Ayətullah Məkarim Şirazi: Şiə müctəhidləri sünnülərin müqəddəs dəyərlərinə hörmətsizliyi caiz görmür

Ayətullah Məkarim Şirazi müsəlmanlar arasında vəhdət və qardaşlığın bir zərurət olduğuna diqqət çəkərək bildirib ki, heç bir şiənin sünnilərin müqəddəslərinə hörmətsizlik etmək haqqı yoxdur. 
 
Maide.az xəbər verir ki, İmam Mehdinin (əc) imamətinin başlanğıcı münasibətilə Ayətullah Nasir Məkarim Şirazi İranın Gülüstan əyalətində əhli-sünnə alimləri və tələbələri ilə keçirdiyi görüşdə Peyğəmbərdən (s) bu hədisini nəql edib: "İnsanların arasında ixtilafı aradan qaldıran və onların arasında sülh təmin edən kimsə Allah yolunda mücahid kimidir". 
 
Ayətullah Məkarim Şirazi sözlərini belə davam etdirib: "Bu rəvayətdən belə başa düşürük ki, cihad etmək İslam dininin əzəməti üçündür. İnsanların arasında sülh təmin edən şəxs də keçirdiyi islahatçılıq hərəkatı ilə İslamın əzəmətinə vəsilə olur. Yəni hər iki əməlin də fəlsəfəsi eynidir."
 
Ayətullah Məkarim Şirazi Quran baxımından münaqişənin qınanmış bir əməl və şirk səviyyəsində olduğuna diqqət çəkib və belə deyib: "Şiə ilə sünnilər arasında bir çox ortaq nöqtələr var. Məsələn, həcc əməllərini ortaq şəkildə və çiyin-çiyinə yerinə yetiririk. Fiqh elmi və əməli cəhətdən mövcud olan bəzi münaqişələr isə bu iki məzhəbin daşıyıcılarına bir-birilərinin müqəddəs dəyərlərinə hörmətsizlik etmək haqqını verməz. Bizlər şiə və sünnü olaraq bir-birimizin müqəddəsinə hörmət göstərməliyik. Heç bir şiə əhli-sünnənin müqəddəsinə hörmətsizlik etmə hüququna malik deyil. Mərcə alimlərinin hamısı bu məsələni vurğulayır. Hətta biz bu məsələdə fətvamızı Əl-Əzhər Şeyxlərinə də göndərdik."
 
Düşmənlərimiz bütün gücləri ilə müsəlmanlar arasında fitnə yaratmaq  üçün çalışırlar. Bu gün Suriya, İraq və bəzi ölkələrdə baş verən acı həqiqətlər bunun nəticəsidir. Onlar müsəlmanları bir-birinə qırdırmaqla məşğuldur və bundan həm şiə, həm də sünnü zərər görür. Düşmənlərimiz isə böyük bir keflə bunu kənardan izləyirlər. Son olaraq Əl-Əzhər Şeyxinin şiəlik əleyhinə bir məqalə dərc etdiyinə şahid olduq. Halbuki, biz onu vəhdət və birliyin tərəfdarlarından biri kimi bilirik. Bu mənzərə şeytanın çox hiyləgərcəsinə hərəkət etdiyini və bir sıra televiziya proqramları ilə Əl-Əzhər Şeyxini təhrik etdiyini göstərir. Halbuki, sözdə şiəliyi izah edən bu kanallar İslam düşmənləri tərəfindən maliyyələşdirilir və məqsəd də məlumdur. Bu kanallarda davamlı sünnülərin müqəddəslərinə, alimlərinə və dəyərlərinə söyülür. Eyni efir siyasəti ilə işləyən sözdə sünnü kanalları da var. Bunlar da şiə müqəddəslərini təhqir edir. Hər ikisi də düşmən tərəfindən maliyyələşdirilir. Çünki ikisinin də məqsədi eynidir: Ümmət içində məzhəbçilik fitnəsini qızışdırmaq, könüllərdə sevgini düşmənçilik və nifrətə çevirmək."
 
Ayətullah Mərkarim Şirazi ingilis siyasətçilərdən birinin sözünü xatırladıb: "Bu siyasətçi açıq şəkildə deyib: Müsəlmanlar arasında üç şey olduğu müddətdə biz təhlükədəyik. Kəbə müsəlmanların arasında olduğu müddətdə və insanlar oraya üz tutduğu müddətdə biz təhlükədəyik. İslam Peyğəmbərinin adı azan vasitəsi ilə hər tərəfə çatdırıldığı müddətdə biz təhlükədəyik. Qurani-Kərim müsəlmanların arasında olduğu müddətdə biz təhlükədəyik. Mən Quranı yandırmağı, Kəbəni dağıtmağı və Peyğəmbərin adını qulaqlardan, insanların həyatından çıxarmağınızı istəyirəm. Yoxsa xristianlıq təhlükə içində qalmağa davam edəcək."

Google+ WhatsApp ok.ru