Yaşayış binasının dəmir fasadı qopur, insanlar təhlükədə…

Zığ şosesində yerləşən yanan binanın yaxınlığında 1 nömrəli yaşayış binasının fasad üzlüyü qoparaq ətrafdakı sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilib. Yeni təmirdən çıxmış binanın fasadının alkopan üzlüyü havanın küləkli olması səbəbindən fasadı qoparaq ətrafa tökülüb. Bu da həmin ərazidə park edilmiş iki avtomobillərə ziyan vurub. Hazırda dəmir parçaları hissə-hissə oparaq oradan keçən sakinlərin üzərinə düşür. Bu isə o insanların həyatı üçün ciddi təhlükə yaradır. 
 
Sakinlərin şikayəti üzərinə musavat.com-un müxbiri həmin əraziyə baş çəkib və deyilənlərin şahidi olub. 
 
1 nömrəli yaşayış binasının fasadı hər an burada yaşayan və həmin ətrafdan keçən insanların faciəsinə səbəb ola bilər. Fasadın üzlüyünə vurulmuş iti uclu, kəsici xarakterli dəmirlər küləyin təsiri ilə qoparaq sürətli şəkildə yerə çırpılır. Bu zaman yaxınlıqdakı obyektlərin pəncərələrinə, damına, eləcə də avtomobillərə dəyərək ciddi ziyan vurur. 
 
Sakinlərlə etdiyimiz söhbətdən məlum oldu ki, artıq 1 həftədir sözügedən vəziyyət davam edir: “Bir həftədir binanın qarşısından keçməyə qorxuruq. Hər dəfə ehtiyat edirik ki, fasaddan qopan iri dəmir parçaları üzərimizə uçur. Bilmirik ki, hansı tərəfə qaçıb canımızı qurtaraq”. 
 
Sakinlər deyir ki, binanın çıxışından mərkəzi yola çıxmaq üçün alternativ yol çox uzaqdır. Bu səbəbdən məcbur qalıb təhlükə altında keçməli olurlar. Təhlükənin fərqində olmayan azyaşlı uşaqlar isə daha böyük risk altındadırlar. 
 
Lakin bir neçə gündür davam edən bu durum binanın fasadının təmirini aparan şirkətin rəhbərliyini heç narahat etməyib. Sakinlərin şikayətinə baxmayaraq, aidiyyatı qurumlardan heç biri təhlükənin aradan qaldırılması üçün tədbir görmür. /
 

Google+ WhatsApp ok.ru