Büdcəni hansı məmurlar çökdürə bilər?

İri vergi ödəyicilərinin hazırda dövlətə 2,2 milyard manat borcu var

Neftin qiymətinin ucuzlaşmasının dövlət büdcəsinin icrasında problemlər yaradacağı şübhəsizdir. Hökumət Dövlət Neft Fondundan transferlər etməklə, habelə vergi ödəmələrində ciddi tədbirlərə əl atmaqla kəsiri örtməyə çalışır. Amma nədənsə, vergi “intizamı” dedikdə, hökumət daha çox sahibkarları və əhalini “yadına salır”. Əhalinin əmanətlərinə və əmlakların alğı-satqısına vergi tətbiqini buna misal olaraq göstərmək olar. Sahibkarlıq obyektlərinin hər biri vergi müfəttişlərinin ciddi nəzarəti altına keçib. Amma dövlətin 6 iri vergi ödəyicisinin, böyük şirkətlərin büdcəyə külli miqdarda borcları var ki, burada ciddi nizam-intizamın yaradılması yada düşmür.
 
İri vergi ödəyicilərinin borcu artır
 
Hazırda dövlətə iri vergi ödəyicilərinin 2,2 milyard manat borcu var. Bu borcların ildən-ilə azalması isə kağız üzərindədir. Belə ki, 2009-cu ildə həmin müəssisələrin vergi borcları 7 milyard manatı haqlamışdı. Onların azalması heç də vergi yığımlarında nizam-intizamın yaradılması ilə deyil, dövlətin tədricən debitor borcları bağışlaması ilə əlaqədardır. Dövlət şirkətlərin vergi yığımlarında anarxiya isə hələ də davam etməkdədir. Məsələn, “Fitch” Ratings hesabatında “Azərenerji”nin 2013-cü ildə dövlət büdcəsinə 700 milyon manat borcu olduğunu göstərmişdi. Bundan əlavə, “Azərenerji”nin Dövlət Neft Şirkətinə qaza görə borcu 1 oktyabr 2014-cü il tarixinə 385 milyon manata çatıb. Eyni vəziyyət, vergi ödənişlərinə məsuliyyətsiz yanaşma digər iri vergi ödəyicilərində də mövcuddur. Dövlət Neft Şirkəti istisna olmaqla, demək olar, onların hamısının - “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları”nın (AZAL), Xəzər Dəniz Gəmiçiliyinin və Bakı Metropoliteninin yalnız adları “iri vergi” ödəyicisi olaraq qalır. “Bakıelektrikşəbəkə”nin isə səlahiyyətləri yeni yaradılan “Azərişıq” ASC-yə verildiyindən dövlətə borclular sırasında bu qurumun da adını çəkmək olar. Bu strukturların hər biri büdcədən həm dotasiya, həm də investisiya xərcləri əldə etməklə, dövlət vəsaitlərinin səmərəsiz və qeyri-şəffaf istifadəsi ilə məşğuldurlar. Eyni zamanda xarici maliyyə qurumlarında dövlət zəmanəti əsasında böyük həcmdə kreditlər alırlar. Əlbəttə, onların geri qaytarılmasının böyük əksəriyyəti dövlət büdcəsinin boynundadır.
 
Büdcə ödəmələri azalır
 
Yeri gəlmişkən, hökumət borcların aşağı düşdüyünü göstərdiyi halda, adıçəkilən müəssisələrin büdcəyə ödəmələrində azalma müşahidə edilir. Məsələn, “Azərenerji” 2012-ci ildə 140,4 milyon manat vergi ödəyibsə, 2013-cü ildə bu göstərici 125,8 milyon manat olub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2012-ci ildə 32,6 milyon manat, 2013-cü ildə isə 32,5 milyon manat vəsait ödəyib. “Azərbaycan Dəmir Yolları”nın büdcə ödənişi 2012-ci ildə 2 milyon manat, 2013-cü ildə 1,9 milyon manat olub. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2012-ci ildə 0,25 milyon manat, 2013-cü ildə isə 0,1 milyon manat vəsait ödəyib.
“Azərsu” 2012-ci ildə 11 milyon manat, 2013-cü ildə 10,8 milyon manat ödəniş edib. 
Ümumilikdə, adıçəkilən qurumlar dövlət büdcəsinə 1.7 milyard manat vergi ödəyiblər. Onun elə 1,4 milyard manatını Dövlət Neft Şirkəti, 224 milyon manatını “Bakı Metropoliten” ödəyib.
Həmin qurumlar vergi ödənişləri ilə yanaşı, büdcədən subsidiyalar da alırlar. Ödənişlər azaldıqca, büdcədən ayrılan subsidiyaların həcmində artım müşahidə edilir. 2015-ci illərin büdcə xərclərində adıçəkilən şirkətlərə 100 milyon manatdan çox subsidiya ayrılması proqnozlaşdırılıb. 2014-2015-ci illər üzrə subsidiyaların bölgüsünə gəlincə, Bakı Metropoliteni 2014-cü ildə 35 mln. manat alıbsa, bu ildə bu rəqəmin 37.9 mln. manata yüksəlməsi gözlənilir. “AZAL” həm ötən il, həm də bu ilə 10 mln. manat yardım alacaq. “Azərsu”nun aldığı subsidiya 2014-cü ildə 9.8 mln. manat, 2015-ci ildə isə 10 mln. manat təşkil edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin isə ötən il 38.2 mln. manat, bu il isə 42.5 mln. manat büdcədən yardım alacağı gözlənilir.
Qeyd edək ki, bu iri vergi ödəyiciləri subsidiya almaqla yanaşı, büdcənin əsaslı xərclərində (investisiya xərclərindən) də böyük paya sahibdirlər. Ümumilikdə, 2015-ci ildə iri vergi ödəyicilərinə icmal büdcədən düşən payın 1,4 milyard manatdan çox olması gözlənilir. Həmin vəsaitin 93 milyon manatı subsidiyalar, 921 milyon manatı dövlət büdcəsinin investisiya xərcləri, 500 milyon manata yaxınını isə Dövlət Neft Fondunun vəsaitləri təşkil edir (“Bizim Yol”).
 
Məhəmməd Talıblı: “Bəzi dövlət şirkətləri muxtar hüquq əldə etməklə qiymət artımlarına getmək istəyirlər”
 
İqtisadçı ekspert Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, büdcədə korrupsiya riskləri və şəffaflığı zəif olan maddələr qaldıqca bu problemlər nəinki dayanmayacaq, əksinə, daha şiddətli xarakter alacaq. Çünki, büdcə vəsaitlərinin həm daxilolmalarında, həm də xərclənməsində ciddi problemlər var. Ekspert hesab edir ki, bütün bu riskləri minimuma endirib tamamilə aradan qaldırılmasına ehtiyac var: “Əvvəla, iri vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin icrasında elə bir ciddi ödəmələr olmadığı halda niyə 400 milyon manatdan artıq vəsait görünmür? Axı, ötən il rəsmilər bu borc öhdəliyinin 2,6 milyard manat olduğunu deyirdilər. Bunun bir qismi bağışlanılıbsa, deyilsin ki, bağışlanılıb. Yox, icra olunubsa, o zaman büdcə daxilolmalarındakı mənbələrin göstərsinlər. Bununla da qaranlıq məqamlara aydınlıq gətirilsin. Ikincisi, həmin dövlət şirkətlərinin dövlət zəmanəti ilə uzun müddətli kredit alınması hesabına onun müəyyən bir faizinin korrupsiyanın ”yeminə" çevrilməsi gələcək nəsli borcla yükləməklə yanaşı, eyni zamanda bu gün görülən bilən işin miqyasının azalması deməkdir. Bu isə bahalı layihə və ağır şərtlərlə vizual layihə icra edilməsi deməkdir.
Məsələnin başqa bir biabırçı tərəfi başqadır. Elə iri təbii inhisarçı şirkətləri var ki, onların büdcədən subsidiya kimi aldıqları və götürdükləri kreditlərin cəmi büdcəyə ödədikləri vergi borclarından çoxdur. Belə büdcə “siçovullarına” qarşı tədbirlər sərtləşdirilməsə, büdcənin gəlir mənbələri daralmaqda davam edəcək".
M.Talıblı onu da qeyd etdi ki, indi bəzi dövlət şirkətlərinin artıq muxtar hüquq əldə etməklə qiymət artımlarına getmək niyyətləri hiss olunur: “Tarif Şurasına müraciət edilmədən qiymətqoyma siyasəti məhz buna xidmət edir. Bununla indiyə qədər yaranmış vergi borclarını qiymət artımı vasitəsilə vətəndaşlara ödətmək istəyirlər. Mənim təhlillərim bunu göstərir. Demək, dövlət şirkətləri şirkət daxilində bəzi xərclərini şişirdib, daha çox yayınmalara yol verdikcə, onun gəlirləri azalır və vergi borclarını kəsməli olur. Nəticədə az vergi ödəyən şirkətlər hesabına biz Neft Fondunun aktivlərindən daha çox vəsait götürməyə məcbur oluruq. Bu isə cari və investisiya xərcləri arasında optimal nisbətin pozulması ilə müşahidə olunur”.

Google+ WhatsApp ok.ru