Azərbaycan hökuməti ABŞ-dakı yəhudilərə nə qədər pul verir?

«Azad Avropa» radiosu Amerikadakı yəhudilərin Azərbaycanın repressiv hökumətini dəstəkləməsi haqda material yayımlayıb

Azərbaycan hökumətinin Avropa və ABŞ-da lobbi təşkilatlarına milyonlar xərcləməsi haqda Qərb mediasında konkret faktlarla materiallar hazırlanır. Bu istiqamətdə “Azad Avropa” radiosu da araşdırma aparıb. Budəfəki araşdırma ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının Azərbaycan hökumətindən aldığı pullar qarşılığında göstərdiyi xidmət haqdadır. “Azərbaycanda insan hüquqlarının vəziyyətinə baxmayaraq, ABŞ yəhudiləri bu ölkəni dəstəkləyir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycan hökumətinin xeyli vaxtdır ki, Vaşinqtonda onu təbliğ edən yəhudi qruplarla yaxşı münasibətləri var. Bu keçmiş sovet ölkəsilə Israil arasında qarşılıqlı münasibətlər də dərinləşir. Bu ölkə özünü müsəlman dünyasında yəhudilərə qarşı yaxşı münasibətilə reklam edir.
 
Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə görə səslənən beynəlxalq tənqidlər fonunda ABŞ-da yerləşən yəhudi təşkilatları bu hökumətə dəstəklə bağlı mövqeyini dəyişmir. Onlar rəsmi Bakıya Israilin düşmənlərinin çoxluq təşkil etdiyi regionda başlıca sabitlik mənbəyi kimi baxır.
 
“Bizim mesajımız aydın və davamlıdır: Azərbaycan Birləşmiş Ştatlar və Qərb üçün vacib strateji tərəfdaşdır. Eyni zamanda, Israil və yəhudi xalqının dəyərli dostudur”, - deyə Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris bu yaxınlarda Bakıda prezident Ilham Əliyevlə görüşündən sonra verdiyi bəyanatda bildirib.
Qapalı keçən 75 dəqiqəlik görüşdən sonra Vaşinqtonda Azərbaycan hökumətinin dəstəklənməsilə bağlı ciddi aktivlik başladı. Bu səylər Azərbaycanı Birləşmiş Ştatlar üçün enerji, terrorizmə qarşı mübarizə və s. məsələlərdə vacib tərəfdaş kimi qələmə vermək istiqamətində aparılan təbliğat kampaniyasının tərkib hissəsidir.
Eyni zamanda, Qərb rəsmiləri bildirir ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti kəskin şəkildə pisləşib. Bu ölkədə təkcə ötən il hökuməti tənqid edən onlarla siyasi fəal, hüquq müdafiəçisi, jurnalist həbs olunub.
 
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov yanvarın 30-da Vaşinqtonda keçirilən müzakirələr zamanı ölkəsində hökumətdə təmsil olunan vəzifəli şəxslər tərəfindən insan hüquqlarının pozulmasına dair sualı cavablandırarkən dərhal mövzunun istiqamətini dəyişərək, Azərbaycanda müxtəlif dinlərə, o cümlədən yəhudilərə qarşı dözümlü münasibətdən danışıb.
 
“Xatırlatmaq istəyirəm ki, bu gün bizim ölkəmizdə Azərbaycan və yəhudi xalqları, müsəlmanlar və xristianlar birlikdə sülh şəraitində yaşayırlar”, - deyə Seyidov bildirib. O, əlavə edib ki, Azərbaycan parlamentində, hətta yəhudi deputat da var.
 
Amerika Yəhudi Komitəsinin nümayəndəsi Kennet Bendlerdən Bakı səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanda insan hüquqlarının vəziyyətinin müzakirə olunub-olunmadığı soruşulub. O, elektron poçt vasitəsilə ünvanlanmış bu sualı cavablandırarkən danışıqların məzmunu haqda məlumat vermək istəmədiyini bildirib. Bendler bunu danışıqların özəl xarakter daşımasıyla əlaqələndirib.
 
Azərbaycanda son siyahıya alınmaya görə, bu ölkədə 9000 nəfər yəhudi yaşayır. Amma digər mənbələrin məlumatında bu rəqəm 30000 göstərilir. Ölkədə həmçinin bir neçə sinaqoq fəaliyyət göstərir.
 
Azərbaycan hökuməti Amerikada lobbiçilik məsələsində əsas rıçaq kimi yəhudi təşkilatlarına güvəndiyini heç vaxt gizlətməyib. Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev 2000-ci ildə Amerikadakı yəhudi qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdi. Onlar amerikalı qanunvericiləri 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinə görə Bakıya yardım edilməsinə qoyulan qadağanı aradan qaldırmağın vacibliyinə inandırmışdılar.
 
Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşı 2006-cı ildə yazılan bir məqalədə göstərirdi ki, 11 sentyabr olaylarından sonra terrorizmə qarşı mübarizədə ABŞ-Azərbaycan əməkdaşlığının qurulmasında yəhudi təşkilatlarının ciddi rolu olub.
Yəhudi təşkilatları xüsusən son illərdə Vaşinqtonda Azərbaycan hökumətinin xeyrinə lobbi fəaliyyətini daha da gücləndirib.
ABŞ-da fəaliyyət göstərən lobbi şirkəti “Podesta Group” hər ay Azərbaycan hökumətindən 60000 dollar vəsait alır. Adıçəkilən şirkət bu haqda sualı cavablandırmaqdan imtina edib.
 
Bu arada, əsasən enerji və silah ticarəti üzərində qurulmuş ABŞ-Israil tərəfdaşlığını hər iki tərəf yüksək qiymətləndirir. Bu haqda son aylarda Vaşinqtonda nəşr olunan bir neçə qəzetdə məqalələr də dərc olunub.
Noyabr ayında “Capitol Hill Roll Call” qəzetində dərc olunmuş məqalədə Azərbaycan yəhudilərə münasibətdə Avropaya nümunə göstərilib.
“Washington Times” da yanvarın 28-də Azərbaycanın yəhudilərə münasibəti haqda ödənişli məqalə dərc etmişdi.
 
Azərbaycan-Amerika Alyansının sədri olan Den Berton elə həmin gün keçmiş konqresmen qismində müəllif yazısı ilə çıxış edərək, Azərbaycanı “Israilin iqtisadi və hərbi sahədə güclü tərəfdaşı” kimi təqdim etmişdi. Qeyd eləmişdi ki, “Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunə ola bilər”.
 
Sonradan “The Washington Post”un əməkdaşı Erik Vempl “Washington Times”dakı məqalədə Den Bertonun sadəcə, keçmiş konqresmen kimi təqdim edilməsi, onun Azərbaycan-Amerika Alyansının rəhbəri olması faktının gizlədilməsi haqda məqalə hazırladı. Bundan sonra “Washington Times” sözügedən məqaləyə düzəliş etdi.
 
ABŞ-ın yüksək vəzifəli rəsmiləri və konqresmenlər Azərbaycanda siyasi fəallara, müstəqil jurnalistlərə, hüquq müdafiəçilərinə hücumlara, bu qəbildən olan adamların, o cümlədən “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayılın həbsinə görə hökuməti tənqid etdiyi bir zamanda Birləşmiş Ştatlardakı yəhudi təşkilatları baş verənləri “inkişaf etməkdə olan demokratiyanın müəyyən problemləri” kimi təqdim etməyə çalışırlar.
 
“Tam demokratiya və şəffaflığın inkişafı üçün onilliklər lazımdır. Əgər beynəlxalq münasibətlərdə demokratiya, insan hüquqları məsələsi əsas amil kimi götürülsə, o zaman ABŞ-ın, Israilin cəmi bir neçə tərəfdaşı qalmalıdır”, - deyə Harris bildirib.
 
Amerikadakı böyük yəhudi təşkilatları birliyinin vitse-prezidenti Malkolm Honlayn deyib ki, Bakı ilə yəhudi icmaları arasında yaxınlaşma Azərbaycanca insan haqları sahəsində vəziyyətin yaxşılaşmasına effektli təsir göstərə bilər.
 
ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç deyir ki, Azərbaycanda yəhudi icmalarına qarşı münasibət həqiqətən yaxşıdır və digər müsəlman ölkələrinə də müsbət nümunə ola bilər.
 
Eyni zamanda, Kozlariç bildirir ki, Azərbaycan rəsmiləri insan hüquqları kimi məsələlərdən danışmaqdan yayınmağa çalışırlar. Açıq-aşkar görünür ki, onlar üçün bu mövzuda sualları cavablandırmaq çətindir: “Azərbaycanda insan hüquqları haqqında söhbətlərdən xoşlanmayan rəsmilər söhbəti ölkədəki dini tolerantlıq məsələsinə yönəldirlər”.(Azadlıq)

Google+ WhatsApp ok.ru