Azərbaycanda buraxılış imtahanlarında yeni tapşırıqlardan istifadə ediləcək

Gələcəkdə monitorinq imtahanlarında istifadə edilən tapşırıqlar buraxılış imtahanlarında da istifadə ediləcək. Maide.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün monitorinq və buraxılış imtahanlarında, həmçinin jurnalistika ixtisasına qəbulda yazı işlərini yoxlayan ekspert-markerlərlə keçirdiyi görüşdə deyib.
 
Onun sözlərinə görə, bu tapşırıqlar 9-cu sinif buraxılış imtahanlarında istifadə ediləcək: "Kurikulumla oxuyan şagirdlər artıq 7-ci sinfə çatıblar. İki ildən sonra onlar 9-cu sinifdə olacaqlar. Onlar üçün yalnız qapalı tapşırıqlar deyil, yazı işləri də olacaq. Bunun üçün də bizə 10 min müəllim lazımdır. Bizim bazada isə 910 nəfər var. Bu bazanın genişləndirilməsi bizim üçün çox vacibdir".
 
M.Abbaszadə bildirib ki, bu il monitorinq imtahanları orta məktəbin 6 və 7-ci siniflərində keçiriləcək. Həmin siniflər 5-ci sinifdən monitorinq imtahanları vermiş siniflərdir.
 
Komissiya sədri qeyd edib ki, bu il orta məktəblərin 5-ci sinif şagirdləri üçün monitorinq imtahanları keçirilməyəcək: "Bu, may ayında TQDK-nın həyata keçirdiyi tədbirlərin sıxlığı ilə bağlıdır. Ancaq gələn ildən 5-ci sinif şagirdləri üçün yenidən monitorinq imtahanları keçiriləcək. Bununla yanaşı, bu imtahanlar gələn ildən yalnız Azərbaycan dili və riyaziyyat fənləri üzrə deyil, digər fənlər üzrə də keçiriləcək".

Google+ WhatsApp ok.ru