Hakimiyyəti tələbə üsyanı gözləyir

Ya təhsil haqlarına görə güzəşt edilməli, ya da 10 minlərlə tələbə Universitetdən uzaqlaşdırılmalıdır

Azərbaycanda təhsil səviyyəsinin ildən-ilə aşağı düşməsi,  abituriyentlərin minimal nəticə göstərməsi hamının bildiyi həqiqət idi. Bugünlərdə TQDK sədri Məleykə Abbaszadənin səsləndirdiyi rəqəmlər vəziyyətin acınacaqlı olduğunu bir daha təsdiqlədi. Məlum oldu ki, abituriyentlərin 65 faizi 200-dən az bal toplayıb və ölkənin bütün ərazilərində adını yaza bilməyən şagirdlər var. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, təkcə bu rəqəmlər kifayət edir ki, məsul şəxslər istefaya göndərilsin və həyəcan təbili çalınsın. Amma Azərbaycan hakimiyyətinin uzun illər apardığı siyasət onu deməyə əsas verir ki, təhsilin inkişafı hakimiyyət üçün maraqlı deyil.
Amma təhsil problemləri bununla da bitmir. Belə ki, TQDK sədri açıqlamasında təhsil haqlarının yüksək olmasından da danışıb. Biz uzun illərdi bu problemə də toxunuruq, müxtəlif ekspertlərin dili ilə hakimiyyətə xatırlatmalar edirik.  Amma Azərbaycanda təhsilin səviyyəsi nə qədər aşağıdırsa, təhsil haqları bir o qədər yüksəkdir. Qeyd edək ki, Universitetlərdə təhsil haqları 1500-4500 arası dəyişir. Onu qeyd etmək yerinə düşər ki, ötən müddət ərzində 10000-ə yaxın tələbə təhsil haqlarını ödəyə bilmədiyi üçün  Universitetdən xaric edilib. Dövlət Universitetlərinin təxminən 60 faizi ödənişli əsaslarla fəaliyyət göstərir.  Əslində, Azərbaycanda təhsil haqlarının bu qədər yüksək olmasının məntiqi əsaslandırması yoxdur. Əmək haqları, təqaüdlər ən aşağı səviyyədə olsa da, təhsil haqları məsələsində dünyanın nüfuzlu ölkələri ilə bəhsə girmişik.
 
Bütün bunları ona görə xatırlatdıq ki, yaxın gələcəkdə ölkədə tələbə üsyanı gözlənilir və bizdə olan məlumata görə hakimiyyət dəhlizlərində də bu məsələ müzakirə olunur.   Tendensiya onu göstərir ki, növbəti mərhələdə təhsil haqlarının ödənilməsi daha da çətin olacaq. Deməli, ya tələblərə müəyyən güzəştlər olunmalı, ya da tələbə Universitetdən xaric edilməlidir.
 
Neftin qiymətdən düşməsi Azərbaycan öz mənfi təsirini göstərdi. Kütləvi ixtisarlara start verildi. Bu isə ilk növbədə vətəndaşların ödəmə imkanlarını məhdudlaşdırdı.  Dünənə qədər banklara kredit ödəyənlər, işsiz qaldığı təqdirdə bunu edə bilməyəcək. Eyni zamanda Rusiyada da vəziyyət dəyişdi və milyonlarla vətəndaşımızın ölkəyə pul göndərmək imkanı da məhdudlaşdı. Deməli, dünənə qədər  Rusiyadan gələn pullar hesabına, kredit hesabına, hansısa sahədə çalışmaqla övladının təhsil haqlarını ödəyənlər, bu gün bu imkanlardan məhrum olurlar. Amma uzun illər övladını əziyyətlər hesabına hazırlaşdırmış, Universitet tələbəsinə çevirmiş valideyn də, tələbə də bu arzusundan imtina etmək istəmir. Nəticədə 10000-lərlə insan yaranmış vəziyyətə müqvimət göstərəcək və öz əsəbini hakimiyyətin üzərinə tökəcək.
 
Uzun illər ərzində bu problemin həllinə vaxt ayırmayan, tələbə kreditləri ilə bağlı təklifləri dəyərləndirməyən hakimiyyət, indi çətin sınaqla üz-üzə qalacaq. 10000-lərlə gənci oxumaq arzusundan məhrum etmək, böyük təhlükədir.
 
Təsəvvür edin ki, bir tələbə ayda 200 manat kirayə xərclərinə, 200 manat minimal dolanışığına və 4000 manat təhsil haqlarına xərcləməlidir. Deməli, bir tələbənin 1 illik xərci valideynə 8800 manata başa gəlir. Əgər bir ailədən bir neçə nəfər ali təhsil alrısa, vəziyyət daha da ağırlaşır. Belə mənzərə yaranır ki, Azərbaycanda təhsil almaq üçün, ac qalmağı, digər zəruri ehtiyacları dondurmağı  bacarmalısan. Mövcud hakimiyyət bütün dövrlərdə təhsilin keyfiyyətinə deyil, təhsil haqlarının yığımına diqqət göstərib. Bu hakimiyyət üçün təhsil, vətəndaşların milyonlarını mənimsəməkdən ibarətdir.
 
Bəs, indi nə etmək olar? Yəqin ki, hakimiyyət böyük pullardan imtina etməyəcək. Tələbənin isə əvvəlki qaydada pul ödəmək imkanı yoxdur. Yuxarıda qeyd etdiyimiz kimi hələ ölkəyə neft pullarının axdığı, ixtisarların başlamadığı dövrdə 1000-lərlə tələbə təhsil haqlarını ödəyə bilmədiyinə görə Universitetdən xaric edilib. Indi vəziyyət daha da qəlizləşib və hakimiyyət əsaslı addım atmalıdır.
 
Əks halda tələbə ordusunun üsyanı qaçılmaz olacaq. 1000-lərlə tələbini isə “narkotik” ilə şərləmək, “ermənipərəst” damğası ilə ləkələmək mümkün deyil. (Azadlıq)

Google+ WhatsApp ok.ru