ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin XİN rəhbərlərinin birgə bəyanatı

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin XİN rəhbərlərinin birgə bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər naziri Jan‑İv Le Drian və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Maykl R. Pompeo Dağlıq Qarabağ münaqişə zonasında və onun hüdudlarından kənarda zorakılığın görünməmiş və təhlükəli eskalasiyasını ən qəti şəkildə pisləyir. Bu barədə oktyabrın 5-də RF XİN-in saytında dərc edilmiş bəyanatda deyilir.
 
Nazirlər qeyd-şərtsiz vurğulayırlar ki, bu yaxınlarda həm təmas xətti boyunca, həm də Dağlıq Qarabağ münaqişə zonasından kənarda Azərbaycan və Ermənistan ərazilərində hədəf olaraq mülki obyektlərin nəzərdə tutulduğu hücumlar, həmçinin belə hücumların uyğunsuzluğu  regionda sabitlik üçün qəbuledilməz təhlükədir.
 
Nazirlər üç ölkənin - ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderlərinin bu il oktyabrın 1-də verdikləri bəyanata istinad edərək bir daha münaqişə tərəflərini atəşkəs rejimini dərhal və qeyd-şərtsiz bərpa etməyə çağırırlar.
 
Həmsədr ölkələr ATƏT-in və beynəlxalq birliyin onların üzərinə qoyduğu mandatı Minsk Qrupunun üzvü olan ölkələrin dəstəyilə tam şəkildə həyata keçirmək əzmindədirlər. Bu mandata uyğun olaraq onlar tərəflərlə qarşılıqlı əlaqələri ardıcıl şəkildə genişləndirməyə davam edəcək, onları nizamlanma prosesinin mövcud baza prinsiplərinin və hər iki tərəfə yaxşı məlum olan müvafiq beynəlxalq sənədlərin əsasında bərpa olunması üzrə öhdəlikləri təxirə salmadan öz üzərlərinə götürməyə çağırırlar, sənəddə deyilir.
 
Qeyd edək ki, sənəd dərc edilməzdən əvvəl Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparıb. /Turan /

 

Google+ WhatsApp ok.ru