Azərbaycanda 13 minə yaxın abituriyent ali məktəbə imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də 2016/2017‑ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
 
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
 
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.
 
İmtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11014 abituriyent I qrup üzrə, 1786 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 12087 nəfəri (I qrup üzrə 10405, IV qrup üzrə 1682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609 nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur.  Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4849  nəfəri (I qrup üzrə 3833 nəfər, IV qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent  xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir. Bakı şəhərində 6291, Naxçıvanda 654, Gəncədə 1595, Sumqayıtda 929, Mingəçevirdə 462, Şəkidə 454, Ağcabədidə 433, Göyçayda 417, Şirvanda 374, Lənkəranda 680, Xaçmazda isə 511 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1084 nəzarətçi-müəllim cəlb olunacaq.

Google+ WhatsApp ok.ru