Azərbaycan iqtisadiyyatı manatsızlaşır... - ANALİZ

Mərkəzi Bankın bu gün açıqladığı məlumata görə "Pul bazası" göstəricisi 2012-ci ilin aprel ayından sonra ən aşağı həddə düşüb. 
Pul bazasına dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatları daxildir. 
 
Mərkəzi banklar pul bazasını adətən 2 alət vasitəsilə genişləndirə və ya məhdudlaşdıra bilir: maliyyə alətləri (dövlət isitiqrazlarının alınması və ya satılması) və valyuta alışı (ehtiyatların artırılması) və ya satşışı (ehtiyatların azalması).
 
Əgər Mərkəzi Bank maliyyə alətləri vasitəsilə pul bazasını genişləndirmək istəyirsə, Maliyyə Nazirliyinin ilkin bazarda əhaliyə, investorlara satdığı istiqrazları təkrar bazarda onlarda geri almaqla pul kütləsini artıra bilir.
 
Valyuta alışı hesabına pul kütləsinin artırmaq istədikdə, bazardan valyuta alınır, manat dövriyyə buraxılır.
 
Mərkəzi bank son illər valyuta alışı ilə pul bazasını genişləndirirdi. 2012-ci ilin yanvarından 2014-ci ilin oktyabrınadək Mərkəzi Bankın valyuta ehtiyatları 10.5 milyard dollardan 15 milyard dollara, pul bazası 8.1 milyard manatdan 11.5 milyard manata qədər genişlənmişdi. Noyabrdan hər 2 iki göstərici ixtisar olmağa başladı - son 4 ayda valyuta ehtiyatları 5.5 milyard dollar, pul bazası 11.3 milyad manatdan 8.3 milyard manata qədər azalıb. Nə qədər ki, ölkəyə böyük valyuta axını vardı, valyuta təklifi tələbi üstələyirdi, dövlət büdcəsinin (həmçinin Neft Fondunun) valyuta gəlirlərini manata çevirəndə valyuta artıqlığını Mərkəzi Bank dövriyyəyə buraxdığı manat kütləsi ilə tənzimləyirdi - manatı buraxıb valyutanı yığırdı.
 
Təbiidir - ötən ilin 1-ci rübündə Neft Fondu vasitəsilə ölkəyə təxminən 3.9 milyard dollar, bu il isə 2.2 milyard dollar vəsait daxil olub. Neft Şirkəti də böyük ehtimalla öz azalan valyuta gəlirlərini əsasən xarici öhdəliklərinin icrasına yönəldir. Nəticədə valyuta tələbi təklifini üstələyib. Belə vəziyyətdə Mərkəzi Bank valyutanı almadığı, əksinə satdığı üçün manatla pul bazasının genişlndirmək əvəzinə, əksinə dövriyyədə manat kütləsinin kəskin məhdudlaşması prosesi gedir.
 
Bir sözlə, iqtisadiyyat ciddi kəskin şəkildə "manatsızlaşır". Bu həm də onun göstəricidi ki, pul kütləsini dövriyyəyə cəlb edən əsas rezervuarlarda - dövlət büdcəsinin və Neft Fondunun büdcə xərclərində də ötən ilə nisbətən xeyli azalma var.
 
Pul defisiti iqtisadi fəallığın kəskin azalması, tələbin məhdudlaşması kimi mənfi yüklü iqtisadi perspektiv vəd edir.
 
Rövşən Ağayev / iqtisadçı ekspert
 
 

Google+ WhatsApp ok.ru