2014-cü il Azərbaycan dini cameəsində nələr baş verdi? - ANALİZ

2014-cü ilin son günləridir. Bu il Azərbaycan üçün müxtəlif tarixi hadisələrlə yadda qalıb. Bura Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyini, cəbhədəki gərgin vəziyyəti, Cənub Qaz Dəhlizinin əsasının qoyulması, Ermənistan HHQ-yə məxsus helikopterin Azərbaycan ərazisində vrulmasını, səs-küylü həbs dalğasını və sairləri göstərmək olar. Amma bundan əlavə Azərbaycanda bir də son illər gərgin olan dini mühit var. Hansı ki, bir neçə il əvvəl başlayan hicab qadağasından sonra yarandı və bu gün də qismən davam edir. Maide.az olaraq 2014-cü il Azərbaycan dini mühitində hansı əlamətdar hadisələrlə yadda qalmasını araşdırdıq. 
 
Yanvar
2014-cü ilin ilk günlərində ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirildi və o, 13 saylı cəza çəkmə müəssisəsinə köçürüldü.
 
 
 
 
Fevral
2010-cu il fevralın 13-də İslam Peyğəmbərinin vəfatı ilə əlaqədar “Hacı Sultanəli” məscidində əzadarlıq mərasimi keçirəndən sonra Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən həbs edilən 5 nəfər dindardan biri - Seynur Hüseynov 4 ildən sonra azadlığa çıxdı.  
Müdafiə Nazirliyinin rəsmisinin orduda namaza qadağa ilə bağlı açıqlaması birmənalı qarşılanmadı. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAM) məsələyə münasibət bildirərək, Müdafiə Nazirliyinin orduda namaza qadağa ilə bağlı mətbuata açıqlaması zamanı insan hüquq və azadlıqlarını məhdudlaşdıran müddəalara yer verildiyini bildirdi. Qeyd olundu ki, nazirliyin açıqlamasındakı, “dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir” kimi ibarələr namaz qadağasının mövcudluğunun faktiki təsdiqidir.Nəzərə almaq lazımdır ki, dini ayinlərin icrasına maneə törətmək - qüvvədə olan qanunvericiliyə görə cinayət tərkibi yaradır. 
Milli Məclisinin sədri Oqtay Əsədovun dini mərasimlərdə “Qurani-Kərim”in Azərbaycan dilində səsləndirilməsi təklifinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə münasibət bildirərək, bunu əleyhinə olduğunu söylədi və “Qurani-Kərim”in Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz”, - deyərəkŞ müzakirəni bağladı.
2011-ci ildə barəsində 12 il həbs cəzası çıxarılmış Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov fevralın 11-də saxlandığı 11 saylı cəzəçəkmə müəssisəsindən Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürüldü. Mövsüm Səmədov ümumi halsızlıq və böyrəyində yaranan ağrılardan əziyyət çəkirdi. 
Onun ardınca 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilən və 15 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan İslamçı məhbus Rufulla Axundzadə də Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə köçürüldü.
Məhz bu ayda prezident İlham Əliyev Kamal Mehdi oğlu Abdullayevi (Kamal Abdulla) Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edərək, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin etdi.
Ayın son günlərində isə Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov barəsində inzibati həbs qərarı çıxarıldı. Şükürov İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etmək) maddəsi ilə təqsirli bilinirdi.
 
Mart
Azərbaycanda ilk dəfə olaraq Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Hacı Salman Musayevin redaktorluğu və Yusif Bağırovun tərcüməçiliyi ilə Ayətullah Cəfər Sübhaninın müəllifi olduğu "Vəhhabi cərəyanı" adlı kitab çap edilərək ölkədəki məscidlərə paylandı.
 
 
 
Aprel
2012-ci il oktyabrın 5-i Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutularaq, barəsində Nərimanov Rayon Məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılan hicab məhbusu Nahid Qəhrəmanovun işindən Ali Məhkəməyə verilən şikayətə baxıldı. Və kassasiya şikayəti təmin olunmadı. Həbs hökmü qüvvəd qaldı.
İslam Partiyası Astara rayon komitəsinin sədri Famil Şükürovun istintaqı yekunlaşaraq, iş məhkəməyə göndərildi. 
Daxili İşlər Nazirliyini Bakıda nurçuluq təriqətindən olan şəxslərə qarşı əməliyyat keçirdi. Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aralarında 5-i Türkiyə vətəndaşı olan 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirildiyi müəyyən edilibmiş.
İslamçı məhbus Rufulla Axundzadənin səhhətində yenidən problem yarandı və Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsindən 15 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılan dustaq xəstəxana qaldığı müddətdə heç bir müalicə almadığını söylədi. Vəkili onun ürək tutmalarından, boğulmaların əmələ gəlməsindən əziyyət çəkdiyini bildirdi.
Aprelin 12-də həbs edilən ilahiyyatçı Zülfüqar Mikayılzadə azadlığa buraxıldı. Onun saxlanılmasına səbəb kimi yaşayış üçün nəzərdə tutulmuş evin ofis kimi istifadə edilməsi göstərilmişdi.
AİP lideri Mövsüm Səmədovun vəkili Anar Qasımlı bildirdi ki, müvəkkilinin 11 saylı cəzaçəkmə müəssisənin durumu ilə bağlı yaydığı məlumatdan sonra onu Qobustan qapalı həbsxanasına göndəriləcəyi ilə bağlı hədələyiblər. Qeyd edək ki, Mövsüm Səmədov məlumatda vəziyyətin günü-gündən pisləşdiyini və məhbusların həyatlarının təhlükə ilə üz-üzə qaldığını bildirirdi. 
 
May
Prezident İlham Əliyev Elşad İskəndərovu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad etdi.
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov cəza çəkdiyi 11 saylı həbsxanada baş verən özbaşınalıqlara etiraz etdiyi üçün növbəti dəfə karsa (cərimə təcridxanasına) salındı.
 
 
 
İyun
Müsəlmanların 3-cü imamı olan Həzrəti Hüseynin (ə) mövlud günü Bakı şəhərində böyük coşqu ilə qeyd olundub. Və ilk dəfə olaraq bir qrup dindar qeyri-adi addım atdı. Onlar bayram şənliyini müsəlmanlarla deyil, məhz xristianlarla qeyd etməyə üstünlük verdilər. Bakıda 28 may metrosu yaxınlığında yerləşən kilsəyə üz tutan inanclı şəxslər rahibləri Həzrəti Hüseyn (ə) barədə məlumatlandıraraq, onlara hədiyyə veriblər. 
Dini fəal, jurnalist Nicat Əliyev və daha doqquz şəxsin Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayət üzrə proses baş çatdı və həbs cəzası qüvvədə qaldı. Onlar narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə təqsirli bilinirlər.
 
İyul
Sabirabad şəhər mərkəzi bazarının yaxınlığında Kürdəmir rayon sakini Cavanşir Zərbəliyevin vəhabilik barədə təbliğat aparması ətrafdakı vətəndaşların etirazına səbəb oldub. Bu zəmində şəhər sakini Rəmzi Zeynalovla Cavanşir Zərbəliyev arasında əlbəyaxa davaya keçən münaqişə sonradan Zərbəliyevin saqqalının qırxılması ilə başa çatıb. 
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi barədə sərəncam imzaladı.
Azərbaycan İslam Partiyasının təşəbbüsü ilə İsrailin Bakıdakı səfirliyi qarşısında Qüdsə dəstək aksiya keçirildi. Bir neçə nəfər saxlanılaraq, polis idarəsinə aparılsa da, sonradan cərimə edilərək azad olundular.
 
Avqust
2010-cu il fevralın 13-də İslam Peyğəmbərinin vəfatı ilə əlaqədar “Hacı Sultanəli” məscidində əzadarlıq mərasimi keçirəndən sonra Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən həbs edilən 5 nəfər dindardan daha ikisi - Elmar Səmədov və Ağəli Yəhyayev saxlandıqları 16 saylı cəzaçəkmə müəssisəsindən azad olundular.
 
 
 
 
 
Sentyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıqlama verərək, yas mərasimlərindəki israfçılıqdan danışdı. Mübariz Qurbanlı bildirdi ki. Azərbaycanın özünəməxsus adət-ənənələri var, ancaq bu milli adət-ənənələr ehkam deyil. O, əlavə olaraq bildirdi ki, ölkədə yas mərasimlərinin həyata keçirilməsində hədd aşılmamalı, eləcə də mərasimlərdə müəyyən nizamlar qorunmalı, israfçılığa yol verilməməlidir.
Dini Komitənin bu mövqeyi QMİ tərəfindən demək olar ki, tamamilə qəbul edilmədi və vətəndaşların yas mərasimlərində süfrələrinə nə verəcəkləri yönündə azad olduqları bildirildi.
Sabunçu Rayon Məhkəməsində jurnalist Nicat Əliyevin məhkəməsi oldu və onun cəza müddətinin daha iki ay artırılması haqqında qərar verildi. Buna səbə onun yatdığı cəza kamerasından mobil telefon tapılması olub. 
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun cəza yeri dəyişdirildi. O, Penitensiar xidmətin 11 saylı müəssisəsindən 12 saylı müəssisəsinə köçürüldü və yeni köçürüldüyü cəzçəkmə müəssisəsində 5 günlük cərimə təcridxanasına salındı. Amma kars müddəti bitdikdən sonra daha 7 gün əlavə oludu. 
Qanunla dustağın karserdə olması vəkillə görüş verilməməsinə əsas sayılmasa da vəkil Anar Qasımlı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşə buraxılmadı.
Mövsüm Səmədovun əmisi oğlu, onunla eyni vaxtda məhkum olunmuş Dəyanət Səmədov da 3 günlük karserə salındı. Səbəb yatmaq əmrindən sonra namaz qılması olub. Dəyanətin dediyinə görə, sentyabrın 18-də Mövsüm Səmədovu birbaşa karserə gətiriblər. O, aclıq elan edib, vəziyyəti haqqında yazmaq üçün kağız-qələm istəyib. Heç nə verilməyib.
Milli Şuranın təşkilatçılığı ilə tanınmış hüquq müdafiəçisi Leyla Yunus və Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun təzyiqə məruz qalması ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə çıxəş edən professor Cəmil Həsənli bildirdi ki, zaman azərbaycanlıların dövlət, millət və xalq olaraq ləyaqətini imtahana çəkir. Çox təəssüf ki, biz indi deyə bilmərik ki, bu ləyaqət imtahanından üzüağ çıxırıq. Mən bir daha bəyan etmək istəyirəm ki, 105 nəfər siyasi məhbusumuz var. Onlara qarşı həbsxanalarda qeyri-qanuni cəzalar, təzyiqlər və döyülmə halları baş verir: “Mövsüm Səmədov öz prinsiplərinə sədaqətli olan insanlardan biridir. Son iki həftə ərzində onun həbsxanada anti-insani hərəkətlərlə qarşılaşması, “kars”a salınması və ona qarşı qanunun mühüm tələblərinin pozulması müşahidə edilməkdədir. Mövsüm Səmədov nə qədər təzyiqə məruz qalsa da, bu ilahiyyatçı böyük iradə sahibi olduğu üçün mübarizəsi bu günə qədər davam edir. Leyla Yunus zorakılığa məruz qalıb. Mən bəyan edirəm ki, şəxsən İlham Əliyevin razılığı olmadan Leyla Yunusa qarşı zorakılıq edilə bilməz.”
Azərbaycanda din xadimləri üçün Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı vahid geyim formalarının tətbiqinə başlandı.
 
Oktyabr
Azərbaycan Ruhanilər Məclisi (ARM) son zamanlar Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı həbsxanada olunan təzyiqlərlə bağlı toplantı keçirdi və dindarlara qarşı edilən təqiblərə son qoyulması tələb olundu. ARM-ın bununla bağlı verdiyi bəyanatda bildirildi ki, bu gün Azərbaycanda hər bir şəxsi, o cümlədən dindar kəsimi Mövsüm Səmədovun durumu çox narahat edir və ona qarşı olunan təzyiqlər kəskin şəkildə pislənilir: “Əvvəlcədən Hacı Mövsüm Səmədov və onun əqidə yoldaşları günahsız olaraq, şərlənərək həbs olunublar. Çox ədalətsiz və məzhəkəli bir surətdə, ədalətsiz şəkildə 12 illik məhkum edilib. Görünür bu 12 il Hacı Mövsümdən intiqam almaq istəyənləri, bu məqsədlə sifariş verənləri razı salmayıb. Ona görə də, bu gün onun sağlamlığını, canını təhdid edəcək təzyiqlərə əl atıblar.”
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi Islam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun sağlıq durumundan narahatlıq ifadə edən bəyanat yaydı. DEVAMM sədri Hacı Ilqar Ibrahimoğlu Mövsüm Səmədovun sağlamlığı ilə bağlı yaranmış vəziyyətdən dərin narahatlıq keçirdiklərini bildirərək, azadlıqdan məhrum olan bir insan kimi, Hacı Mövsümün sağlamlığı ilə bağlı bütün məsələlərə hökumətin cavabdehlik daşıdığını söylədi. 
AİP lideri Mövsüm Səmədovun 2 il müddətinə Qobustanda yerləşən qapalı rejimli həbsxanaya köçürülməsi barədə məhkəmə qərar çıxardı. Həbsxana rəhbərliyi Mövsüm Səmədovun guya daxili nizam intizam qaydalarını pozduğunu əsas gətirdi.
Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesinin keçirildiyi 12 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına yollanan inanclılar və ruhanilər həbsxanaya gedən yollarda polis postları ilə rastlaşdılar. Avtomobillə 12 saylı CÇM-nə getmək istəyən avtomobillərin hamısı yoxlanılaraq əraziyə buraxıldı. 
Mövsüm Səmədovun 11 saylı cəzacəkmə müəssisəsindən 12 saylı qapalı cəza müəssisəsinə köcürülməsindən dərhal sonra xidmət əməkdaşları həbsxananın nəzdində fəaliyyət göstərən məscidin işıqlarını kəsib, qapısını kilidləyərək açarı götürdülər. Dustaqların dinlədiyi Quran xütbələri yazılmış disklər və ələmi isə müsadirə edildi. 
İlahiyyatçı Abgül Süleymanov 13 saylı Cəza Çəkmə Müəssisəsində karserə salındı.  
Tanınmış ilahiyyatçı alim Tale Bağırovun 12 saylı Cəzçəkmə Müəssisəsində "kars" müddəti başa çatdıqdan sonra bu müddət 1 aya qədər artırıldı. Buna səbəb kimi onun həbsxananın vahid forma geyiminə riayət etməməsi göstərildi. 
İlahiyyatçı Tale Bağırovla birgə həbs edilən Anar Məlikov 1 il 7 ays onra saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxıldı. 
Biləsuvar rayonunun ərazisində, Bakı-Astara yolunun 91-ci kilometrliyində zəvvarları İran İslam Respublikasının Məşhəd şəhərinə aparan sərnişin avtobusu idarəetməni itirərək, yol kənarına aşdı. Qəza nəticəsində avtobusda olan 33 sərnişindən 3-ü hadisə yerində dünyasını dəyişdi, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri aldı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində mətbuat katibi vəzifəsini icra edən jurnalist Orxan Əli işdən çıxarıldı. 
 
Noyabr
AİP lideri Mövsüm Səmədovun Apellyasiya Məhkəməsinin növbəti iclası keçirildi. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində AİP liderinin 2 illik Qobustana köçürülməsi ilə bağlı qərar qüvvədə saxlanıldı.  
Ruhani Abgül Süleymanovun kars müddəti bitsə də, ikinci dəfə 15 günlük cəza kamerasına salındı.
Sumqayıtda vəhhabi təriqətinə rəhbərlik edən Zöhrab Şıxəliyev tutuldu. Onun Corat qəsəbəsindəki evində aparılan axtarış zamanı xeyli sayda silah-sursat və partlayıcı vasitələr, yayılması qanunla qadağan edilmiş dini ədəbiyyat və disklər götürüldü.
Prezident İlham Əliyev dini icmalara maliyyə yardımı göstərilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayırılması barədə sərəncam imzaladı. 
 
Dekabr
Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov Qobustan həbsxanasına köçürüldü.
İslam Partiyasının sədr əvəzi Elçin Manafov ölkədə fəaliyyət göstərən 14 müsəlman ölkəsinin səfirliyinə məsələ ilə bağlı müraciət göndərdiklərdini bildirdi. 
İslam Partiyası noyabr ayından başlayaraq dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə mitinq keçirməklə bağlı müraciət etməsinə baxmayaraq, bu istək təmin olunmadı. Dekabr ayında isə partiyanın qeydiyyatının olmaması bəhanə gətirilərək, birdəfəlik bu istəyə xitam verildi. 
Qaradağ rayon məhkəməsində ruhani Abgül Süleymanovla bağlı daxili məhkəmə iclası keçirildi və onun daxili nizamnaməni pozmaq ittihamı ilə 1 illik Qaradağ rayonundada qapalı tipli həbsxanaya göndərilməsi üçün qərar çıxarıldı.
12 saylı həbsxananın şöbə rəisi Babək İsgəndərov ilahiyyatçı alim Tale Bağırovun üzündə tük olmasını əsas gətirərək, onu daxili nizamnamə qaydalarını pozmaqda ittiham etdi. Tale Bağırov isə ümumi üzqırxan aparatın kütləvi şəkildə istifadə olunmasına görə ondan istifadə etmədiyini və evdən aparat gələcəyini söylədikdən sonra ilahiyyatçıya qarşı təxribat xarakterli hərəkətlər edilidi. 
12 saylı həbsxana rəhbərliyinin məhkəməyə təqdim etdiyi təqdimat əsasında məhkəmə Tale Bağırovun 8 ay müddətinə Qobustan qapalı tipli həbsxanasına köçürülməsi barədə qərar çıxardı. 
Şeyxülislam Allahşükür Paşazadə Qərb dövlətlərinin İslama qarşı açıq mübarizə apardığını bildirərək, onların Yaxın Şərqdə bu gün faktiki olaraq təfkirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırdığını söylədi.
İlahiyyatçı Elşən Mustafaoğlu Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıldı və Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. 
Azərbaycan İslam Partiyası ölkədə dindarlara qarşı olan təzyiqlərlə əlaqədar ölkə prezidentinə müraciət ünvanladı. Müraciətdə bildirildi ki, imanlı, islam dininin biliciləri, təqvalı, eyni zamanda vətənpərvər, xalqını sevən və uca dəyərləndirilən insan Mövsüm Səmədovun, Fəramiz Abbasovun, Abgül Süleymanovun, Taleh Bağırovun, hazırda haqqında həbs qətimkan tədbiri seçilən Elşən Müstafaoğlunun cəmiyyətdən təcrid olunaraq həbsxanaya salınması dinimizə, onun düzgün təbliğinə, müsəlmanlar tərəfindən sevilməsinə böyük zərər verməkdədir. 

Google+ WhatsApp ok.ru