Ali məktəblərdə təhsil alan əcnəbilərin sayı açıqlanıb

Ali məktəblərdə təhsil alan əcnəbilərin sayı açıqlanıb

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 63 xarici ölkənin 4238 nəfər vətəndaşı da təhsil alır.
 
Dövlət Statistika Komitəsindən Maide.Az-a verilən xəbərə görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edir.
 
2016/2017-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2197 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 63,0 faizi Bakı, 37,0 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya, Rusiya və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.
 
2016/2017-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 55 orta ixtisas təhsil müəssisəsində 51702 tələbə təhsil alıb və onların üçdə iki hissəsini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 38 dövlət və 13 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 21 elmi təşkilatda təhsil alanların sayı 163779 nəfər olub ki, onların da 48,3 faizi qadınlardır.
 
2016-cı ildə ölkənin ali təhsil müəssisələrinə 36,1 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 61,2 faiz olub ki, onların da 87,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 39,2 faizi təqaüd alır.

Google+ WhatsApp ok.ru