Ərəb yazar: `İŞİD-in təməlini Səddam Hüseyn qoyub`

İŞİD haqqında kitab yazan ərəb müəllif Abdolbari Atvan İŞİD terror təşkilatının əsasını İraqın keçmiş diktatoru Səddamın qoyduğunu qeyd edib. Atvan belə deyib: "İŞİD terror təşkilatı Əl-Qaidənin yeni versiyası deyil. Çünki ideologiyası və prioritetləri baxımından Əl-Qaidədən tamamilə fərqlidir."
 
Maide.az xəbər verir ki, Atvan sözlərinə belə davam edib: "Əl-Qaidənin prioriteti Qərb dünyası və Amerikaya qarşı vuruşub, onları Ərəb yarımadasından uzaqlaşdırmaqdan ibarət idi. Amma İŞİD bölgədəki hakimiyyətlərin dağılması və Qərb güclərin hərbi olaraq ölkələrə daxil olması ilə meydana çıxan etnik münaqişələrin nəticəsində yaranan süstlükdən istifadə etməklə öz dünya görüşünə görə dövlət qurmağın arxasıncadır. Məncə, İŞİD-i Amerika yaratmadı. Əksinə, Amerikanın yanlış siyasəti və körfəz ölkələrindən bəzilərini də yanına almaq vasitəsilə bölgəyə yönəlik dağıdıcı müdaxilə etməsi İŞİD üçün uyğun bir zəmin yaratdı. Əgər Səddam İŞİD-in etiqadda və maddi-texniki baxımdan əsasını qoydu desək, qətiyyən şişirtmiş olmarıq. Onun əsasını təsadüfən və ya dəqiq bir planla Səddam qoymuşdur. Çünki Səddam, Amerikanın onu devirmək istədiyini anlayanda, özünü dindar biri kimi göstərməyə başladı. İşğalçılara qarşı İslami cihad ritorikasını ifadə etməyə başladı. İraq bayrağının üzərinə öz qanıyla "Allahu Əkbər" sözləri yazdırdı. "Səddamın Fədailəri" - deyə bir qrup yaratdı. Bu siyasətləri ilə əslində bilərəkdən və ya bilməyərək İŞİD-in əsasını qoydu."
 
Qeyd edək ki, Abdolbari Atvan Fələstinli jurnalistdir. Londonda "Əl-Kudsul-Arabi" qəzetini təsis edib və son vaxtlara qədər bu qəzetə rəhbərlik edib. Hazırda "Rəyul-Yəvm" qəzetinin baş redaktorudur.

Google+ WhatsApp ok.ru