Amerikada növbəti qanlı qətliam

Maide.az CNN-Türk-ə istinadən xəbər verir ki, hər gün qanlı hadisələrə səhnə olan ABŞ ştatlarına bu gün Kaliforniya başçılıq edir: 14 ölü, 17 yaralı. Ştatın San Bernardino şəhərində baş verən atışma əqli pozğunluqdan əziyyət çəkən insanlara yardım göstərən "Inland" regional mərkəzində olub.
 
Atışmadan öncə mərkəzdə girov kimi saxlanılan 30 nəfər çıxıb. Polisin açıqlamasında bildirilir ki, cinayətkarlar 2 nəfər olub və onlardan biri öldürülüb, digəri yaralanıb. Amma yerli media üçüncü şəxsin də olduğunu bildirir. 
 
Polis bildirib ki, polis qüvvələri silahlı şəxslərin hələ də hadisə yerində fəal olub-olmadığını müəyyən etməyə çalışır. Polis vətəndaşlara evdə qalmaq və hadisə yerindən uzaq durmaqla bağlı xəbərdarlıq edib.
 
Polis sözçüsü Los Anjeles Times qəzetinə deyib ki, şübhəlilər güclü silahlanıb və onların zirehli geyimdə olduğu ehtimal edilir. Hadisə yerinə bomba zərərsizləşdirmək üçün xüsusi qrup göndərilib. Rəsmilər hadisə yerində partlayıcı maddələrin yerləşdirildiyinə inanır.
 
Federal silah ekspertləri və Federal Təhqiqatlar Bürosunun agentləri hadisə yerindədir. Yaxınlıqdakı xəstəxananın tibbi personalı yaralıların qəbul edilməsinə hazır olduğunu bildirib.
 
Atışmanın baş verdiyi “Inland Regional Center” inkişaf problemləri olan şəxslərin reabilitasiya məqsədilə 40 il bundan əvvəl yaradılıb.
 
ABŞ prezident seçkilərində iki aparıcı namizəd dərhal hadisəyə Twitter sosial şəbəkəsində münasibət bildirib. Demokrat Hillari Klinton “bunu normal hadisə kimi qəbul etməkdən” imtina etdiyini bildirərək, “Biz silahla törədilmiş zorakılığa son qoymalıyıq” deyib.
 
Hadisələrin detalları ilə bağlı məlumatlar daxil olduqca, respublikaçı Donald Tramp atışmanı “pis hadisə” kimi qiymətləndirib. O, hadisə yerində olan polis zabitlərinə uğur arzulayaraq, deyib ki, “polisin qədri belə vaxtlar bilinir.”
 
İnsidentlə bağlı məlumatlandırılan prezident Barak Obama hadisələrin inkişafını diqqətlə izlədiyini deyib.

Google+ WhatsApp ok.ru