Ziya Məmmədovun infarkt keçirməsi xəbəri təkzib olundu

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun infarkt keçirməsi və təcili olaraq müalicə üçün Türkiyəyə aparılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
 
Bu barədə Oxu.Az-a Azərbaycanın Nəqliyyat Nazirliyindən bildiriblər. Nazirlikdən daxil olan məlumata görə, nazir Ziya Məmmədov hazırda Türkiyədə səfərdə olsa da, bu, müalicə məqsədi daşımır. "Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov hazırda məzuniyyətdədir və o, qanunvericiliklə nəzərdə tutulmuş məzuniyyət hüququndan istfadə edərək, istirahət etmək üçün qardaş Türkiyə Cümhuriyyətini seçib. Hal-hazırda nazir Ziya Məmmədov Türkiyədə istirahətini davam etdirir. Onun səhhətinin pisləşməsi ilə yayılan xəbərlər heç bir şəkildə həqiqəti əks etdirmir. Bu növ yalan məlumatların yayılması yalnız müxtəlif mətbu orqanların diqqəti özünə cəlb etmək, reytinq qazanmaq cəhdlərindən başqa bir şey deyil.
 
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Azərbaycan mətbuatında əsas peşəsi ucuz reytinq ardınca qaçmaq olan müxtəlif qəzetlər, saytlar da var. Artıq dəfələrlə müşahidə olunub ki, bəzi saytlar qeyri-peşəkar fəaliyyətləri ucbatından oxucu kütləsi cəlb edə bilmədikləri üçün ölkəmizin müxtəlif dövlət məmurları, nazirləri, siyasi və ictimai xadimləri haqqında yalan, həqiqətə uyğun olmayan məlumatlar yaymaqla diqqəti özlərinə yönəltmək, məşhurlaşmaq istəyirlər.
 
Digər təəssüflə qeyd olunası məqam isə ondan ibarətdir ki, ölkənin media bazarında xeyli müddətdir fəaliyyət göstərən, kifayət qədər ad-sana malik müxtəlif xəbər portalları da, dünənə qədər adını eşitmədikləri, hardan peyda olduğu qaranlıq qalan birgünlük saytların yalan xarakterli məlumatlarını heç bir şəkildə yoxlamadan, dərhal dərc edirlər, və bununla da, həmin saytlarla eyni səviyyədə qeyri-peşəkar iş nümayiş etdirmiş olurlar”, - deyə, nazirlikdən daxil olan məlumatda bildirilir.
 
Qeyd edək ki, Z. Məmmədovun infarkt keçirməsi xəbərini analitik.az saytı yayıb.

Google+ WhatsApp ok.ru