xankəndi Qarabağ xanlarının istirahət mərkəzi kimi salınsa da, XX əsrdə o, Azərbaycanın yeni sənaye və mədəniyyət mərkəzi kimi inkişaf etməyə başlayır. Bu zaman bu işə daima Azərbaycanın ümumi respublika resurslarından böyük dəstək verilir. Bu səbəbdən də onun bütün sahələr üzrə inkişafı digər Azərbaycan şəhərlərindən daha sürətlə getməyə başlayır. Bu, böyüməkdə olan şəhərin əhali artımında da özünü bariz göstərməyə başlayır. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır. Bu rəqəmlər Dağlıq Qarabağ regionunun sosial inkişafdan geri qalması barədə erməni millətçilərin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki hər 20 ilə əhalisinin sayının iki dəfə artması istənilən əyalət şəhəri üçün böyük inkişaf göstəricisi idi. Artan əhali üçün nəinki mənzillər tikilir və müvafiq sosial və kommunal infrastruktur yaradılırdı, eyni zamanda onlar üçün iş yerləri olacaq müasir müəssisələr tikilirdi. Eyni zamanda bu, təkcə Xankəndi üçün deyil, bütün Dağlıq Qarabağ üçün xarakterik idi. Yada salmaq düzgün olardı ki, bütün bunlar Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, onilliklərlə Azərbaycanın maliyyə-texniki resursları və iradəsi hesabına yaradılırdı. Xankəndində tikilmiş müəssisələr keçmiş muxtar vilayətin sənaye məhsulunun yarısından çoxunu buraxırdı. Sovet dövrünün axırına Xankəndində bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı.
 
Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu tabeçiliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran rayonu adlandırıldı.
 
Qarabağ müharibəsi dövrü
 
1988-ci ildə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndində ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdı. Bu, Dağlıq Qarabağın azərbaycanlı icmasının haqlı narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı. Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında praktika keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunu qisasını almaq üçün Xankəndinə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. Bu gənclər sonradan illərlə davam edəcək Dağlıq Qarabağ münaqişəsinin ilk qurbanları oldular.
 
May ayının 25-dən etibarən isə Vilayət Partiya Komitəsində məsul vəzifədə çalışan azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci ilin 18 sentyabrında Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Mayor Şahbazyanın başçılığı altında həm yerli milis idarəsində, həm də Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı. Azərbaycanlıların yaşadıqları evləri yandırmaq məqsədilə bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Zavodskoy küçəsi, Puşkin küçəsi, Ü.Hacıbəyov küçəsi, Özbəkistan küçəsi, Bazarnaya küçəsi, DQMV-50 küçəsində evlərə hücum edərək müxtəlif vasitələrlə onları yandırmağa başladılar. Sabir və Lesnoy küçələrinə də hücum edən ermənilər orada müqavimətlə rastlaşdıqlarından geri çəkilməyə məcbur oldular. Daha sonra M.Paşayev, Timiryazev, Magilyevski və Admiral İsakov küçələrində də yanğınlar törətdilər. Ümumilikdə isə 59 ev yandırıldı. Sentyabr ayının 18-də 20-nə kimi ermənilər talan və qarətlərinin davam etdirdilər. Beləliklə, 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan bütün etnik azərbaycanlıların hamısını zorla şəhərdən qovurlar. Xankəndində Azərbaycanın büdcəsinin pulu ilə tikilmiş bütün sənaye müəssisələrinin başçıları ermənilər idi. Həmin müəssisələr gizlin olaraq atıcı silahlar və minalar istehsal edərək bunları erməni silahlı dəstələrinə paylayırdılar. 1991-ci ilin dekabr ayında SSRİ öz mövcudluğuna son verdi. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir rus əsgəri öldürüldü. Bazada olan rus əsgərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi, buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan daha əvvəl Xankəndində yerləşən 366-cı moto-atıcı alayın rus əsgərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci ildə Qarabağda olan amerikalı hüquq müdafiəçisi Skot Harton bu barədə yazaraq bildirir ki, hərbi bazada xidmət edən rus zabiti onu yerli biznesmen kimi təsəvvür edərək ona tankı 3000 ABŞ dollarına almağı təklif edib. Bəzi şahidlər isə rusların öz silahlarını araq əvəzinə ermənilərə verdiyini deyir. Müharibə boyunca Azərbaycan Ordusunun bölmələri bir neçə dəfə Xankəndinə yaxınlaşsa da, şəhəri işğaldan azad etmək mümkün olmayıb.
 
Atəşkəs dövrü
 
Qarabağ müharibəsi dövründə Xankəndi şəhəri böyük dağıntılara məruz qalır. Lakin müharibədən sonra ermənilər xaricdəki diasporun köməyi ilə Xankəndini bərpa edirlər. Onu da qeyd etmək lazımdır ki, ermənilər işğal olunmuş digər rayonların şəhər mərkəzlərini talan edərək onların vasitəsilə Xankəndini və həmçinin Dağlıq Qarabağdakı digər şəhərləri çox ucuz qiymətə bərpa ediblər. Bundan başqa erməni diasporunun köməyi ilə Gorus şəhərindən Xankəndinə qədər 64 km uzunluğunda, çəkilişi 1999-cu ildə tamamlanan şose yolu çəkilmişdir ki, bu yol Ermənistan ilə işğal olunmuş əraziləri birləşdirən yeganə yoldur.  2000-ci ildə Xankəndində separatçı Dağlıq Qarabağ Respublikasının "prezident"i Arkadi Qukasyana sui-qəsd təşkil olunur. Qukasyan bu hücum nəticəsində sağ qala bilir. Sui-qəsdin təşkilatçısı kimi Qarabağdakı erməni ordusunun komandanı olan Samvel Babayan tutularaq 14 illik həbs cəzasına məhkum edilir.
 
Şəhərdə terror, sui-qəsd və hücum aktları
 
1988-ci ilin yayında Xankəndi Uşaq Xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs ermənilər tərəfindən xəstəxananın həyətində döyülərək, qətlə yetirilib.
28.06.1989-cu il tarixində ermənilər tərəfindən Badara qəsəbəsindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışdır.
20 sentyabr 1991-ci ildə şəhərdə Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılmışdır. Cinayəti törətmiş Artur Amramyan həbs olunmuş və 15 il müddətində azadlıqdan məhrum olmuşdur.
1990-cı il may ayında Bakı-Xankəndi qatarı və Xankəndi-Ağdam avtobusu partladılır.
1990-cı ilin iyununda Xankəndili Əşrəf və Ələmşah adlı iki qardaş 336-cı moto-atıcı alayın qarşısında diri-diri yandırılır.
15 sentyabr 1991-ci ildə Xankəndidəki radio-televiziya stansiyası partladılmışdır. Bu günə kimi bu hadisədə əli olanların adları məlum deyil.
1991-ci il yanvarın 5-də Kərkicahan ərazisinə ermənilər tərəfindən hücumlar olunur. Beləcə qəsəbə 3 nəfəri itirir. Lakin erməni tərəfindən də, çoxlu itkilər olur.
1991-ci il 9 yanvar tarixində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artuşa Qriqoroviç tərəfindən DQMV-nin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir. Buna səbəb kimi onun azərbaycanlıları müdafiə etməsi və sui-qəsdin yuxarı dairələrdən sifariş olunması göstərilmişdir.
1989-cu ilin oktyabr ayında evinə qayıdan iki nəfər Kərkicahan sakini güllələnmişdir.
1991-ci il fevralın 4-də ermənilər azərbaycanlılar yaşayan bir neçə binanı partladır, güllələyirdilər.
1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru L.Xomiç qətlə yetirilmişdir.
24 fevral 1991-ci ildə Şuşadan Ağdam rayonuna gedən "PAZ-3205" dövlət nömrə nişanlı avtobus şəhər ərazisində partladılmış, nəticədə 7 nəfər vəfat etmişdir.
Həmçinin ermənilər bu zaman ərzində oğurluq və talançılıq işlərinə də, əl atıblar. Belə ki, Kərkicahan, Cəmilli və Kosalar ərazisində xalqın mal-qarası, xırda buynuzlu heyvanları ya oğurlanır, ya da güllələnir.
1994-cü il 18 mart tarixində Xankəndi səmasında erməni terrorçuları tərəfindən İranın Hərbi Hava Qüvvələrinə məxsus Herkules tipli təyyarə vurulmuş, 36 nəfər həlak olmuşdur.
 
Əhalisi
 
Bir çox illərdə ermənilər Xankəndi şəhərinə köç etmişdirlər. İlk köç 1800-cü ildə, İbrahimxəlil xan Cavanşirin dönəminə təsadüf edir. Daha sonralar 1804, 1850, 1890, 1915, 1937 və 1951-ci ildə minlərlə erməni buraya köç etmişdir. Ən son köç isə 1988-ci ildə Sumqayıt ermənilərinin köçü olmuşdur. Onlar əsasən Xankəndi, Kərkicahan, Kosalar, Bəhlulun, Cəmilli ərazilərində məskunlaşmışdırlar.
Bu gün Xankəndi əhalisinin çox hissəsi Bakı, Abşeron, Pirşağı, Mərdəkan, Zuğulba, Gəncə, Sumqayıt, Nəsimi rayonu, Ağcabədi, Naftalan və Ağcakənd ərazilərində məskunlaşmışdırlar. Qarabağ müharibəsinin ilk məcburi köçkünləri olmuş Xankəndi camahatı Gəncənin "Üzümçülük Savxozu" deyilən ərazidə yaşamışlar.
Hal-hazırda erməni mənbələrinin verdiyi məlumata görə şəhərin əhalisi 50.000 nəfərdir. Müstəqil mənbələr isə şəhərin faktiki əhalisinin sayının bundan bir neçə dəfə az olduğunu bildirir. Şəhərdə yaşayan əhalinin hamısı etnik ermənilərdir. Şəhərdə azərbaycanlıların və ya hər hansı digər millətdən olanların buraya köçərək yaşamasına icazə verilmir.
 
Elm və mədəniyyət ocaqları
 
70-ci illərdə Dağlıq Qarabağa göstərilən qayğı, vilayəti müasir sənayesi, qabaqcıl kənd təsərrüfatı, müasir infrastrukturu olan, yüksək dərəcədə inkişaf etmiş regionlardan birinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Dağlıq Qarabağ hadisələri başlayan dövrdə də vilayət hərtərəfli inkişaf etmiş bir bölgə kimi 1970-ci illərin bəhrəsini yaşayırdı. Təsadüfi deyildir ki, 1988-ci ilin əvvəllərində DQMV hadisələri başlayarkən münaqişənin səbəbini “Azərbaycan tərəfindən DQMV-nin sosial-iqtisadi vəziyyətini məqsədyönlü şəkildə geridə qoyulmasında” görən şovinist əqidəli erməni siyasətçilərinin ideyaları ən səlahiyyətli və özü də milliyyətcə erməni olan yüksək rütbəli iqtisadçı mütəxəssislərin iştirak etdiyi yoxlamalarda təkzib olunmuşdur.
 
Müxtəlif memarlıq üslubunda çoxsaylı binaların inşa edilməsi, mədəniyyət abidələrinin ucaldılması Azərbaycanın dinamik inkişaf edən şəhərlərindən biri kimi Xankəndi şəhərinin görkəmini qısa müddət ərzində dəyişdirmişdi. Burada iqtisadiyyatla yanaşı, təhsil, elm və mədəniyyət də böyük inkişaf yolu keçmiş, mətbuat, ədəbiyyat və incəsənət tərəqqi etmiş, ali və orta ixtisas təhsili şəbəkəsi genişlənmiş, uşaq müəssisələrinin, məktəblərin maddi-texniki təhsil bazası möhkəmlənmişdir.
 
1970-1985-ci illər ərzində Xankəndi şəhərində bir sıra elmi idarələr fəaliyyət göstərirdi ki, bu idarələr bölgənin xalq təsərrüfatı sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün yeni-yeni səmərəli təkliflər irəli sürməklə işlər aparır, yeni ixtiralar edirdilər. Həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin təbii sərvətlərinin dərindən öyrənilməsində, həm kənd təsərrüfatı bitkilərinin, həm də heyvandarlıqda məhsuldarlığının artırılmasının həlli yollarının tapılmasında mühüm işlər görülürdü. Xankəndi Aqrar Sənaye Birliyi, Xankəndi Zona Təcrübə Stansiyası, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin DQMV filialı, Qarabağ Elmi Təcrübə bazası, AMEA-nın Dağlıq Qarabağ filialı bu qəbildən olan idarələrdən idi.Xankəndi şəhərində Müəllimləri Təkmilləşdirmə İnstitutu, Pedaqoji İnstitut, Kənd Təsərrüfatı Texnikomu, Azərbaycan Yazıçılar İttifaqının Xankəndi filialı, 2 musiqi məktəbi, texniki-peşə məktəbləri, Tarix-Diyarşünaslıq Muzeyi, M.Qorki adına Xankəndi Dram teatrı, kitabxanalar, idman meydançası, istirahət parkları, istirahət evləri, mahnı-rəqs dərnək və ansamblları fəaliyyət göstərirdi.
 
Tarixi memarlıq abidələri
 
Xankəndi şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar nəticəsində Eneolit və Tunc dövrlərinə aid maddi mədəniyyət nümunələri olan kurqanlar aşkar edilmişdir. Həmin kurqanların bəzilərində 50-dən çox sklet aşkar edilmişdir. Belə ki, bu skeletlərin aşkar edilməsi həmin kurqanın qəbilə üzvlərinə və ya ailələrə aid olduğunu göstərir. Xankəndində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri bölgənin qədim tarixə malik olduğunu, əhalinin məşğuliyyətini, hansı sənətkarlıq sahələrinin inkişaf etdiyini, dini ideologiyasını, incəsənətini, əhalinin adət və ənənələrini və s. öyrənməyə imkan verir. Kurqanlardan daş gürzülər, ox ucları, mis xəncər tiyələri, daş həvəng, sümükdən düzəlmiş alətlər, qızıl muncuq və asmalar, keramika nümunələri tapılmışdır. Digər tarixi abidələrə misal olaraq Kərkicahan qəsəbəsində yerləşən üç qəbiristanlığı göstərmək olar. Burada 1400-cu illərə aid yazısı olan qəbirlər, 800 il əvvələ təsaduf edilən musəlman qəbiristanlığının qalıqları, həmçinin “Kilsəli” deyilən yerdə Alban kilsəsi mövcud olmuşdur. Qarabağ hadisələri başlayan zaman ermənilər qırmızı rənglə yazılmış bir sal daşı gətirib həmin əraziyə qoyaraq Alban məbədgahını öz adlarına çıxmağa çalışırdılar. Kilsənin 500 metrliyində bir neçə qəbir də olmuşdur ki, həmin qəbirlərdəki dəfn olunanlar üzü qibləyə tərəf dəfn olunmuşdular.
 
Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, “Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daş qəbirlər yerləşirdi.
 
Meşəli kəndi ərazisində - Meydan yaylağında - müqəddəs ziyarətgah “Seyid qəbri”, “Yeddi kilsə” (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi. Təəssüflər olsun ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəinki insan təlafatı, itkisi ilə, hətta tarixi memarlıq abidələrimizin, maddi mədəniyyət nümunələrimizin dağıdılması, məhv olunması ilə də nəticələnmişdir
 
Sənaye müəssisələri
 
İşğala qədərki dövr ərzində Dağlıq Qarabağ Muxtar Vilayəti sosial-iqtisadi cəhətdən Azərbaycanın ən yüksək inkişaf etmiş regionlarından biri olmuşdur. Çoxsahəli sənayenin, kənd təsərrüfatının, sosial-infrastrukturanın inkişafı sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Vilayətin iqtisadiyyatının möhkəmlənməsində, iqtisadi əlaqələrin ümumi dövriyyəsində Azərbaycanın digər regionlarının xüsusi çəkisi 90 faizdən çox olmuşdur. Bəhs olunan işğala qədərki dövrdə Ermənistan SSR-in bu sahədəki payı isə 2 faizdən də az olmuşdur ki, bu da guya DQMV-nin Ermənistan SSR-in iqtisadi həyatından tam asılılığı barədə akademik A.Aqanbeqyanın və digərlərinin fikirlərinin əsassızlığını əyani şəkildə sübut edir. Xankəndi Azərbaycanın müasir sənayeyə malik şəhərlərindən biri idi. Sənayenin əsasını ipəkçilik, tikinti materialları sənayesi, elektrotexnika, ayaqqabı, maşınqayırma, toxuculuq, musiqi alətləri, mebel, ət-süd sənayesi, qənnadı və un məmulatıları, konyak, şərab və s. təşkil edirdi. Xankəndi şəhəri ipək istehsalına görə respublikamızın ikinci mərkəzi idi. Çox təəssüflər olsun ki, erməni şovinistlərinin Azərbaycana qarşı ərazi iddiaları və bütün bunların nəticəsində yaranan qarışıqlıq sənayenin digər sahələri kimi ipəkçiliyə də ağır zərbə vurdu. Xankəndi şəhərində ipək parça məhsullarının, geniş çeşidli trikotaj, tikiş məmulatları və digər hazır məhsul istehsalının həcmi artırdı. “Qarabağ ipək kombinatı”nda 12 adda ipək parça hazırlanırdı. Kombinat respublika ipəkçilik sənayesi məhsullarının 36 faizini verirdi. Xammala olan çatışmazlıq Ukraniyadan, Özbəkistandan, Tacikistandan, həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinə qonşu olan rayonlardan almaq hesabına aradan qaldırırdı. Xankəndi tikinti materialları kombinatında yüksək keyfiyyətli mişar daşı, kərpic, üzlük tavanlar, mərmər bloklar istehsal olunurdu. Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılan sənaye müəssisələrindən biri Xankəndi ayaqqabı fabriki idi. Əsası 1970-ci ildən qoyulan və tam olaraq 1972-ci ildə istifadəyə verilmişdir. Dinamik inkişaf edən sənaye sahələrindən biri də şərabçılıq sənayesi idi. Vilayətdə 5 yeni şərabçılıq zavodları tikilib istifadəyə verilməsi, burada hər bir avadanlığın quraşdırılması yüksək keyfiyyətli, beynəlxalq standartlara uyğun məhsulların istehsalına zəmin yaratmışdır. Elektrotexnika zavodu şəhər sənayesində mühüm yerlərdən birini tuturdu. Müəssisədə stolüstü ventilyatorlar, müasir tipli elektrik çıraqları, lampalar, ümumilikdə isə 14 növ məhsul istehsal olunurdu. 60-cı illərin sonlarında Mebel fabrikinin fəaliyyətə başlaması ilə sənayedə yeni bir canlanma yarandı. Fabrikdə qiymətli ağac növlərindən mebel, masa, kürsü, kreslo, çarpayı, məişət əşyaları və digər məmulatlar istehsal olunurdu. Xankəndi tikiş fabrikində yeni korpusların yaradılması və avadanlıqların yeniləri ilə əvəz olunması istehsal həcmini daha da artırmışdı. Fabrikin istehsal etdiyi məhsullara respublikada və onun hüdudlarından kənarda böyük tələbat var idi. 1980-ci illərin əvvəllərində istehsal artımına görə fərqlənən sənaye müəssisələrindən biri də Xankəndi süd kombinatı idi. Kombinatın bütün sexlərinin yeni avtomat qurğularla təmin edilməsi nəticəsində süd və süd məhsullarında, pendir və yağ istehsalında böyük artım müşahidə edilmişdi. Süd kombinatında quru süd zərdabı hazırlayan sex fəaliyyət göstərirdi ki, bu da respublikada yeganə belə sex idi. Süd və süd məhsullarının adam başına düşən istehsal səviyyəsinə görə Xankəndi şəhəri Azərbaycan SSR-in şəhərləri arasında ilk yerlərdən birini tuturdu.
 
Tanınmış şəxsləri
 
Adilə Həsənova - tibb işçisi
Ağabala Ağasadıq oğlu - muğam ifaçısı
Ağabəyim ağa - şairə, Qarabağ xanı İbrahim xanın qızı, İran şahı Fətəli şahın arvadı.
Anar Həsənov - jurnalist
Baxşı Qələndərli - Teatr rejissoru
Elçin İmanov - Bəstəkar
Əbdülqasım Əzimi - general-mayor
Əşrəf Həsənov - drijor
Fəxrəddin Manafov - aktyor
Flora Qasımova - Milli Məclisin Deputatı
Xatirə İslam - tanınmış müğənni
Həsənəli bəy Vəlibəyov - Qarabağda quberniya katibi
İbrahimxəlil xan Cavanşir – Qarabağ xanı, Pənahəli xanın oğlu.
İlham Xudiyev - Yazıçı, şair
Qəzənfər Mehdiyev - Tarixçi
Hikmət Xudiyev - Əməkdar jurnalist
Marat Manafov - Biznesmen
Mehdiqulu xan - Qarabağ xanı
Məcid bəy Vəkilov - yazıçı, repressiya qurbanı
Məhəmmədhəsən ağa – Qarabağ xanı, İbrahimxəlil xanın böyük oğlu.
Məşədi Səlim İbrahimov - repressiya qurbanı
Məşədi Zeynal Haqverdiyev - tarzən
Mirvari Tağıyeva - Professor, tibb elmləri doktoru
Nəcəfqulu_bəy_Cavadski - general
Nərgiz Həsənova – deputat, müəllimə
Süleyman Mirzəyev - Həkim
Tarzən Bəylər - tarzən
Telman Qasımov - Dosent
Zakir Mirzəyev - Tanınmış Azərbaycan qarmonçusu
Zəhra Şahtaxtinskaya - Elmi xadim, Lenin ordeni laureatı
 
Milli Qəhrəmanları
 
Fərhad Atakişiyev 
Mövsüm Məmmədov
Natiq Əhmədov 
Natiq Şahmuradov 
Nizami Məmmədov
Şakir Salahov 
Şirin Mirzəyev 
Tabil Həsənov
Telman Həsənov

Google+ WhatsApp ok.ru