Avropa İttifaqı miqrasiya üçün əlavə büdcə ayıracaq

Avropa Parlamenti (AP) Avropa İttifaqının 2016 büdcəsində miqrantlar üçün əlavə fond yaradılması haqqında qərar layihəsini qəbul etdi.
 
Maide.az xəbər verir ki, AP-nin Strasburq şəhərindəki iclasında miqrasiya, gənc məşğulluğu və Aİ daxilində rəqabətlə bağlı əlavə büdcə 185 xeyr səsinə qarşılıq 434 bəli səsi ilə qəbul edilib.
 
AP qərarında qaçqınlar və mühacirətlə bağlı məsələlərdə daha əvvəl Avropa Komissiyasının təklif etdiyi kimi 1,16 milyard avro, gənc məşğulluğu və gənc işsizliyin qarşısını almaq üçün isə 473 milyon avro ayrılması nəzərdə tutulub.
 
Əlavə büdcə məsələsində Rusiyaya qarşı embarqodan əziyyət çəkən fermerlər də unudulmayıb. Buna görə kənd təsərrüfatı sektoru işçilərinin zərərləri üçün də 500 milyon avro əlavə büdcə ayrılıb.
 
Qərara görə, Aİ "Horizon 2020" tədqiqat proqramı və "Connecting Europe Facility" üçün isə 1,3 milyard avro əlavə yardım ediləcək.
 
Avropa Birliyi Sərhəd Agentliyi ilin ilk 9 ayında Aİ ölkələrinə ümumilikdə 710 min köçkünün giriş etdiyini açıqlamışdı. Bu rəqəm 2014-ci ildə ümumilikdə 282 min idi.
 
Əgər Aİ Şurası və AP üç həftə ərzində razılığa gələrsə, Aİ 2016 büdcəsinin noyabr ayında səsverməyə çıxarılması gözlənilir.

Google+ WhatsApp ok.ru