BEŞİNCİ SƏCİYYƏ: “İNFAQ”DA MÖTƏDİLLİK

BEŞİNCİ SƏCİYYƏ: “İNFAQ”DA MÖTƏDİLLİK

Rəhman Allahın həqiqi bəndələrinin beşinci səciyyəsi “infaq”da mötədillikdir. Allah-Taala “Furqan” surəsinin 67-ci ayəsində bu barədə buyurur:

وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا

“(Rəhman Allahın həqiqi bəndələri Allah yolunda) infaq edəndə (xərcləyəndə) nə israfa yol verər, nə də xəsislik edər və ikisinin arasında orta həddi gözləyərlər.”

Bu ayə ilə əlaqədar bir neçə incə mətləb diqqəti özünə cəlb edir:

1. Ayədən başa düşülür ki, ilahi övliyalar və bəndələrin daimi proqramlarından biri də yoxsullara kömək etməkdir. Bu ayədə “infaq”dan yox, “infaqda mötədillik”dən söz açılır.

2. “İnfaq” insanın sahib olduğu ilahi nemətlərə möhtacları şərik etməsinə deyilir. Tərifdə qeyd olunan “sahib olduğu ilahi nemətlər” dedikdə, insanın sahib olduğu hər bir şey aiddir: mal-dövlət, qida məhsulları, elm və bilik, abır-həya, məqam, mövqe və vəzifə. Qurani-Kərimdə buyurulduğu kimi, ruzi verilənlərdən Allah yolunda yoxsullara xərcləmək ilahi bəndələrə xas olan səciyyələrdəndir. (“Bəqərə” və “Ənfal” surəsi, ayə 3; “Həcc” surəsi, ayə 35; “Qəsəs” surəsi, ayə 54; “Səcdə” surəsi, ayə 16; “Fatir” surəsi, ayə 29; “Şura” surəsi, ayə 38.)

3. İnsanın xərclərdə həddi aşmasına “israf”, ilahi nemətləri zay etməsinə isə “təbzir” deyilir. Misal üçün, əgər bir şəxs on nəfəri qonaq çağırıb, onlara on növ yemək hazırladığı halda, bütün yemək növləri yeyilsə belə, o, “israf”a yol vermiş, əgər onlara əlli nəfərlik yemək hazırladığı surətdə onun yarısı istifadə olunmayıb qalanı isə zibilliyə atılarsa, “təbzir”ə yol vermişdir.

Bəzən, “israf” sözü təbzir” mənasını versə də, hər ikisi bir cümlədə qeyd edildikdə, mənaları fərqlənir.

“Təqtir” sözü “dardüşüncəlilik”, “möhkəmlik” və “xəsislik” mənalarını bildirir.

4. “Qəvam” “israf”la “təqtir” arasındakı hala, yəni mötədillik və orta həddə, “qivam” isə orta hədi qoruyan vasitəyə deyilir.

Qeyd edilən mənaya əsasən, infaq həqiqətdə yaradılış aləminə hakim ümumi bir qanundur və bütün məxluqat ona əməl edir və hər biri öz dairəsində xidmətlə məşğuldur. Məsələn, dünyanı işıqlandıran günəş daim infaq halındadır – bütün dünya varlıqları onun nur və istiliyindən bəhrələnir, o isə onlara möhtac deyil və hər gün infaqı nəticəsində çəkisi azalır. Yaşadığımız yer kürəsi də yeraltı və yerüstü xəzinələrini öz sakinlərinə – insanlara, heyvanlara, həşəratlara, quşlara və digər varlıqlara daim infaq etməkdədir.

Heyvanlar da biz insanlara infaq edir – bal arısı şirin balını, südverən heyvanlar dadlı südünü və əti halal olan heyvanlar bütün varlığını insanlara hədiyyə edirlər. Bir sözlə, varlıq aləmində bütün məxluqat “infaq” qanununa tabedir.

İnsan varlıq aləmində yeganə məxluqdur ki, ümumi “infaq” qanunundan üz çevirib paxıllıq və xəsisliyə yol verir. Halbuki o da digər varlıqlar kimi, başqalarını öz imkanlarında şərik etməli, mal-dövlətindən, sərvət, vəzifə, elm və bilik, abır-heysiyyət, bir sözlə, “infaq” qanunu ilə uzlaşmalıdır. Quran ayələrində möhtac və yoxsullara yardımla bağlı ciddi göstərişlər gözə dəyir ki, burada onların bəzilərini qeyd etməklə kifayətlənirik:

1. “Hədid” surəsinin 7-ci ayəsində “infaq”la əlaqəli incə bir ibarə işlənib:

آمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَأَنفِقُوا مِمَّا جَعَلَكُم مُّسْتَخْلَفِينَ فِيهِ فَالَّذِينَ آمَنُوا مِنكُمْ وَأَنفَقُوا لَهُمْ أَجْرٌ كَبِيرٌ

“Allaha və Onun Peyğəmbərinə iman gətirin və sizi üzərində (özünə) canişin etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin. Beləliklə, sizdən iman gətirib (Allah yolunda mallarını) xərcləyənlərin (axirətdə) böyük mükafatı olacaq.”

Bu ayədə iki incə mətləb diqqəti özünə cəlb edir:

a) İnfaqın imandan sonra dərhal qeyd edilməsi onun böyük əhəmiyyətini aşılayır.

b) Ayədə buyurulur ki, ”sizi üzərində özümə canişin etdiyim şeydən (mallardan Allah yolunda) xərcləyin.” Yəni sahib olduğunuz mal-dövlət özünüzün deyil və onun həqiqi maliki Allahdır. Onu bir neçə günlük sizin ixtiyarınıza vermişdir ki, həm özünüz bəhrələnəsiniz, həm də başqalarına kömək edəsiniz. Həqiqi malik Allah, biz isə Onun əmanətdarlarıyıq və bir müddət sonra ölüm bizi haqlayaraq, sahib olduqlarımızdan ayıracaq. Şübhəsiz, Allah yolunda xərclənənlər isə əbədidir. Necə ki, “Nəhl” surəsinin 96-cı ayəsində belə buyurulur:

مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ اللّهِ بَاقٍ

“Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir.”

2. “Ənfal” surəsinin 2-4-cü ayələrində “infaq”ın yüksək məqamı belə təsvir olunur:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ. أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbbinə təvəkkül edərlər. Onlar namaz qılar və (həm maddi, həm də mənəvi) ruzi verdiyimizdən (Allah yolunda) xərcləyərlər. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbbinin yanında dərəcələr, məğfirət, gözəl və bəyənilmiş ruzi vardır.”

Bu ayələrə əsasən, möminlər beş xüsusiyyətə malikdirlər:

1. Allahın adının zəhmindən qorxu hissi;

2. İmanın artımı;

3. Allaha təvəkkül;

4. Namaz qılmaq;

5. Allah yolunda infaq.

Diqqəti cəlb edən odur ki, ayənin əvvəli, sonu bu xüsusiyyətlərə malik olanları mömin adlandırır, onlardan qeyrilərini isə möminlərin zümrəsindən kənar hesab edir. Yəni infaq etməyən və malını Allah yolunda xərcləməyən müsəlman şəxs mömin sayılmır. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkraim Şirazi, səh.122-126.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru