36 min şagird `Ana dili`ndən “2” aldı - NİYƏ?

36 min şagird `Ana dili`ndən “2” aldı - NİYƏ?

Bu il respublika üzrə buraxılış imtahanlarının nəticələri yenidən məyusluq doğurdu. IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) “2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) “2” qiyməti alıb. XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) “2”, riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) “2” qiyməti alıb.

 

Əslində ötən ilki nəticələrlə müqayisədə çox cüzi irəliləyiş var. Məsələn, ötən il IX sinif üçün keçirilən buraxılış imtahanında iştirak edənlərdən 25329-u (24.09%) Ana dilindən “2”,  XI sinif şagirdlərindən 17089 nəfər (19.87%) “2” qiymət almışdı.

 

Digər fənlərdən də “2” alanların sayı kifayət qədərdir. Lakin Ana dilinin hər iki buraxılış sinfi üçün ortaq imtahan fənni olmasını və hər iki sinifdə nəticənin biabırçı olmasını nəzərə alaraq, bu fənndəki göstəriciləri araşdırmaq qərarına gəldik. Üstəlik, bu fənn hər hansı hesablama və əlavə dil bilgisi tələb etməyən fənndir. Bu, bütün siniflərdə tədris edilən Ana dilidir. Yəni, riyaziyyatı zəif bilmək də böyük qüsurdur. Lakin riyaziyyatdan alınan pis qiymətə bu fənni başa düşməmək, qavramamaq kimi əsaslar gətirmək olar. Ana dilini “2” səviyyəsində bilmək isə qüsurdan da artıqdır.

 

Bəs hansı səbəbdən 36 397 şagird Ana dilindən “2” alıb? İlk ağla gələn sualların çətinliyi, dərsliklərə uyğun olmaması ilə bağlıdır. Bəlkə şagirdlər cəzasızlıqdan yararlanaraq imtahana diqqətsiz yanaşır? Axı onsuz da imtahanda “2” alan da şəhadətnamə, attestat verilir. Yoxsa problem tədrisdədir?

 

Görünən isə odur ki, odur ki, 36 mindən çox şagird (!) Ana dilini bilmir.

 

Kimlər ana dilindən iki alıb?

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının sual kitabçaları imtahandan sonra şagirdlərə verilmir. Buna görə də, hələlik sualların asan və çətin olması barədə yalnız şagirdlərin sözünə əsaslanaraq danışa bilərik. Bu il 11-ci sinif imtahanında iştirak edən şagirdlərdən olan Hikmət Allahverdiyev hesab edir ki, bütün fənlər üzrə suallar asan olub. Onun sözlərinə görə, hər fəndə bir neçə çaşdırıcı sual da verilib.

 

Amma razılaşaq ki, bir-iki çaşdırıcı sual şagirdin balını yalnız bir qədər aşağı sala bilər. Çünki imtahan qaydalarına görə, təqdim olunan 30 sualdan yalnız 8-nə cavab verənlər artıq “3” qiyməti alırlar. Yəni, bu ilin 9-11-ci sinif şagirdlərindən 36 397 nəfər 7 sualdan da azına cavab verib. Belə görünür ki, bu şagirdlər 9-11 il ərzində oxuduqları fənn üzrə 8 suala cavab verəcək səviyyədə deyillər.

 

“İki alan şagirdə attestat verilə bilməz”

 

 

Keçmiş təhsil naziri, filologiya elmləri doktoru Firudin Cəlilov məsələyə bir neçə tərəfdən yanaşmağı vacib sayır: “Ötən illə müqayisədə bu il cüzi də olsa irəliləyiş varsa, buna sevinməliyik. Təhsil Nazirliyinin məlumatına görə, bəzi bölgələrdə irəliləyiş müşahidə olunur. Lakin bütövlükdə vəziyyət bərbaddır və çox dəhşətdir. Çünki ömür boyu bu dildə yazıb oxuyacaq insanlar dili bilmir. Onlar qayda-qanunu da orta məktəbdə öyrənməlidirlər”.

 

F.Cəlilov hesab edir ki, “2” qiymət alanların yekunda attestat, şəhadətnamə alması ya çox pis haldır: “İki alan şagirdə attestat verilə bilməz. Attestatı yalnız yaxşı nəticə göstərən şagirdlərə vermək lazımdır. Bu qanunun özü təməldən səhvdir ki, aşağı qiymət alan şagird məzun olur, savadsız şagirdlərin yetişməsinə səbəb olur. Təhsildə, elmdə islahat lazımdır. Nə qədər ki, islahat aparılmayıb, yamaq vurmaqla heç nə düzəlməyəcək”.

 

 

Millət vəkili, orta məktəblərdə “Azərbaycan dili” dərsliklərinin müəlliflərindən Nizami Cəfərovun fikrincə, bu məsələdə bir neçə problem var: “Buraxılış imtahanlarında suallar kifayət qədər ciddi və mürəkkəb tərtib olunur. Bu doğru yanaşmadır. Suallar asan olsa, nəticələr yüksək olacaq. Bu da səhv addım sayıla bilər. Hazırkı durumda isə tələb yüksəkdir. İkinci məqam şagirdlərimizin texniki fənlərə daha çox diqqətli olması ilə bağlıdır. “Mən Azərbaycan dilini bilirəm, asandır” deyərək, məsələyə ciddi yanaşmırlar. Yəni, səbəb həm də arxayınlaşmaqdır. Tələb yüksəkdir, məsuliyyət o səviyyədə deyil. Lakin nəticələrin aşağı olmasına baxmayaraq, ildən-ilə şagirdlərin səviyyəsi yüksəlir”.

 

N.Cəfərov hesab edir ki, şagirdlərin imtahanda yüksək nəticə göstərməsi belə onların dili bilmələri demək deyil: “Bu gün ali məktəblərə gələn şagirdlərin normal danışa, fikrini ifadə edə bilməməsini müşahidə edirik. Çünki bəzən yüksək nəticə göstərən şagirdlər arasında dastanlarımızdan, yazıçılarımızın əsərlərindən xəbərsiz olanlar var. Onlar sadəcə yazıçının və əsərin  adını bilirlər. Qrammatikanı isə əzbərləyirlər, lakin normal yazmağı bacarmırlar”.

 

Aşağı nəticədə kitabların və müəllimlərin payına gəldikdə, N.Cəfərov onları səbəb kimi görmədiyini deyir: “Bu gün müəllimlərimiz çox savadlıdır, peşəkardır, dərsliklərimiz də həm təcrübəyə, həm də dil qaydalarına, proqramlara uyğun hazırlanıb. Müəyyən mübahisəli məsələlər var. Lakin bu normaldır”.

 

Suallar çətindir

 

Ekspertlərin fikrini öyrəndik. Bəs “2” alan şagirdləri hazırlayan müəllimlər nə deyirlər?

 

44 saylı məktəbin “Azərbaycan dili” müəlliməsi, 35 illik təcrübəyə malik Ceyran Həşimova hesab edir ki, əsas səbəb uşaqların tədrisə marağının azalması və sualların hazırlanması zamanı uşaqların səviyyəsinin nəzərə alınmamasıdır: “Bu gün məktəbdə “3” qiymət alan şagirdin qiyməti əslində “2”dir. Axı bütün sinifə “2” vermək mümkün deyil. İmtahan sualları hazırlanarkən, aşağı səviyyəli uşaqlar nəzərə alınmayıb. Bu il ən çox aşağı göstərici 9-cu siniflərdə olub. Vəziyyət bərbaddır. Suallar çətin olduğuna görə, uşaqlar əvvəldən xoflanır. Həmin suallar “4” və “5” alan şagirdlər üçündür, “3” qiymət alanlar üçün yox. Həm də ildən-ilə şagirdlərin özlərinin də təhsilə marağı azalır. Müəyyən qədər müəllimlər də məsələyə səhlənkar yanaşır. Əlbəttə, bütün müəllimlərə aid deyil, ancaq bütün məsuliyyəti şagirdin üzərinə də atmaq olmaz. Müəllimlər əsas gücü yaxşı oxuyan uşaqlara ayırır, zəif oxuyanlara fərdi yanaşılmır. Çünki 45 dəqiqədə bunu çatdırmaq mümkün deyil. Ona görə də güclü və zəif şagirdlər ayrı siniflərdə təhsil almalıdır. Bu aşağı nəticənin bir səbəbi də “2” alan şagirdlərin şəhadətnamə, attestat almasına imkan verilməsidir. “2” alanların qəbul imtahanında iştirakı onlara rahatlıq verir, nə məktəbi, nə də müəllimi sayırlar. Hesab edirəm attestat yalnız yüksək nəticə göstərən şagirdlərə verilməlidir”.

 

Dərsliklərə gələndə C.Həşimova əvvəlki kitabların səviyyəsini normal hesab etsə də, yeni dərsliklərdən razı deyil: “Kurrikulum siniflərində xüsusən “Ədəbiyyat” fənni çətinləşdirilib, “Azərbaycan dili” üzrə isə qrammatika dərin verilməyib. Gələn il kurrikulumla təhsil alan uşaqlar 9-cu sinfi bitirəcək. Görək növbəti il nəticə necə olacaq? Bu gün kurrikulum siniflərində 6-cı sinif “ədəbiyyat” fənnindən tapşırıqları yalnız 7-10 uşaqla işləmək mümkündür. Digərləri kənarda qalır. Məsələn, kurrikulum əsasında hazırlanmış dərsliklərdə feli sifət, feli bağlama şəkilçisi verilir. Lakin test sualında ikisinin fərqi soruşulur. Axı proqramda bu yoxdur, mən bunu şagirdə deməmişəm. Ona görə də uyğunsuzluq müşahidə edilir. Bu problem növbəti ilə özünü göstərəcək”.

 

Şagirdlər və müəllimlər imtahana ciddi yanaşmır

 

86 saylı məktəbin “Azərbaycan dili” müəllimi Yeganə Qarayeva hesab edir ki, nəticənin aşağı olmasının səbəbi şagirdlərin imtahana yanaşmasıdır: “Bu gün şagirdlərimiz də buraxılış imtahanının suallarına ciddi yanaşmır. İlk illər bu suallar çox asan salınmışdı. Bu da uşaqlarda müəyyən qədər arxayınlıq yaratdı. Elə düşünürlər ki, onsuz da suallar asan olacaq və keçəcəklər. Nəticədə də belə bir vəziyyət yaranıb. Bəzi şagirdlər köçürtmə hallarının olduğunu deyir. Bəlkə də bəzi yerlərdə belə hal olur. Lakin istər-istəməz söhbətlər qısa zamanda şagirdlər arasında yayılır və bu da onlara bir arxayınlıq verir”.

 

Y.Qarayeva bu məsələdə müəllimlərin də məsuliyyətinə toxunur. Onun sözlərinə görə, bəzən müəllimlər şagirdlərə ciddi yanaşmır: “Yalnız dərs saatı ilə kifayətlənmək olmaz. İmkan olduqca onlara əlavə saatlar da ayırmaq lazımdır. Xüsusən də, buraxılış siniflərində dərsə daha həssas yanaşmaq lazımdır”.

 

Təhsil Nazirliyi isə elə nəticələr açıqlanan günü bu məsələdə mövqeyini və ilkin rəyini açıqladı. Nazirlikdən hesab edirlər ki, nəticələr ötən illə müqayisədə yaxşıdır. IX siniflər üzrə imtahanlarda iştirak edən 104476 nəfər məzundan 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda iştirak edən 84589 nəfər məzundan 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb. Qeyd edək ki, ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılıb.

 

IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası aşağıdakı qrafikdə göstərilib.

 

 

Google+ WhatsApp ok.ru