Yeni avtobusun siftəsini elədilər – Qəza

Bakının yeni avtobusları bəzi adamların dili ilə desək, doğrudan da “səviyyəlidir”... Ancaq bu günün Bakısında yol və sürücü mədəniyyəti sahəsindəki səviyyəsizlik həmin avtobuslara problem yaradır, yəni “səviyyəli” olmaq onların baş bəlasına çevrilir.


Məlum olduğu kimi, “Isuzu” markalı yeni avtobuslar hələlik yalnız 65 saylı marşrut xətti üzrə istismara buraxılıb. Lakin onlar istismara verildikdən bir gün sonra, artıq ilk kiçik qəza ilə üzləşiblər.

“Maide.az” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, dekabrın 25-də, saat 17.50 radələrində, “Şamaxinka” deyilən ərazidə sağa doğru dönməyə cəhd edən 65 saylı avtobusu, elə onunla yanaşı eyni tərəfə dönməyə çalışan “Mitsubishi Pajero” markalı avtomobil arxa və yan tərəfdən “sürtüb”. Avtobusun qapısı və arxa tərəfi cızılıb, avtomobilin isə qabaq buferi qopub.

Avtobusun sərnişinləri hadisəyə “siftəni elədilər” sözləri ilə reaksiya veriblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü isə kifayət qədər soyuqqanlı davranıb və onlar yol polisinin gəlişini gözləyiblər.

Bu işin sonrakı gedişi barədə məlumatımız olmasa da, şahidlərin sözlərinə görə, hadisənin əsl səbəbkarı yol kənarını və yaxınlıqdakı avtobus dayanacağını zəbt edən taksi sürücüləri olub. Məhz onların ucbatından həmişə sözügedən istiqamətdə nəqliyyat vasitələri rahatlıqla dönüb, yola davam edə bilmirlər. Maraqlıdır ki, hadisəni izləyən həmin taksi sürücülərindən də kimi günahın avtobus, kimi də avtomobil sürücüsündə olması barədə yerindəcə “rəy” veriblər...

Bu arada Daxili Işlər və Nəqliyyat nazirliklərinin səlahiyyətlərinin artırılması barədə prezidentin təzəlikcə imzaladığı fərman yada düşür: söhbət, adı çəkilən nazirliklərə müvafiq olaraq, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin” və “avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə” icbari qaydada sığortalanmasına nəzarət etmək vəzifələrinin verilməsindən gedir.

Vəzifələr, səlahiyyətlər artır, ancaq bu nazirliklər yollarda elementar qayda-qanun da yarada bilmirlər. Məsələn, polis hərəkət qaydasını pozan piyadaları (xüsusilə tələbələri) rəhm etmədən 20 manat cərimələyə bilir, avtobus dayanacaqlarını zəbt edən taksi sürücülərinə qarşı isə sərt davranmır?! Yaxud, Nəqliyyat Nazirliyi yollarda avtobus sürücülərinin “interval savaşı”na son qoymaq əvəzinə, ictimai nəqliyyatda yol pulunu artırmağın dərdini çəkir?!

Göründüyü kimi, hər iki halda sözügedən nazirliklər daha çox “büdcə” gəlirlərini təmin etməkdə maraqlıdırlar. Onlara verilən yeni funksiyalar da əslində buna xidmət edəcək. Hər gün avtobuslarda və dayanacaqlarda ölüm təhlükəsi ilə üzləşən vətəndaşlar isə taleyin ümidinə buraxılıb... /

 

Google+ WhatsApp ok.ru