2016 - Qarabağ formatının dəyişdirilməsi ili ola bilər

Başa çatmaqda olan il Minsk Qrupunun ədalətsiz format kimi özünü tükətdiyini bir daha təsdiqlədi; həmsədrliyə ya neytral dövlətlər gətirilməlidir, ya da...
 
Dağlıq Qarabağ probleminin həlli yönündə daha bir itirilmiş il tarixə qovuşmaqdadır. Hərçənd bəzi ümidlər nəzəri baxımdan da olsa, hələlik qalır. Onlardan biri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyanın görüşünün baş tutma ehtimalı ilə bağlıdır.
 
Hər halda ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə etdikləri son səfər zamanı tərəflərin buna razılıq verdiyini bildiriblər. Ancaq görüşün harada, hansı formatda olacağı naməlum qalır. Onun nəticə verib-verməyəcəyi də eləcə.
 
Bəzi analitiklərə görə, “Böyük iyirmilər”in (G20) dünən Antalyada başlayan sammiti də Qarabağ danışıqlarını durğunluq dövründən çıxarmaq üçün kövrək şanslardan sayıla bilər, çünki ali toplantıda Minsk Qrupunun üç həmsədr dövlətinin rəhbərləri təmsil olunur və üstəlik, Azərbaycan prezidentinin öz türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla yanaşı, iki və yaxud çoxtərəfli formatlarda həmsədr ölkələrin prezidentləri ilə də bir araya gəlmək imkanlarına malik olacaq. Bundan savayı, rəsmi Ankara da yaranan unikal imkanlardan Azərbaycanın əsas probleminin gündəmə daşınmasına səy göstərə bilər.
 
Politoloq Arzu Nağıyevə görə, G20 çərçivəsində baş tutacaq görüşlərdə Türkiyənin Azərbaycanın da təmsilçisi kimi çıxış eləməsi gözləniləndir. “Bu gün Azərbaycanın əsas problemi Qarabağ münaqişəsidir. Ona görə də problemin nizamlanması və Ermənistanla müvafiq addımların atılması istiqamətində çox güman ki, ciddi söhbətlər aparılacaq. Bu nöqteyi-nəzərdən Rusiya və Azərbaycan prezidentlərinin görüşü istisna deyil” - qeyd edib politoloq.
 
***
Doğrudur, G20 zirvə toplantısında gündəmdə postsovet məkanındakı etnik-ərazi münaqişələri deyil, ilk növbədə qlobal terrorla mübarizə olacaq. Lakin bu kimi önəmli toplantılarda həll olunmamış və özündə potensial müharibə təhlükəsi daşıyan həll edilməmiş, dondurulmuş münaqişələrə də bir qayda olaraq hansısa formada diqqət ayrılır. Nəhayət, ali toplantının yekun bəyannaməsi olacaq ki, orada da bu kimi konfliktlərin həllinə ümumi baxışlar əksini tapa bilər.
 
Lakin bütün hallarda bir həqiqət artıq ortadadır ki, 23 ildir Minsk Qrupu formatında Dağlıq Qarabağ münaqişəsinə dair aparılan danışıqlar səmərəsiz olub, bu format faktiki, özünü tükədib. Əsas səbəb haqda kifayət qədər yazılıb. Söhbət vasitəçilərin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair məlum qətnamələrini, işğal faktını və işğalçını qulaqardı eləməsi, buna paralel, Ermənistana gizli rəğbət bəsləməsindən gedir.
 
Təbii ki, problemin həllində Rusiyanın bəlli səbəblərdən maraqlı olmaması amilini də yaddan çıxarmaq olmaz. Ancaq əsas motiv, əlbəttə ki, həmsədrlərin konfliktin həllinə konseptual yanaşmamasından qaynaqlanır. Amerikalı vasitəçi Ceyms Uorlikin, ardınca isə Minsk Qrupu rəhbərliyinin ötən həftə AŞPA-da Ermənistanla bağlı qəbul edilən son obyektiv qərardan rahatsız olması da elə məhz bu yanlış yanaşma ilə bağlıdır. O üzdən onlar Ermənistanı birmənalı təcavüzkar kimi tanıyan fərqli və ədalətli sənəd və qətnamələri qısqanclıqla qarşılayırlar.
 
***
 
Həmsədrlərin Qarabağ məsələsində obyektivlikdən uzaqlaşmasını artıq xarici müşahidəçilər də qeyd etməyə başlayıblar. Məsələn, Moldova İctimai Palatasının prezidenti, ölkənin sabiq ombudsmanı, Azərbaycanın həqiqi dostu olduğu üçün hələ də erməni hədələrinə məruz qalan Aureliya Qriqoriu deyib: “Azərbaycan ATƏT-in Minsk qrupu ilə işləyərkən demək olar ki, erməniyönlü institutla üzbəüz qalır”.
 
O da Minsk Qrupunun işini olduqca neqativ qiymətləndirib: “Minsk Qrupuna Azərbaycan və Ermənistana qarşı neytral mövqedə olan ölkələr daxil olmalıdırlar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən beynəlxalq hüquq normaları baxımından nəzərdən keçirməlidirlər”.
 
A.Qriqoriu güman edir ki, Minsk Qrupu Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz rejimin Ermənistanın xeyrinə möhkəmlənməsinə imkan yaratmaq üçün sadəcə, vaxtı uzadır".
 
*****
Xanım Qriqoriu əlbəttə ki, haqlıdır. Xüsusən də son illər Minsk Qrupunda balans işğalçı tərəfin xeyrinə aşkar şəkildə pozulub, həmsədrlər Qarabağ məsələsində beynəlxalq hüquq normalarından, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrindən deyil, əfsus ki, müharibənin nəticələrindən çıxış eləməyə və ilk növbədə işğalçıları, separatçıları razı salmağa başlayıblar ki, bu da haqlı olaraq, Azərbaycanə narahat edir, Bakını yeni və obyektiv həll formatı axtarışı zorunda qoyur.
 
Elə bir format ki, o, münaqişənin həllində hərbi qarşıdurumanın nəticələrindən deyil, birmənalı şəkildə beynəlxalq hüquqdan çıxış eləsin, vasitəçilikdə balansı gözləsin, tərəflərin hər birini öz adı ilə adlandırmağı bacarsın.
 
Bu mənada əslində 2016 - Qarabağa dair formatının dəyişdirilməsi ili ola bilər və olmalıdır, əgər təbii ki, əsas vasitəçi dövlətlər buna əngəl olmasa. Əks halda problem hər an qaynat fazaya keçə bilən indiki dondurulmuş vəziyyətdə qalmaqda davam edəcək - hamıya, o cümlədən konfliktə cəlb ölünmüş böyük güclərin maraqlarına təhlükə törətməklə.
 
Və yaxud sülh prosesində hansısa irəliləyişə nail olmaq üçün vacibdir ki, Minsk Qrupunun hazırkı həmsədrliyi Almaniya kimi neytral və obyektiv dövlətlər hesabına genişlənsin.  musavat /
 

Google+ WhatsApp ok.ru