Azərbaycan və İran elektrik sistemlərini sinxronlaşdıracaq

"Azərbaycana səfərdən məqsədim iki ölkənin elektrik sistemlərinin sinxronlaşdırılması ilə bağlı öncədən görülmüş işlərin yekunlaşdırılması və icrası üçün yeni müqavilənin imzalanmasıdır".
 
Bunu Trend-ə yaxın zamanlarda Azərbaycana səfər edəcək İranın energetika nazirinin enerji məsələləri üzrə müavini Huşəng Fəlahətian deyib.
 
H.Fəlahətian deyib ki, Azərbaycanda keçirəcəyim görüşlərdə iki ölkənin elektrik sistemlərinin sinxronlaşdırılması üçün yekun planlaşdırılma işlərinin razılaşdırılması ilə yanaşı, həm də elektrik enerjisinin mübadiləsi üzrə məzənnənin müəyyən edilməsi məsələsi haqqında da danışıqlar aparacağıq.
 
H.Fəlahətian əlavə edib ki, iki ölkə arasında bundan öncə ilkin razılıq əldə olunmuşdu və iş bölgüsü aparılmışdı: “Artıq elektrik enerjisinin ötürülməsi üçün xətlər, həm də elektrik yarımstansiyaları tikilib. İnfrastruktur tam hazırdır. Ümid edirik ki, bu səfər zamanı razılıq əldə olunacaq və müqavilə imzanalacaq”.
 
Nazir müavini deyib ki, biz Azərbaycan tərəfinə elan etmişik ki, iki ölkənin elektrik sistemləri sinxronlaşdırılandan sonra Azərbaycandan elektrik enerjisinin alınması ilə bağlı müqavilə imzalamağa hazırıq: “Həmçinin Azərbaycan tərəfi İranda bərpa olunan, külək və geotermal (gelioenergetika) elektrik stansiyalarının tikilməsi sahəsində investisiya qoymaqda maraqlı olduğunu bildirib ki, biz bunu alqışlayırıq”.
 
H.Fəlahətian Azərbaycanlı investorlarına bu sahədə ediləcək güzəştlərdən danışıb: "Ötən həftədən yeni enerji stansiyalarında istehsal olunan elektirik enerjisinin qiymətini rəsmən elan etmişik. Bundan başqa, həmin stansiyaların istehsal etdiyi elektrik enerjisini 20 il müddətinə zəmanətlə alırıq.”
 
Energetika nazirinin müavini deyib ki, biz azərbaycanlı investorları İranda sərmayə yatırmağa dəvət edirik və onların yeni enerji stansiyaları sahəsində sərmayə qoyması ilə yanaşı, digər sahələrdə də sərmayə yatırmasını alqışlayırıq.
 
H.Fəlahətian həmçinin bildirib ki, Azərbaycan və İran elektrik sistemlərinin sinxronlaşdırılması ilə üçüncü ölkələr, o cümlədən Rusiya ilə də enerji mübadiləsinin həyata keçirilməsinə zəmin yaradılır: "Azərbaycan və İran elektrik sistemlərinin sinxronlaşdırılması ilə İran və Rusiya arasında Azərbaycan vasitəsi ilə elektrik enerjisini mübadiləsini həyata keçirə bilərik”.
 
Qeyd edək ki, elektrik sistemlərinin sinxronlaşdırılmasından sonra İran Azərbaycan vasitəsilə Rusiya ilə, eyni zamanda, Azərbaycan İran vasitəsilə Əfqanıstan və İraqla elektrik enerjisi mübadiləsi apara biləcək.
 
Bundan öncə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin demişdi ki, Azərbaycanın elektrik enerjisinin İran vasitəsi ilə İraq və Əfqanıstana nəqli məsələsi iki ölkə arasında razılaşdırılıb.

Google+ WhatsApp ok.ru