Berlində 50 illik məscidin bağlanılmasına etiraz olundu

Berlin Texniki Universitetində təxminən 50 ildir istifadə edilən məscidin bağlanılmasından sonra tələbələr universitet rəhbərliyinə qarşı etiraz ediblər.
 
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, universitetin qarşısında toplaşan 100-dən artıq tələbə məscidin yenidən açılmasını və cümə namazları üçün idman salonun yenidən ayrılmasını istəyiblər.
 
Universitetdəki 4 müsəlman cəmiyyətdən biri olan Suriyalı Tələbələr Cəmiyyətinin sözçüsü Davud Ənsari Anadolu-ya açıqlamasında, məscidin və cümə namazının qılınması üçün ayrılan idman zalının təxminən 2 ay əvvəl əllərindən alınmasından sonra, universitetin həyətində namaz qılmağa başladıqlarını deyib. Ənsari ancaq universitet rəhbərliyinin buna da mane olduğunu bildirib: "Rəhbərlik keçən həftə tələbələri hədələdi. Tələbələrə camaatla namaz qılacaqları təqdirdə polis tərəfindən həbs ediləcəyini dedi. Bunu plüralist cəmiyyətdə, aydın və tərəfsiz bir universitetdə qəbul edə bilmərik".
 
O, indiyə qədər bu məsələnin qarşılıqlı razılaşma çərçivəsində həll ediləcəyinə ümid etdiklərini deyib. Berlin Texniki Universitetində minlərlə müsəlman tələbənin təhsil aldığına diqqəti çəkən Ənsari belə danışıb: "Namaz qılmağa davam ediləcək. Amma harada və necə bilmirik".
 

Google+ WhatsApp ok.ru