Əfqanıstan prezidenti ölkənin cənubunda şiələrin qətlini pisləyib

Əfqanıstan İslam Respublikasının Prezidenti Əşrəf Qəni Əhmədzay  dünən, 9 noyabrda bu ölkədə yaşayan Hezare şiələrindən 7 nəfərinin faciəvi şəkildə qətlə yetirilməsini pisləyib.
Maide.az xəbər verir ki, Əşrəf Qəni yaydığı bəyanatda vurğulayıb: Günahsız insanların, xüsusilə qadınların və uşaqların amansız qətl edilməsinə heç bir dində və ayində haqq qazandırıla bilməz.
Qeyd edək ki, cari həftənin əvvəli İŞİD terror qruplaşmasına bağlı yaraqlılar Əfqanıstanın cənubundakı Zabul vilayətində Hezare tayfasına aid girov götürülmüş iki qadın, bir uşaq və 4 kişi də daxil olmaqla 7 şiə dinc sakinin başını kəsib.
Bu yaxınlarda Qəzni vilayətində silahlılar tərəfindən girov götürülmüş həmin 7 nəfərin cəsədləri bazar günü Zabul vilayətinin “Xake Əfğan” rayonunda tapılıb.
Prezident Əşrəf Qəni söz verib ki, bu faciəli cinayəti törədən şəxslərlə bağlı ədalət bərpa olunacaq.
O, habelə bu cinayəti törədənlərin müəyyən edilərək tutulması yollarının araşdırılması üçün fövqəladə təhlükəsizlik iclasının çağırıldığını bildirib.
Əfqanıstan əhalisinin təxminin dörddə birini təşkil edən Hezare şiələri son illər ərzində dəfələrlə terrorçu və təkfirçi qruplaşmaların hücumlarına məruz qalıb. /
 

Google+ WhatsApp ok.ru