“İslam həmrəyliyi və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib

“İslam həmrəyliyi və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “İslam həmrəyliyi və Qarabağ” mövzusunda dəyirmi masa keçirilib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə ölkənin siyasi-ictimai fikir adamları, millət vəkilləri, QHT rəhbərləri, partiya sədrləri, din xadimləri, şəhid ailələri və media nümayəndələri iştirak edib. 
 
İslaminSesi xəbər verir ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
 
Daha sonra çıxış edən "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağı təşrif buyuran qonaqları salamlayaraq, onlara təşəkkürünü bildirib. Akif Nağı qeyd edib ki, Qarabağ münaqişəsinin həllinin həddindən artıq uzadılması, cəmiyyətdə haqlı narazılıq və narahatlıq yaradır: “Münaqişənin başlanmasından artıq 30 ilə yaxın vaxt keçir. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyi hər kəsi ciddi şəkildə düşündürür. Artıq beynəlxalq qurumların, Minsk qrupu və onun həmsədrlərinin ədalətli mövqeyinə olan inamlar da tükənir. Mövcud şəraitdə yeni yanaşma və formaların tətbiqi günün tələbinə çevrilir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində İslam Həmrəyliyinin rolu danılmaz faktora çevrilməkdədir. Ayrı-ayrı müsəlman ölkələrinin Ermənistanı işğalçı dövlət kimi tanıması və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bunun bariz nümunəsidir. Ona görə də, müsəlman Azərbaycan dövləti ilə, xristian Ermənistan arasındakı münaqişədə yalnız xristian dövlətlərinin vasitəçilik etməsi doğru deyil”.
 
Akif Nağı bildirib ki, tam qələbə üçün bəzi əlavə amillərin olması vacibdir. Burada isə İslam həmrəyliyi amili həlledici rol oynaya bilər.  
 
Daha sonra dəyirmi masada çıxış etmək üçün söz alan "Azərbaycan İslam Partiyası"nın sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev mövzu ətrafında maraqlı fikirlər səsləndirib. AİP-in sədr əvəzi qeyd edib ki, bu il Azərbaycanda İslam Həmrəylik ilidir: “Biz ətrafımızda olan müsəlman ölkələri ilə həmrəylik yaratmaq və bu dövlətləri Dağlıq qarabağ münaqişəsinin həllində vasitəçi kimi cəlb edək. Bu təqdirəlayiq addımdır. Artıq ölkənin düşünən beyinləri də etiraf edir ki, bu problemin həllində din faktoru mühüm rol oynayır. Artıq 30 ilə yaxındır ki, xristian dövlətlərinin diktə etdikləri fikirlərlə hərəkət edirik. Lakin unutmaq lazım deyil ki, biz müsəlmanıq və kökümüz İslam əsasında qoyulub”.
 
Hacı İlham Əliyev bildirib ki, bu gün cəmiyyətə vətən uğrunda şəhid olmaq ideologiyası aşılanmalıdır: “Vətən uğrunda canında keçən şəhidlərin əbədi həyata qovuşacağı fikirini təlqin etmək, şəhidliyin uca zirvə olduğunu gənclərə aşılamaq lazımdır. Bu ideologiyanı isə bizə məhz İslam dini və müqəddəs Qurani Kərim aşılayır”.
 
AİP-in sədr əvəzi vurğulayıb ki, İslam Həmrəyliyi ili elan olunmasına baxmayaraq, bu gün ölkədə fəaliyyət göstərən bəzi məscidlər sökülür: “Din xadimlərini məsciddə xütbə oxuduqları üçün həbsə atırlar. Onlara xaricdə  təhsil almaq damğası vururlar.  Bizim din xadimlərimizin həyatlarının sual altında olduğu bir vaxtda həmrəylikdən danışmaq da qeyri-mümkündür. Əgər öz daxilimizdə olan problemləri həll edə bilmiriksə, Qarabağı hansı şüarlarla azad etmək, cəmiyyəti buna hazırlamaq istəyirik? Bütün bunlar diqqət yetirilməli məsələlərdir”.
 
Daha sonra tədbirdə çıxış edən "Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı"nın sədri Rövşən Əhmədli də özündən əvvəl çıxış edənlərin fikirlərinə uyğun mövqe sərgiləyib. Rövşən Əhmədli bildirib ki, cəmiyyətin bütün təbəqələrinin Qarabağ işinə səfərbər edilməsi üçün geniş konsolidasiya tədbirləri həyata keçirilməli, o cümlədən həbsdə olan dindarlar, partiya mənsubları, ömürlük məhbuslarla bağlı səmərəli addımlar atılmalıdır. Əks halda Qarabağın düşmən tapdağından azad edilməsi yolunda atılan addımlar səmərə verməyəcək.
 
Daha sonra tədbirdə çıxış edən digər qonaqlar da Qarabağın azadlığı naminə, cəmiyyətin birliyinə təkan verməyin vaxtının gəlib çatdığını dilə gətirib. Tədbir dəyirmi masa ətrafında maraqlı diskusiyalarla davam edib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru