Avropa nümayəndəsi Dağlıq Qarabağ münaqişəsindən danışdı

"Ötən il təmas xəttində, eləcə də Ermənistan və Azərbaycan sərhədi boyunca ağır silahlardan istifadə olunub, dinc əhali hədəfə alınıb”.
 
Maide.az-ın ans press-ə istinadən məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Ermənistanın "Mediamaks" informasiya agentliyinə müsahibəsində deyib.
“Münaqişənin beynəlxalq hüquqa əsaslanan siyasi həlli bu gün daha vacibdir. Ötən il sərhəd xəttində zorakılığın artmasını müşahidə edirdik. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır", - deyə Avropa rəsmisi bildirib. Mogerini qeyd edib ki, münaqişə ilə bağlı hazırkı status-kvo dözülməzdir.
 
O qeyd edib ki, Avropa ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəkləyir. “Avropa İttifaqı danışıqlar prosesində əldə olunan istənilən irəliləyişi dəstəkləyəcək”, - deyə Mogerini bildirib.
 
Bundan əvvəl xarici işlər naziri Elmar Məmmədyarov da status-kvonun dəyişməli olduğunu qeyd etmişdi. “Hal-hazırda danışıqlar prosesində müzakirədə olan mövcud təkliflərin həyata keçirilməsi üçün səylər daha da artırılmalı və mövcud status-kvo dəyişdirilməlidir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması gərginliyin aradan qalxmasına, münaqişənin danışıqlar yolu ilə həlli və diplomatiyanın tam şəkildə özünü ifadəsi üçün mühüm zəmin yarada bilərdi”, - deyə XİN rəhbəri bildirib.
 
O bildirmişdi ki, 20 ildən artıq davam edən bir dövr ərzində bu imkandan lazımınca istifadə edilməyib. “Mövcud status-kvonun qeyri-davamlı və qəbuledilməz olduğu ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlər və xarici işlər nazirləri səviyyəsində verdikləri bəyanatlarda da dəfələrlə ifadə olunub”, - deyə Elmar Məmmədyarov qeyd edib.  /
 

Google+ WhatsApp ok.ru