Azərbaycan universitetlərinin ən bahalı ixtisasları hansılardır? - ARAŞDIRMA

Azərbaycanın ali məktəbləri arasında ən yüksək təhsil haqqı ADA Universitetindədir.

Məlum olub ki, 2015-2016-cı tədris ilində ADA Universitetinin Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Dövlət və ictimai münasibətlər fakültələrində illik təhsil haqqı 4800 manat müəyyən olunub. 

İkinci yerdə Qafqaz Universiteti gəlir. Bu ali təhsil müəsissəsinin Beynəlxalq münasibətlər fakültəsində təhsil alan tələbə ildə 4200 manat ödəməlidir. 

Təhsil haqqının miqdarına görə üçüncü sırada qərarlaşan Qərb Universitetinin ən bahalı fakültələri Tərcümə və Filologiyadır. Bu fakültələr üzrə illik ödəniş 3995 manatdır. 

Dördüncü yerdə Bakı Dövlət Universiteti gəlir. BDU-nun Hüquq fakültəsidə təhsil haqqı 3800 manatdır. 

Digər universitetlər aşağadakı kimi sıralanıblar. 

Xəzər Univеrsiteti (Fizika, Riyaziyyat və İnformatika müəllimliyi) 3500

Azərbaycan Tibb Universiteti (Müalicə işi, Stamotalogiya) 3000

Bakı Musiqi Akademiyası (Dirijorluq, Solo oxuma) 3000

Azərbaycan Milli Konservatoriyası (Solo oxuma) 3000

Azərbaycan Dövlət İqtisad Universiteti (Dünya iqtisadiyyatı və Maliyyə) 2600

Dövlət İdarəçilik Akademiyası (Politologiya və Hüquq) 2500

Azərbaycan Dillər Universiteti (Regionşünaslıq, Tərcümə) 2500

Azərbaycan Turizm və Menecment Universitetinin (Turizm işinin təşkili, Qida məhsulları mühəndisliyi)2500

Bakı Slavyan Universiteti (Beynəlxalq münasibətlər, İngilis dili və ədəbiyyatı)2500

Azərbaycan Memarlıq və İnşaat Universiteti (Dizayn və Memarlıq) 2000

Azərbaycan Dövlət Neft Akademiyası (Neft və qaz mühəndisliyi) 1800

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Solo oxuma)1800

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bütün istisaslar) 1320

Araşdırmalar zamanı məlum olub ki, bəzi universitetlər ötən illə müqayisədə 2015-2016-cı tədris ili üzrə təhsil haqqlarını artırıblar. 

Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov bildirib ki, İqtisad Universitetində təhsil haqları 1800-2600 manat arasında dəyişir: "Ən yüksək ödənişlər "Dünya iqtisadiyyatı və Maliyyə" ixtisaslarındadır. Keçən ilə nisbətdə bu il, ödənişlərdə artım olub. Bəzi ixtisaslarda 300-400, bəzilərində 100 manat artım olub. Bir sıra ixtisaslarda isə təhsil haqqı dəyişməyib".

Onun sözlərinə görə, təhsil haqları ilə bağlı qərarı universitet qəbul edir: "Universitet qərarı Təhsil Nazirliyini təqdim edir. Təsdiqlənmiş ödənişlər "Abituriyent" jurnalında dərc olunur".

Bakı Slavyan Universitetinin prorektoru Telman Cəfərov bildirib ki, universitedə ən yüksək ödəniş "İngilis dil müəllimliyi" və "İngilis dili tərcümə" ixtisaslarınadır: "Bu ixtisaslarda təhsil haqqı 2500 manatdır. Bu qiymət 2-3 ixtisasdadır. Əksər fakültələrimizin ödənişi 1800 manatdır. Bizim universitetdə 1800 manatdan aşağı təhsil haqqı yoxdur".

Prorektor qeyd edib ki, bu il Bakı Slavyan Universitetində təhsil haqqında artım olmayıb: "Bu il dəyişiklik olmayıb, qiymətlər əvvəlki illərdə olduğu kimi qalıb".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimovbildirib ki, təmsil etdiyi ali məktəb 2015-2016-cı tədris ilində təhsil haqqını artırmayıb: "Pedaqoji Universitetin 11 fakültəsində təhsil ödənişli əsaslarla aparılır, illik təhsil haqları bütün fakültələrdə eynidir, yəni 1320 manat müəyyənləşib".

Azərbaycan Dillər Universitetindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, bu tədris ilində Dillər Universitetində təhsil haqlarında artım olmayıb: "Dillər Universitetində təhsil haqları 1000-2500 manat arasında dəyişir. Ən yüksək təhsil haqqı Regionşünaslıq, Beynəlxalq münasibətlər, İngilis dili müəllimliyi, İngilis dili filologiyası, İngilis dili tərcümə, ən aşağı təhsil haqqı isə Alman və Fransızdilli ixtisaslarındadır".

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin verdiyi məlumata görə, universitetlərin təhsil haqlarını müəyyənləşdirmək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətlərinə aid deyil: "Bizə plan yerləri təqdim olunur, həmin plan yerlərinə qəbul aparılır".

Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycanda ali təhsil müəssisələri illik təhsil haqqlarını özləri müəyyənləşdirir. 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev  "Report"a bildirib ki, bu gün Azərbaycanda universitetlərin ödəniş haqlarını tənzimləyən qurum yoxdur: "Hər bir ali məktəb özü təhsil haqqını müəyəynləçdirir, istədiyi vaxt ödənişi qaldırır. Yaxşı olar ki, ali məktəblərdə təhsil haqqlarını Tarif Şurası müəyyənləşdirsin. Ən yaxşısı isə təhsil haqqlarını müəyyən edən qurumun yaranmasıolardı. Bu dövlət qurumu və ya Qeyri-Hökümət Təşkilatı da ola bilər. Həmin qurum hər bir ali məktəbi, hər bir ixtisası öyrənə və və ona uyğun olaraq konkret təhsil haqqı müəyəynləşdirə bilər. Belə halda ali məktəblər də ödənişi qaldırmaqdan qaçar".

Ekspert qeyd edib ki, hazırda dünyada tələbə pulu ilə müəllim, universitet saxlamaq aktuallığı yoxdur: "Ali məktəblərin hər birinin laboratoriyası və elmi məktəbləri fəaliyyət göstərməlidir və ordan qazanc əldə etməlidir. Bazar iqtisadiyyatı bunu tələb edir".

Xatırladaq ki, bu il keçirilən qəbul imtahanlarında ali məktəblərə 32 276 abituriyent daxil olub. Olardan 28 966 nəfəri dövlət universitetlərində oxuyacaq. Bunun da 11 041 nəfəri ödənişsiz, 17 925 abituriyent ödənişli əsaslarla təhsil alacaq. Qəbul olanların 3 310-u isə özəl universitetlərdə oxumaq şansı qazanıblar, onlardan 623 nəfəri dövlət sifarişi əsasında və ödənişsiz formada təhsil alacaq.

Google+ WhatsApp ok.ru