Yerli səhiyyəyə nə məmurlar, nə də sadə vətəndaşlar etibar edir

Səhiyyə və təhsil hər bir dövlətin əsas zəmanətidir. Məhz buna görə də deyirlər ki, bir xalqı məhv etmək üçün onun təhsilini və səhiyyəsini məhv etmək lazımdır. Çox təəssüflər olsun ki, Azərbaycanda hər 2 sahənin vəziyyəti  acınacaqlıdır. Səhiyyədə elə bir vəziyyət yaranıb ki, ölkə vətəndaşları ən yüngül xəstəliklərin müalicəsini də yerli səhiyyəyə etibar etmək istəmir. Milyonlarla insan müalicə üçün Iran, Türkiyə, Gürcüstan, Israil, Almaniya  və digər ölkələrə üz tutur. Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə  5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.
 
Səhiyyə Nazirliyi isə xaricdən gələn həkimlərə xəbərdarlıq edir. Guya, problemin kökü bundadır. “Azərbaycana xaricdən tibbi fəaliyyət göstərmək üçün gələn həkimlər arasında qanunları pozanlar da olur. Ancaq onlar da nizam-intizama cəlb edilirlər”. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
 
O bildirib ki, xaricdən gələn bəzi həkimlərin öz profillərinə uyğun fəaliyyət göstərməsi və onların göstərdikləti tibbi xidmətlərin keyfiyyəti ilə bağlı da müəyyən boşluqlar var. Ancaq bu məsələ də SN-nin diqqətindədir.
 
E.Ağayev Azərbaycandan xaricə müalicə üçün getmə hallarına münasibət bildirib: “Azərbaycanda bu gün həyata keçirilə bilməyən əməliyyat yoxdur. Azərbaycanda sümük iliyinin transplantasiyası, orqan nəqli, böyrək, qaraciyər köçürülməsi həyata keçirilir. Ancaq xəstəxananın və həkimin seçimi insanların öz işidir. Dünyanın başqa ölkələrinə də müalicə üçün müraciət edənlər olur. Bu da xəstələrin öz işidir”.
 
“Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. Iranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir”. Bunu isə Milli Məclisin Sosial siyasət  komitəsinin üzvü Musa Quliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklərin müzakirəsi zaman deyib.
 
Əvvəla qeyd edək ki, Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsaydı, bütün məmurlar ölkə səhiyyəsinə etibar edərdi. Tez-tez eşidirik ki, prezidnetin himayəsi ilə hansısa aktyor, müğənni, jurnalist və digər sahələrin nümayəndəsi müalicəyə göndərilib. Bir qayda olaraq bu adamların müalicəsi xaricdə həyata keçirilir. Digər tərəfdən xaricdən gələn həkimlər öz profillərinə uyğun işləmirlərsə, diş həkimi ginekoloqluq edirsə, bu da səhiyyə nəzarətinin olmaması ilə bağlıdır. Deməli, əhalinin sağlamlığına, təhlükəsizliyinə heç bir zəmanət yoxdur. Xaricdən gələn həkimlərə gəlincə, bu həkimləri reklam edənlər hökumətin nəzarətində olan telekanallardı. Həkimlərin özləri isə məmurların nəzarətində olan klinikalarda çalışırlar.
 
Amma problemin kökü bu da deyil. Azərbaycanda təhsil sistemi bərbad olduğuna görə, Tibb Universiteti də bu vəziyyətdən öz payını alır. Bir halda ki, oxumadan da diplom almaq, yuxarı kursa keçmək mümkündür, deməli kadr məsələsində də problem yaranacaq. Digər tərəfdən bu gün həkimlərin 90 faizi firmalarla işləyir və onlar üçün əsas olan odur ki, həmin firmanın dərmanını xəstəyə yaza bilsinlər. Bu gün həkimlər arasında “firma rəqabəti” gedir.
 
Yeni səhiyyə naziri təyin olunanda, cəmiyyətə reformist kimi təqdim olundu. Amma ötən müddət göstərdi ki, Gürcüstana, Irana müalicəyə gedənlərin sayı artdı. Ən pis nəticə budur ki, Azərbaycanla sərhəd olan bütün ölkələrə vətəndaşlar pənah aparır. Əgər Ermənistanla müharibə şəraitində olmasaydıq, əhali yəqin ki, ora da gedərdi. Yəni, istənilən seçim Azərbaycandan müsbət qiymətləndirilir. 
 
Hökumət isə səhiyyənin inkişafını yeni xəstəxanaların tikilməsi ilə sübuta yetirmək istəyir. Hansıki, inkişaf  o tikilmiş binaların içində peşəkar həkimlərin olmasıdır, vətəndaşın yerli səhiyyəyə inamıdır. Əgər bu ölkədə normal səhiyyə olsa, heç kim özünə əziyyət verib 1000 kilometrlərlə yol qət etməz.
 
Görünən budur ki, Azərbaycan vətəndaşlarının sağlamlığı  etibarlı əllərdə deyil. 21 ildən sonra məlum olur ki, bu sahədə heç bir nəzarət yoxdur.  (Azadlıq qəzeti)

Google+ WhatsApp ok.ru