Ayətullah Buşehri: `Təkfirçiliyə qarşı mədəni işlər artırılmalıdır`

Ayətullah Hüseyni Buşehri bölgədəki təkfirçilik fitnəsinə işarə edib və belə deyib: "Mövcud şərtlərdə İslam üləması bu fitnə axınına qarşı mədəni fəaliyyətlərini artırmalıdır və bu edilə biləcək ən əhəmiyyətli işdir."
 
Maide.az xəbər verir ki, İranda keçirilən beynəlxalq konfransda çıxış edən Ayətullah Buşəhri bölgədəki təkfirçilik fitnəsinə verilə biləcək ən əhəmiyyətli cavabın İslam üləmasına aid olduğunu deyib və belə əlavə edib: "Ancaq İslam üləması insanlara həqiqi İslamı izah edə və onlara təsir edə bilər.
Bu gün bir qrup insan ortaya çıxıb və səhv açıqlamalarla müsəlmanların əksəriyyətinin dindən çıxdığını iddia edirlər; beləcə onların canları, qanları və namuslarını özləri üçün mübah görürlər. Bu gün bundan daha böyük və ciddi bir təhdid söz mövzusu deyil. Bu fitnə axını həm İslam ümmətində nifrət, zorakılıq və ayrılığı qızışdırmaqda, həm də dünya ictimaiyyətində çirkin bir İslam obrazı yaratmaqdadır. İŞİD kimi təkfirçi təşkilatlar İslam dininin rəhmət və şəfqət istiqamətinə zərbə vurmaqdadır; sevgi, hörmət, mərhəmət, ədalət, mərdlik, fədakarlıq və sair kimi dəyərləri olan bir dini nifrət, zorakılıq, zülm, cinayət, qəsb, yağmalama, talan, ev yıxma, baş kəsmə və sair kimi qeyri-insani mövzularla xatırlanan bir dinə çevirməyə çalışırlar… Təhlükə çox ciddidir… Dünya daxilində milyonlarla adam bu terroristlərin etdiyi cinayətlərə görə "İslam" adından qorxurlar!
 
Bu sualı soruşmaq lazımdır: Ey təkfirçilər! Bu etdiklərinizin Peyğəmbərin (s) insanları İslama dəvət edərkən tətbiq etdiyi üsulla uzaqdan-yaxından bir əlaqəsi varmı?! İslam sevgi və mərhəmət dinidir. Peyğəmbər (s) belə buyurmuşdur: Müsəlman digər insanların əlindən və dilindən etibarda olduğu şəxsdir. İslam dinində cihadın ölçüləri dəqiq şəkildə bəyan edilmişdir. Cihad dindən kənardan olan əcnəbi düşmənlərə qarşı edilir. Müsəlmanlar öz aralarında sülh, sevgi və dinclik içində yaşamalıdırlar. Peyğəmbərin (s) dininə görə, kəlmeyi-şəhadətini söyləyən hər kəs müsəlmandır. Bunu bütün İslam məzhəbləri qəbul etmişdir. Bu səbəbdən yalnız bu iki sözü təsdiq etmək bir insanın can, mal və namusunun etibarda olması üçün kifayətdir. Burada əsl sual budur: Təkfirçilər niyə özləri kimi düşünməyənləri kafir elan edirlər? Bu problemin cavabını onların dar düşüncəli olmalarında və buna görə İslamın qayda-qanunlarını düzgün anlaya bilmədiklərində axtarmaq lazımdır. Onlar müsəlmanların əksəriyyətini kafir elan edirlər. Bu cür insanlar keçmişdə də, indiki vaxtda da İslam düşmənləri üçün böyük bir nemət olmuşdur!
 
Onlar bunu qəbul etsələr də, etməsələr də İslam düşmənlərinə xidmət etməkdədirlər. Çünki bu fitnə axını bir tərəfdən İslam ümməti daxilində nifrət, zorakılıq və ayrılığı qızışdırır, digər tərəfdən də dünya ictimaiyyətində çirkin bir İslam anlayışı yaradır, insanları İslam dinindən uzaqlaşdırır."

Google+ WhatsApp ok.ru