''Beş rayon qaytarılsa, bu, işğalla razılaşmaqdır''.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul bu ilin sonuna kimi tətbiq olunacaq. İlk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək”.
 
Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  APA-nın Moskva müxbirinə müsahibəsində deyib.
 
Politoloq bildirib ki, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil.
 
Çünki Rusiya rəhbərliyi bilir ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur. O,  işğal altındakı torpaqlarını azad etmək istəyir:
 
“Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək. Dmitri Medvedevin prezidentliyi dövründə Kazanda təklif olunan bu formulun əsas prinsipləri bundan ibarətdir. Ermənistan ilkin mərhələdə 7 rayondan 5-ni geri qaytarır. Həmin rayonlar regionda sülhə təminat vermək üçün hərbisizləşdirilir. Bütün bunların qarşılığında Azərbaycanın Ermənistana etdiyi güzəşt ona qarşı olan blokadanın aradan qaldırması olur”.
 
S.Markov həmçinin vurğulayıb ki, münaqişənin Ermənistanın xeyrinə həll olunması şansı ildən-ilə azalır: “Əgər bir neçə il bundan qabaq münaqişənin daha çox Ermənistanın xeyrinə həll olunma ehtimalı güclü idisə, bu gün münaqişənin Azərbaycanın xeyrinə həll olunmaq şansı daha böyükdür. Ona görə də, əgər münaqişə bundan sonra daha bir neçə il də həll olunmamış qalsa belə, bu, tamamilə Azərbaycanın xeyrinə həll yolu ilə nəticələnəcək”.
 
Politoloq Zərdüşt Əlizadə deyir ki, illərlə bu məsələ müzakirə mövzusu olsa da, indi bu münaqişənin ağası olan Rusiya qərara gəlib ki, formatı dəyişsin: “BMT-nin məlum qətnamələrində də, erməni işğal qoşunlarının həmin rayonları azad etməsi tələbi səslənib. Ancaq bir var qətnamələrin mətni, bir də var, döyüş meydanında qüvvələr nisbəti. Qüvvələr nisbəti Ermənistana müttəfiq olan Rusiyanın xeyrinə deyil. Heç kəs bu qətnamələri icra etmək niyyətində deyil. Rusiya Ermənistanı və Azərbaycanı razı salsın ki, rus sülhməramlıları bölgəyə gəlsin. Bu halda, 5-6 rayon azad oluna bilər. Bunun müqabilində Azərbaycan öhdəlik götürər ki, Dağlıq Qarabağın statusu barədə danışıqlar gedəcək. Tez  bir zamanda Azərbaycan Qarabağın müstəqilliyinə nail olacaq. Erməni tərəfin tələbi Qarabağın müstəqilliyinin tanınmasıdır. Onlar başqa variantı qəbul etmirlər”.
 
Politoloqun sözlərinə görə, ermənilərin böyük əksəriyyəti bu formata razıdır: ”Rusiya da, əmr etsə, narazı qalan kütlə də buna qarşı çıxa bilməyəcək”.
 
Z.Əlizadə hesab edir ki, Azərbaycan indiki şəraitdə bu razılaşmaya getsə, uduzacaq: “Erməni tərəf hesab edir ki, müharibənin qalibidir. Yəni Azərbaycan Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevin dövründə idarə ediləndə, müharibədə ağır məğlubiyyətə uğrayıb. Bu hakimiyyət davasına görə, özündən 5-6 dəfə zəif Ermənistan Azərbaycanı məğlub edə bilmişdir. Bu razılaşmaya getmək, o zaman mümkün olardı ki, Azərbaycan demokratik bir ölkə, vətəndaşların rifah səviyəsi yüksək olardı. O zaman Qarabağ erməniləri görərdi ki, burada yaşamaq onlar üçün daha əlverişlidir. Həmçinin bir müddətdən sonra, ermənilərə etnik nifrət təbliğatının olmadığının şahidi olardılar. Bundan sonra, inamsızlıq, nifrət hissləri aradan qalxardı, razılaşardılar ki, Azərbaycanın daxilində muxtariyyət kimi qalsınlar. Amma görəndə ki, Azərbaycan vətəndaşları qapaz altındadırlar, həbs olunurlar, döyülürlər, onda niyə bu bərbad ölkədə yaşamaq istəsinlər? Bu halda, öz qondarma müstəqilliklərindən yapışacaqlar və heç vaxt bu təkliflə razılaşmayacaqlar”.
 
Tarixçi Cəmil Həsənlinin fikrincə, Dağlıq Qarabağ ətrafında olan rayonlar heç bir ön şərt qoyulmadan Azərbaycana qaytarılmalıdır:
 
“Dağlıq Qarabağ ətrafında Azərbaycanın 7 rayonu işğal altındadır. Bu rayonların qaytarılmasına bütöv halda baxmaq lazımdır. Çox təəssüflər olsun ki, Azərbaycanın bəzi vəzifəli şəxsləri, diplomatik işdə çalışan yüksək vəzifəli məmurları da, öz çıxışlarında bu 5 rayon məsələsini qaldırırlar. Bu, tamamilə yanlış yanaşmadır. Əslində, bu, Azərbaycanın ərazilərinin bir hissəsinin işğal altında qalması ilə razılaşmaq siyasətidir”.
 
1991-1994-cü illərdə Dağlıq Qarabağ ərazisi uğrunda müharibə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin mayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişinə əsasən dayandırılıb./meydantv/
 

Google+ WhatsApp ok.ru