Əhli-beyt (ə) dostlarının 5 fərqli xüsusiyyəti: 2-Dünyapərəstlikdən uzaqlıq

Əhli-beyt (ə) dostlarının 5 fərqli xüsusiyyəti: 2-Dünyapərəstlikdən uzaqlıq

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə Əhli-beyt (ə) dostlarının xüsusiyyətlərini bəyan edərkən belə buyurur:
 
يَا عَبْدَ اللَّهِ لَقَدْ نَصَبَ‏ إِبْلِيسُ‏ حَبَائِلَهُ‏ فِي دَارِ الْغُرُورِ فَمَا يَقْصِدُ فِيهَا إِلَّا أَوْلِيَاءَنَا وَ لَقَدْ جَلَّتِ الْآخِرَةُ فِي أَعْيُنِهِمْ حَتَّى مَا يُرِيدُونَ بِهَا بَدَلًا 
 
“Ey Abdullah! Şübhəsiz, İblis bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur. Lakin axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu əsla heç nəyə dəyişməzlər.”
 
Sonra Həzrət buyurur:
 
آهِ آهِ عَلَى قُلُوبٍ حُشِيَتْ نُوراً
 
“Qəlbləri nurla dolu olanların xoş halına!...”
 
Nurla dolu qəlbin əlaməti dünyaya və dünyanın bər-bəzəyinə rəğbətsizlikdir. Nurlu qəlbin bütün diqqəti mənəviyyat və axirətə yönəlir. Odur ki, Əhli-beyt (ə) dostlarının 2-ci xüsusiyyəti dünyapərəstlikdən uzaqlıqdır. İmam Sadiq (ə) söhbətinin davamında Abdullah ibn Cündəbə belə buyurur:
 
و اِنَّما كانَتِ الدُّنيا عِنْدَهُم بِمَنْزَلَةِ الشُّجاعِ الاَرْقَم و العَدُوِّ الاعْجَم
 
“(Əhli-beyt (ə) dostları) dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan və söz anlamayan düşmən kimi bilərlər.” (“Tuhəful-uqul”, c.2, səh.301.)
Zəhərli səhra ilanları digər canlıları aldatmaq üçün quyruqları üstə dik qalxarlar. İmam Sadiq (ə) dünyanı yol üstə dayanmış təhlükəli bir ilana və söz anlamayan düşmənə bənzədir.
 
Qeyd etməliyik ki, Qurani-Kərimdə təkidlə vurğulanan əsas məsələlərdən biri dünyanın müvəqqəti və etibarsız olmasıdır:
 
وَ ما هذِهِ الْحَيوةُ الدُّنْيا اِلاّ لَهْوٌ وَ لَعِبٌ وَ اِنَّ الدَّارَ الاْخِرَةَ لَهِىَ الْحَيْوَانُ لَوْكانُوا يَعْلَمُون
 
“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Ey kaş biləydilər!” (“Ənkəbut” surəsi, ayə 62.)
 
وَمَاالْحَياةُ الدُّنْيا اِلاَّمَتاعُ الْغُروُر
 
“Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.” (“Ali-İmran” surəsi, ayə 185.)
 
Qurani-Kərim dünyanı insanın kamillik yolunda maneə bilərək axirəti üstün tutur. Hətta dünyaya məhəbbət küfr sırasında təqdim olunur. “İbrahim” surəsinin 2-3-cü ayələrində buyurulur:
 
وَوَيْلٌ لِّلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ. الَّذِينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الآخِرَةِ
 
“...Düçar olacaqları şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslər ki, dünyanı axirətdən üstün tuturlar...”
 
Ayəyə əsasən, kafirlər dünyanı axirətdən üstün tutan şəxslərdir. Onlar dünyanın ötəri ləzzətlərini əbədi axirət səadətindən üstün tuturlar. 
 
Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt (ə) kəlamlarına da diqqətlə nəzər saldıqda, görürük ki, axirətə diqqət və dünyaya vurğunluqdan çəkinmək olduqca mühüm məsələlərdir. Dünyapərəstlik, dünya malına sevgi və vurğunluq bütün pisliklərin əsas amili və kökü kimi təqdim olunur. İnsan dünya zinətlərinə rəğbət bəslədikcə, əxlaqi rəzilətlərə və şeytani vəsvəsələrə daha çox məruz qalır. Necə ki, bir rəvayətdə İmam Sadiq (ə) belə buyurur:
 
حُبُّ الدُّنْيَا رَأْسُ كُلِّ خَطِيئَةٍ
 
“Dünyaya məhəbbət bütün günah və pisliklərin başıdır.” (“Əl-xisal”, c.1, səh.25, hədis 87.)
 
Müttəqilərin ağası İmam Əli (ə) buyurur:
 
مَثَلُ الدُّنْيَا كَمَثَلِ الْحَيَّةِ لَيِّنٌ مَسُّهَا وَ السُّمُّ النَّاقِعُ فِي جَوْفِهَا يَهْوِي إِلَيْهَا الْغِرُّ الْجَاهِلُ وَ يَحْذَرُهَا ذُو اللُّبِّ الْعَاقِلُ
 
“Dünyanın misalı əl vuranda yumşaq, qarnında isə öldürücü zəhər olan ilan kimidir. Aldanmış nadan ona tərəf gedir, uzaqgörən ağıllı isə ondan uzaqlaşır.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 115.)
 
İmam Kazim (ə) də buna bənzər bir rəvayətdə belə buyurur:
 
مَثَلُ الدّنيا مَثَلُ الْحَيَّةِ، مَسُّها لَيِّنٌ وَ فى جَوْفِهَا السَّمُّ الْقاتِلِ، يَحْذَرُهَا الرِّجالُ ذَوِى الْعُقُولِ وَ يَهْوى اِلَيْهَاالصِّبْيانُ بِأيْديهِم
 
“Dünya zahiri yumşaq, batini isə öldürücü zəhərə sahib ilana bənzəyir ki, ağıllı insan özünü ondan qoruyur, uşaq (uşaqxislətli insan) isə, özünü onun üstünə atır.” (“Biharul-ənvar”, c.1, səh.152, hədis 30.)
 
Əlbəttə, bunu da qeyd etməliyik ki, dünyapərəstlikdən uzaqlıq və dünyaya etinasızlıq bir küncdə oturub iş və fəaliyyətdən kənarlaşmaq mənasında deyil. Hər bir insanın vacib dünyəvi vəzifələri vardır. Halal ruzi qazanmaq da onlardan biridir. Halal ruzi qazanmaq dünyapərəstlik deyil, ibadətin tərkib hissəsidir. İnsan dünyaya aldanmadan, harama düşmədən, başqasının haqqını mənimsəmədən öz vəzifəsini icra etməlidir.
 
Bir sözlə, Əhli-beyt dostlarının nəzərində dünya kiçik, axirət isə böyükdür. Dünyapərəstlikdən uzaqlıq və axirət aləminə diqqət Əhli-beyt (ə) dostlarının əsas xüsusiyyətlərindən biridir.
 
Ardı var...
 
Maide.az – Maarif bölümü
 
 
Öncəki yazını BURADAN oxuya bilərsiz 

Google+ WhatsApp ok.ru